“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib

Muxtar respublikada sərhəd xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki xidməti yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.

Yanvarın 14-də sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə bərabər, hərbi hissələrdə zabit və gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən “Naxçıvan” Əlahiddə Sərhəd ­Diviziyasının ərazisindəki yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov yeni ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti yaşayış binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə sərhədçi ailələrini təbrik edərək ­demişdir: Ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilir, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılır. Bununla yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Bütün bunlar da Azərbaycan dövlətinin orduya və zabit ailələrinə göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir.

Ali Məclisin Sədri demişdir: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və zastavalarda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmışdır. Muxtar respublikada sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu gün istifadəyə verilən yaşayış binası sovet dövründə tikildiyi üçün istismar müddətini başa vurmuşdu. Ona görə də binada yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdı. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına yaşayış binasında yenidənqurma işləri aparıldı, sərhədçi ailələri üçün müasir və təhlükəsiz yaşayış şəraiti yaradıldı. Yaradılan bu abadlığı qorumaq, təmizliyə və səliqə-sahmana diqqət yetirmək isə binada yaşayan ailələrin üzərinə düşən vəzifədir.

“Ölkəmizin sərhədlərini qoruyan zabit ailələri üçün yaradılan bu şərait, eyni zamanda Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsidir”, – deyən Ali Məclisin Sədri bir daha sərhədçi ailələrini təbrik etmişdir.

Sərhədçi ailələri adından minnətdarlıq edən Aytən Quliyeva demişdir: Muxtar respublikada aparılan geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Yaşadığımız hərbi şəhərcikdə hərtərəfli şərait yaradılıb. Bu gün müasir mənzillər sərhədçi ailələrinin istifadəsinə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir. Aytən Quliyeva doğum günü münasibətilə bütün sərhədçi ailələri adından Ali Məclisin Sədrinə təbriklərini çatdırmışdır.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, bina zirzəmi  ilə birlikdə 6 mərtəbədən ibarətdir. 65 mənzilli və 6 girişdən ibarət olan binada elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, mənzillərin giriş qapıları və pəncərələri, eləcə də  binanın giriş qapıları və dam örtüyü tamamilə dəyişdirilmiş, izolyasiya qatı verilmiş, pilləkənlər əsaslı təmir olunmuşdur. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadına travertin üzlük çəkilmişdir.

Binanın həyətində də abadlıq işləri aparılmış, yeni park salınmış, uşaq əyləncə qurğuları istifadəyə verilmişdir.

Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki digər yaşayış binasında 2 zabit ailəsi mənzillə təmin olunmuşdur.

Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, üç və dördotaqlı mənzillərin hər ikisində əsaslı təmir işləri aparılmış, lazımi kommunal məişət şəraiti yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti