Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Muzeylərlə əlaqələrin daha da

gücləndirilməsi haqqında

 

Son illər Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi, fəaliyyətdə olan muzeylərin lazımi avadanlıq və eksponatlarla təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda 30 müxtəlif profilli muzey vardır.

Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bütün bunlar nəzərə alınaraq muzeylərdə açıq dərslər keçirilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv təhsil təşkil olunur. Görülən tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikanın şəhər və rayonlarında muzeylərlə əlaqələrin daha da gücləndirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasında dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilsin.

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri,   19    dekabr 2014-cü il

№ 262-04/S