Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilmişdir

Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri yol təsərrüfatını da əhatə etmişdir. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yeni texnikaların alınması yol tikintisinin əhatə dairəsini xeyli genişləndirmişdir. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası möhkəmləndirilmiş, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün yeni mexanizmlər alınmışdır. Yol infrastrukturu müasirləşdirilərkən diqqətdə saxlanılan əsas məsələlərdən biri də yerli tikinti materialları, xüsusilə də keyfiyyətli asfalt istehsalına nail olmaqdır. Yeni asfalt-beton zavodun istifadəyə verilməsi də məhz bu sahədə görülən işlərin davamıdır. Bəhruz Əsgərov yaradılan şəraitə görə muxtar respublikanın yol təsərrüfatı işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada yeni asfalt-beton zavod kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar bütün sahələrdə inkişafı təmin etmiş, əhalinin yaşayış səviyyəsi yaxşılaşmışdır. Bu gün Azərbaycan tranzit yükdaşımalar və turizm ölkəsinə çevrilmişdir. Bütün bunların əsasında isə hərtərəfli inkişafla yanaşı, həm də müasir yol infrastrukturu dayanır. Rahat və müasir yollar hər bir ölkənin tranzit keçid imkanlarını artırır. Eyni zamanda ölkənin yolları abaddırsa, o ölkəyə gələn qonaqların sayı da çox olur.

Ali Məclisin Sədri demişdir: Ölkəmiz inkişaf etdikcə əhalinin rifah halı da yaxşılaşır. İnsanlar rahat və müasir avtomobillər alır, bütün sahələr üzrə istifadə olunan maşınların sayı artır. Avtomobillərin rahat işləməsi və uzun müddət istismar olunması isə yolların abadlığından asılıdır. Yolların abad olması üçünsə, müasir asfalt zavodları istifadəyə verilməli, keyfiyyətli məhsul istehsal olunmalıdır. Bu gün istifadəyə verilən asfalt-beton zavod kompleksi də müasir tələblər səviyyəsində qurulmuşdur.  Yeni texnologiyalarla təmin olunan və kompüter sistemi ilə idarə olunan zavodda keyfiyyətli asfalt istehsal olunacaqdır.

Ali Məclisin Sədri demişdir: Muxtar respublika ərazisində kifayət qədər daş və qum-çınqıl ehtiyatı vardır. Bu, keyfiyyətli asfalt istehsalında mühüm amildir. Yerli xammal əsasında işləyəcək asfalt-beton zavod muxtar respublikada yol tikintisinə böyük təkan verəcəkdir. Hər il muxtar respublikada 100 kilometrlərlə yeni avtomobil yolları çəkilir. Mərkəzi yollarla yanaşı, muxtar respublikanın şəhər, rayon və kəndlərini birləşdirən avtomobil yolları da yenidən qurulur, keyfiyyətli asfalt örtük salınır. Sentyabrın 15-də Şərur rayonunda Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kənd avtomobil yolu istifadəyə verildi. Hazırda Culfa-Ordubad magistral avtomobil yolu, Babək rayonunun Cəhri-Yuxarı Buzqov və Ordubad rayonunun Dəstə kənd avtomobil yolları yenidən qurulur. Yollarda işlərin keyfiyyətlə aparılması üçün müasir asfalt-beton zavodun qurulmasına ehtiyac yaranmışdı. Çünki əvvəlki illərdə quraşdırılmış zavod öz istismar müddətini başa vurduğundan keyfiyyətli asfalt istehsal olunmurdu. Lakin yeni asfalt-beton zavodun qurulması muxtar respublikada bundan sonra da keyfiyyətli yolların çəkilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri asfalt-beton zavod kompleksinin qurulmasında göstərdikləri köməkliyə görə qardaş Türkiyə Respublikasının “Texno Asfalt” və “Aymak” şirkətlərinin nümayəndələrinə təşəkkürünü bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.

Zavodda işlə təmin olunmuş gənc mütəxəssis Qənbər Əliyev minnətdarlıq edərək demişdir: Muxtar respublikada yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması gənc mütəxəssislərin işlə təminatında mühüm rol oynayır. Bu gün hər birimizin həyatında unudulmaz gündür. Çünki müasir şəraiti olan zavodda işlə təmin olunmuşuq. Fəaliyyətimiz üçün lazımi şərait yaradılıb. Çalışacağıq ki, qarşımıza qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gələk.

Türkiyənin “Texno Asfalt” şirkətinin servis müdiri Osman Şahin və satış müdiri Sultan Şahin əməkdaşlığa, fəaliyyətlərinə verilən qiymətə və göstərilən diqqətə görə minnətdarlıq etmişlər. Sultan Şahin demişdir ki, Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir”. Bu, əlaqələrin inkişafında özünü göstərir. Naxçıvanda yeni asfalt-beton zavodun qurulmasında Türkiyə şirkətlərinin iştirak etməsi də qarşılıqlı əməkdaşlığın nəticəsidir.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Ali Məclisin Sədri idarəetmə otağında zavodu işə salmışdır.

Məlumat verilmişdir ki, 3 hektar sahəni əhatə edən zavodda Almaniya istehsalı avadanlıqlar quraşdırılmışdır. İstehsal müəssisəsi asfalt istehsalı sahəsindən və qum-çınqıl karxanasından ibarətdir. Avtomatik idarə olunan zavodda istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Zavodda enerji sərfiyyatı istehsal olunan asfaltın miqdarına uyğun tənzimlənir və əlavə enerji itkisinə yol verilmir. “Benninghoven” markalı yeni asfalt-beton zavod saatda 240 ton asfalt-beton, ölçüsü 25 millimetrədək olan 5 növdə 210-230 ton fraksiya istehsal etmək gücünə malikdir. Daşqırıcının istehsal gücü saatda 100-110 tondur. Zavodda tutumu 300 ton olan bitum ehtiyatı anbarı yaradılmış, hər birinin tutumu 50 ton olan 6 bitum çəni quraşdırılmışdır. 4 bitum çəninin quraşdırılması və əlavə 200 tonluq anbarın yaradılması istiqamətində isə işlər davam etdirilir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bağlanmış Qrant müqaviləsinə əsasən alınmış Çin istehsalı 1 “DONGFENG” markalı özüboşaldan yük maşını, 1 “XCMGXC-760K” markalı kiçikhəcmli yükləyici və Belarus istehsalı 1 “AMKODOR-342B” markalı irihəcmli yükləyici Naxçıvan Muxtar Respublikasının Avtomobil Yolları Dövlət Agentliyinə verilmişdir.

Ali Məclisin Sədri texnikaların açarlarını təqdim etmişdir.

Zavodun həyətində ehtiyat hissələri üçün anbar və yardımçı bina tikilib, avtomobil dayanacağı istifadəyə verilib. Yardımçı binada mətbəx-yeməkxana, çilingər və digər xidməti otaqlar vardır.

Zavodun kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir:  Burada rahat və sağlam  iş şəraiti yaradılmışdır. Kollektiv yeni avadanlıqlardan istifadə qaydalarını öyrənməli, onlara vaxtında texniki qulluq göstərməli və keyfiyyətli məhsul istehsalına nail olmalıdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti