ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli rəssam Bəhruz Kəngərlinin

120 illik yubileyinin keçirilməsi haqqında

 

2012-ci il yanvarın 22-də Azərbaycan realist rəssamlıq məktəbinin banisi, istedadlı fırça ustası Bəhruz Şirəlibəy oğlu Kəngərlinin anadan olmasının 120 illiyi tamam olur.

1892-ci ildə Naxçıvan şəhərində anadan olan Bəhruz Kəngərli qısa ömür yaşasa da zəngin irs yaratmış, Azərbaycan təsviri sənətində realist, portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuşdur. Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edən rəssamın yaradıcılığında “Qaçqınlar” silsiləsinə daxil olan portretlər mövzu aktuallığını, reallığı əks etdirməsinə və psixoloji ifadəliliyinə görə fərqlənir. Bu əsərlər 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsidir. Rəssam didərgin ömrü yaşayan insanların acı taleyini, azərbaycanlıların indiki Ermənistan adlandırılan tarixi torpaqlarından deportasiyasını realist sənətçi müşahidəsi və fırçası ilə əks etdirmiş, bu faciəni gələcək nəsillərə çatdıra bilmişdir.

Bəhruz Kəngərli təbiət təsvirlərini yalnız real və inandırıcı deyil, eyni zamanda qüvvətli daxili hisslərlə də əks etdirirdi. Bu hiss onun vətənə, Azərbaycan təbiətinə sonsuz məhəbbətindən irəli gəlirdi. Rəssamın yüksək bədii sənətkarlıqla yaratdığı əsərlər içərisində Naxçıvanın tarixi abidələri xüsusi əhəmiyyətə malikdir. Onun naturadan çəkdiyi bu əsərlər Azərbaycan incəsənətində nadir nümunələrdir.

Bəhruz Kəngərli incəsənətimizin inkişafı naminə yorulmadan xidmət göstərmiş, öz evində fərdi sərgilər təşkil etmiş, gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər yaratmış, Azərbaycan rəssamlığının inkişafına mühüm töhfələr vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir.

Bu gün Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin irsi xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün qorunub saxlanılır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin 120 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2. “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).



Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 12 yanvar 2012-ci il.

№ 65-04/S

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2012-ci il 12 yanvar

tarixli 65-04/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik

yubileyinin keçirilməsi ilə əlaqədar

TƏDBİRLƏR PLANI

S\s

Tədbirin adı

İcra müddəti

İcraya məsul təşkilatlar

1.

Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi

2012-ci il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

2.

Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin 120 illik yubileyi ilə əlaqədar elmi konfransın keçirilməsi

Yanvar, 2012-ci il

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi

3.

Bəhruz Kəngərlinin əsərlərinin tam külliyatından ibarət albom-kataloqun hazırlanması

Mart, 2012-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

4.

Bəhruz Kəngərli Muzeyinin yeni eksponatlarla zənginləşdirilməsi

Mütəmadi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi

5.

Bəhruz Kəngərlinin 120 illiyi ilə bağlı poçt markasının buraxılması

Mart, 2012-ci il

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6.

Bəhruz Kəngərlinin yaradıcılığı ilə bağlı yeni tədqiqat işlərinin aparılması

Mütəmadi

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti

7.

Bəhruz Kəngərlinin həyatına və yaradıcılığına həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması

2012-ci il

Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələri