NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin
ev muzeyinin yaradılması haqqında
Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi realist ədəbiyyatın inkişafında, məktəb, teatr və mətbuat sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı məktəblər Azərbaycanda təhsilin, əsərləri isə maarifçi düşüncənin və ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Böyük pedaqoq Məhəmməd Tağı Sidqinin maarifçilik hərəkatının inkişafı naminə xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır.
Məhəmməd Tağı Sidqinin həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində yaşadığı evdə muzeyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 17 sentyabr 2014-cü il
№ 239-04/S