Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirmiş, döyüş qabiliyyətini artırmışdır. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir.

Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə ­verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Sonra Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də gündəlik texniki xidmət məntəqələri yaradılmışdır. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı üçün lazımi şərait vardır. Texniki nəzarət məntəqəsində təlimat sinfi, növbətçi, həkim və digər xidməti otaqlar istifadəyə verilmişdir. Qarovul evində də xidmətin təşkili üçün hərtərəfli şərait yaradılmışdır.

Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqlarla təchiz edilmiş texniki qulluq və təmir məntəqəsində artilleriya silahlarının, rabitə vasitələrinin, akkumulyator batareyalarının təmiri və doldurulması, o cümlədən texnikaların təmiri emalatxanaları, ehtiyat hissələr anbarı və çay evi istifadəyə verilmişdir.

Ali Məclisin Sədri hərbi hissədə nümunəvi xidmət şəraitinin yaradıldığını bildirmiş, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti