Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiya Federasiyasının iqtisadi inkişaf naziri ilə görüşüb

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

Ali Məclisin Sədri qonağı ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Muxtar respublika haqqında ətraflı məlumat verən Ali Məclisin Sədri Naxçıvan şəhərində rusdilli məktəbin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində rus dili ixtisasının, ümumtəhsil məktəblərində isə rus dili fənninin tədris olunduğunu qeyd etmişdir. Ali Məclisin Sədri təhsil və turizm sahəsindəki əlaqələrdən bəhs etmiş, əməkdaşlıq imkanlarını diqqətə çatdırmışdır.

Naxçıvanda olmaqdan məmnunluğunu bildirən Maksim Oreşkin göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə diqqəti çəkən qonaq Naxçıvan Muxtar Respublikasının inkişafını əməkdaşlıqda vacib amil kimi dəyərləndirmişdir.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti