Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində

elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında

Son illər muxtar respublikada telekommunikasiya şəbəkəsinin əhatə dairəsi xeyli genişləndirilmiş və onların 94 faizi optik şəbəkəyə birləşdirilmişdir. Muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, əhalinin, müəssisə və təşkilatların internetdən istifadə imkanları yaxşılaşmışdır.

Optik şəbəkənin genişləndirilməsi digər sahələrdə olduğu kimi, təhsildə də internetdən istifadəyə geniş imkanlar yaratmışdır. Hazırda muxtar respublikada təhsilin informasiyalaşdırılması və müasir texnologiyalarla təmin olunması sahəsində ardıcıl işlər görülür. Muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərinə yeni kompyuter və elektron lövhələr verilmiş, kompyuterlərin 83 faizi internetə qoşulmuşdur.

Muxtar respublikanın yaşayış məntəqələrinin 92 faizində genişzolaqlı, 80 faizində isə simsiz internet xidmətlərinin və eləcə də təhsil müəssisələrində zəruri avadanlıqların mövcudluğu təhsilin internet üzərindən təşkili üçün yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II hissə­sinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada elektron təhsilin tətbiqini genişləndirmək, təhsil müəssisələrində virtual tədris mühiti formalaşdırmaq, tədrisin əyaniliyini və səmərəliliyini daha da artırmaq məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı fənnlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili və elektron təhsil texnologiyalarından səmərəli istifadə üçün zəruri tədbirlər görsün.

 

2

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəsissələrinin rəhbərləri tədrisin səmərəliliyini daha da artırmaq məqsədilə elektron təhsilin tətbiqini nəzarətdə saxlasınlar.

3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə sağlamlıq imkanları məhdud uşaqlar üçün Distant Tədris Mərkəzinin yaradılmasını təmin etsin.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 20 iyun 2014-cü il

№ 211-04/S