İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

İslam Səfərlinin 90 illik

yubileyinin keçirilməsi haqqında

 

2013-cü il fevralın 12-də şair, dramaturq və publisist İslam Əhməd oğlu Səfərlinin anadan olmasının 90 illiyi tamam olur.

1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olan İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf etmişdir. Müharibə mövzusu gənc şairin bu dövr yaradıcılığında mühüm yer tutmuş, vətən torpağının müdafiəsi onun əsərlərində təsirli poetik lövhələrlə verilmişdir.

İkinci Dünya müharibəsi başa çatandan sonra ali təhsilini davam etdirən İslam Səfərli Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, “Şərq qapısı”, “Azərbaycan gəncləri” və “Ədəbiyyat qəzeti”ndə işləmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, ədəbi-dram verilişləri şöbəsinin müdiri olmuş, 1960-1973-cü illərdə isə Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturgiya bölməsində çalışmışdır.

17 yaşında ədəbi yaradıcılığa başlayan İslam Səfərli böyük bir yaradıcılıq yolu keçmiş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. İslam Səfərlinin mükəmməl bədii obrazlılığı ilə seçilən poeziyası bitkin vətənpərvərlik nümunəsidir. Nəğməkar şairin poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. Bu mahnılar bu gün də öz populyarlığını itirməmişdir.

Bir-birindən maraqlı poemalar müəllifi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun pyesləri dəfələrlə Azərbaycan Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuşdur. İslam Səfərlinin müxtəlif vaxtlarda qələmə aldığı şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kino ssenariləri, rus və türk dilli klassiklərin əsərlərindən etdiyi tərcümələr onu öz dövrünün böyük ədibi kimi məşhurlaşdırmışdır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İslam Səfərlinin 90 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2. “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                         VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 18  yanvar  2013-cü il

№ 112-04/S

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2013-cü il ___ yanvar

tarixli 112-04/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

 

İslam Səfərlinin 90 illik

yubileyinin keçirilməsi ilə əlaqədar

TƏDBİRLƏR PLANI

S/№

Tədbirin adı

İcra müddəti

İcraya məsul təşkilatlar

İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar elmi konfransın keçirilməsi

Fevral, 2013-cü il

Naxçıvan Muxtar Respub­likasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi, Bəstəkarlar Təşkilatı

İslam Səfərlinin anadan olmasının 90 illiyi ilə əlaqədar yubiley tədbirinin keçirilməsi

Fevral,

2013-cü il

Naxçıvan Muxtar Respubli­kasının Ali Məclisi

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İslam Səfərlinin “Göz həkimi” pyesinin tamaşaya hazırlanması

Fevral,

2013-cü il

Naxçıvan Muxtar Respub­likasının Mədəniyyət və Turizm Nazirliyi

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin İslam Səfərlinin 90 illik yubileyinə həsr olunması

2013-cü il

AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti

Muxtar respublikanın mədəniy­yət müəssisələrində İslam Səfərlinin əsərlərindən ibarət sərgilərin və oxucu konfrans­larının keçirilməsi

İl ərzində

Naxçıvan Muxtar Respub­likasının Mədəniyyət və Turizm Nazirliyi

İslam Səfərlinin 90 illiyi ilə əlaqədar poçt markasının buraxılması

2013-cü il

Naxçıvan Muxtar Respub­likasının Rabitə və İnformasi­ya Texnologiyaları Nazirliyi

İslam Səfərlinin həyatına və yaradıcılığına həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, ke­çirilən tədbirlərin işıqlandırılması

2013-cü il

Naxçıvan Muxtar Respub­likasının kütləvi informasiya vasitələri