Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Əhalinin etibarlı ərzaq təminatında taxılçılıq mühüm yer tutur. Bu sahənin dövlət tərəfindən dəstəklənməsi, texnika, gübrə və toxum təminatı, eləcə də mütərəqqi suvarma sistemlərinin qurulması məhsul istehsalının artmasına səbəb olmuşdur. Hazırda muxtar respublikada payızlıq taxıl əkini aparılır.

Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrinə gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, muxtar respublikada payızlıq taxıl əkini zamanı aqrotexniki qaydalara əməl olunur, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görülür. Toxumun dərmanlanması bu işdə xüsusi əhəmiyyətə malikdir. Torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı məhsuldar toxumlarla təmin edilməsi sahəsində tədbirlər görülmüş və tələbata uyğun toxum ehtiyatı yaradılmışdır.

“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl sahələrində muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış, şaxtaya, zərərvericilərə və xəstəliklərə qarşı davamlı olan "Qobustan", "Quality" və "Qılçıqsız" toxum sortları əkilir. Cücərmə qabiliyyəti 92-95 faiz olan toxum sortları Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq laboratoriyasında analiz olunmuşdur. Bu günə kimi 303 hektar sahədə səpin aparılıb. Hər hektara torpağın strukturuna uyğun 100 kiloqram zənginləşdirilmiş qarışıq gübrə səpilir. Bu da cücərmədə və bitkinin vegetasiya dövründə inkişafı üçün mühüm rol oynayır.

Müasir texnika və texnoloji avadanlıqlarla təmin olunmuş “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələri 2 min hektardır. Ərazinin 818 hektarında qapalı suvarma şəbəkəsi qurulmuşdur. Hazırda 661 hektar sahədə qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir.

Ali Məclisin Sədri torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsinin vacibliyini bildirmiş, muxtar respublikada dəmyə taxıl əkininin genişləndirilməsi, növbəli əkinə üstünlük verilməsi, ərazidə qoruyucu yonca əkininin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə müvafiq tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti