Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında


Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı sahəsində mühüm tədbirlər görülür. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, keyfiyyətli və rəqabətədavamlı turizm infrastrukturunun yaradılması üçün geniş imkanlar açmışdır.

Əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Ağbulaq kəndi kənd turizmi üçün əlverişli şəraitə malik olduğuna görə burada mühüm tədbirlər həyata keçirilmişdir. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırmış, Ağbulaq İstirahət Mərkəzi yaradılmışdır. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülmüş, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilmişdir.

Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər    2018-ci ildə də davam etdirilmiş, kənddəki evlər yenidən qurulmuş, dam örtükləri və fasadlar yenilənmiş, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılmış, təsərrüfat binaları tikilmişdir. Bundan əlavə kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görsün.

3. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində  təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                  VASİF TALIBOV

Naxçıvan şəhəri, 29 noyabr 2018-ci il