Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Gülüstan türbəsinin bərpası

və tədqiq olunması haqqında

 

Naxçıvan ərazisi qədim abidələr və maddi-mədəniyyət nümunələri ilə zəngindir. Belə abidələrdən biri də dünya əhəmiyyətli Gülüstan türbəsidir.

Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən türbə on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir. Gülüstan türbəsi böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarıdır.

Gülüstan türbəsində bərpa işlərinə başlanılmışdır. Orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan bu möhtəşəm abidədə bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin                II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Gülüstan türbəsində bərpa işlərinin elmi əsaslarla aparılmasını təmin etsin.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratsın.

3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görsünlər.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 07 oktyabr 2015-ci il

№ 321-04/S