Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Dövlət Universitetinin 50 illik

yubileyinin keçirilməsi haqqında

 

2017-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 50 illiyi tamam olur.

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamış, 1972-ci ildə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmış, 1990-cı ildə isə onun bazasında Naxçıvan Dövlət Universiteti təşkil olunmuşdur. 50 ildə böyük inkişaf yolu keçən universitetin maddi-texniki və tədris bazası yaxşılaşdırılmış, 108 hektar sahədə 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi yaradılmışdır. Bununla yanaşı, universitetdə media mərkəzi də fəaliyyət göstərir.

Azərbaycanda maarifçiliyin və ali təhsil sisteminin inkişafında özünəməxsus rolu olan Naxçıvan Dövlət Universitetində 1967-1968-ci tədris ilində 3 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Universitetdə konservatoriyanın və dissertasiya şurasının fəaliyyət göstərməsi ali təhsillə yanaşı, mədəni və elmi potensialın da inkişafına səbəb olmuşdur.

Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formalaşmasına öz təsirini göstərmiş, fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olmuşdur. Naxçıvan Dövlət Universitetinin məzunları ölkəmizdə milli dövlət quruculuğunun və təsərrüfat həyatının müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verirlər.

Naxçıvan Dövlət Universitetinin muxtar respublikanın ictimai-siyasi, elmi və mədəni həyatında rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi geniş qeyd olunsun.

2. “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 14 yanvar 2017-ci il

№ 96-05/S