Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.

Səmimi qəbula görə minnətdarlıq edən George Leuka Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumata malik olduğunu bildirmişdir. Qonaq muxtar respublikaya səfərinin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını və bu sahədə səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən danışmışdır. Naxçıvan Muxtar Respublikası ilə Moldova arasında əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdıran Ali Məclisin Sədri iqtisadi-ticarət, kənd təsərrüfatı, sənaye, turizm və təhsil sahələrində, eləcə də iş adamları arasında qarşılıqlı əlaqələrin inkişafı üçün potensialın olduğunu qeyd etmiş, səfirə fəaliyyətində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti