Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov  Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisinin uğurla başa çatması münasibətilə “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Krönerə təşəkkür etmişdir. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi nəticəsində 500 hektar torpaq sahəsinin su ilə təmin olunduğunu və “Araz” Su Anbarının çirklənməsinin qarşısının alındığını bildirən Ali Məclisin Sədri həmçinin layihənin yerli mütəxəssislərin hazırlanması işindəki  əhəmiyyətini vurğuladı.

“BİOWORKS” şirkəti tərəfindən Şahbuz Təmizləyici Qurğusunun tikintisinin həyata keçirildiyini bildirən Ali Məclisin Sədri əməkdaşlıqdan razılığını ifadə etdi və şirkətin  kollektivinə uğurlar arzuladı.

Peter Kröner fəaliyyətlərinə verdiyi yüksək qiymətə və layihənin icrası zamanı göstərilən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirdi. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin texnoloji quruluşuna görə Avropada ikinci qurğu olduğunu bildirən qonaq Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olduğunu, bu cür layihələrin icrasını və yerli mühəndislərin hazırlığını inkişafın nəticəsi kimi dəyərləndirdi.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti