Şahbuz şəhərində yeni Aviakassa tikilmişdir

Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulmuşdur. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir.

Yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək demişdir ki, Naxçıvan Beynəlxalq Hava Limanında böyük quruculuq işləri aparılmış, uçuşların təhlükəsizliyi təmin olunmuş, mövcud xidmət potensialı daha da artmışdır. Hava limanında sərnişin və yükdaşımaları müasir səviyyəyə çatdırılmışdır. Müasir memarlıq üslubunda tikilən Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə mülki aviasiya işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Müstəqil Azərbaycanda hava nəqliyyatının inkişafı və hava daşımaların müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlər görülür. Bu işlərin tərkib hissəsi kimi Naxçıvan Beynəlxalq Hava Limanı da yenidən qurulmuşdur. Ötən dövrdə muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində görülən işlər davam etdirilmiş, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında aviakassalar tikilmişdir. Bu gün isə Şahbuz rayonunda müasir Aviakassa istifadəyə verilir. Şahbuz şəhərinin arxitekturasına xüsusi yaraşıq verən Aviakassada 9 yeni iş yeri yaradılmışdır.

Ali Məclisin Sədri demişdir: Həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafının göstəricisidir. Çünki hər bir ölkənin ümumi inkişafı yalnız bir sahədə deyil, bütün sahələrdə inkişaf təmin olunduğu zaman mümkün olur. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti bütün sahələrin inkişafını diqqətdə saxlayır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının beynəlxalq səviyyədə qurulması bunu bir daha təsdiq edir. Muxtar respublikada hava daşımalarının daha etibarlı təşkili sahəsində görülən işlərin davamı olaraq hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağı tikilir.

Ali Məclisin Sədri demişdir: Əhalinin rifah halı yaxşılaşır, insanlar ölkəmizin və  dünyanın müxtəlif yerlərinə səyahət edirlər. Şahbuz şəhərində yeni Aviakassanın istifadəyə verilməsi də insanların səyahətlərinin rahat təşkilinə hesablanmışdır. 25 mindən çox rayon sakini vaxt itkisinə yol vermədən öz yaşadığı ərazidən həm ölkəmizin, həm də dünyanın istənilən yerinə səyahət etmək üçün bilet ala biləcəklər.

Ali Məclisin Sədri Aviakassanın qurulmasında əməyi olanlara təşəkkür etmiş, xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar vermişdir.

Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət Aviakassa binasının birinci mərtəbəsində gözləmə zalı, kassa, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü yerləşir. İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx istifadəyə verilmişdir. Binaya sürətli internet xətti çəkilmiş, kompüter dəstləri və POS-terminal, təhlükəsizlik kameraları və sensorlu növbə kartı verən xüsusi avadanlıq quraşdırılmışdır. Sərnişinlər təyyarə reysləri və boş yerlər haqqında əvvəlcədən məlumat əldə edə biləcəklər.

Aviakassa fərdi istilik və mərkəzi soyutma sistemləri ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.


Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir

Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olmuşdur. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə etmiş, mədəniyyət kollektivlərinin fəaliyyəti  üçün geniş imkanlar açmışdır.

Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda mədəniyyətin inkişafı təmin edilmişdir. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi, elmi konfransların keçirilməsi, görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı verilən fərman və sərəncamlar mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şahbuz Rayon Mədəniyyət Sarayı üçün yeni binanın inşası da mədəniyyətə göstərilən böyük qayğının bariz nümunəsidir. Natəvan Qədimova mədəniyyətə və incəsənətə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət işçiləri  adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmiş, yaradılan şəraitə və göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək demişdir: Şahbuz Rayon Mədəniyyət Şöbəsi 1936-cı ildə yaradılmışdır. Bu gün istifadəyə verilən Şahbuz Rayon Mədəniyyət Sarayında şöbənin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Mədəniyyət Sarayında rayon Mədəniyyət Şöbəsinin, Mədəniyyət Sarayının və Xalq teatrının fəaliyyəti təmin edilmişdir. Hazırda Şahbuz rayonunun mədəniyyət müəssisələrində 4 dram dərnəyi, 4 yallı və folklor qrupları fəaliyyət göstərir. Yaradılan şərait imkan verəcəkdir ki, kollektivlər ölkəmizin mədəni inkişafına öz töhfələrini versinlər.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın mədəniyyəti onu yüksəldir, dünyada tanıdır, mənəviyyatını zənginləşdirir” fikirlərini xatırladaraq demişdir:  Bu gün ulu öndərin tövsiyələri ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilir. Mədəniyyət sahəsində çalışanlara dövlət təqaüdlərinin və mükafatlarının verilməsi, onların təltif olunması, əməkhaqlarının artırılması, mədəniyyət saraylarının və evlərinin, klubların, kitabxanaların tikilib istifadəyə verilməsi ölkəmizin mədəni inkişafının göstəricisidir.

Ali Məclisin Sədri demişdir: Mədəni inkişaf olmadan ölkənin ümumi inkişafını təmin etmək mümkün deyil. Xalqın mədəni inkişafı onun əsas inkişaf göstəricisidir. Ona görə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı sahəsində lazımi tədbirlər görülür. Mədəniyyət sarayları tikilir, klublar, mədəniyyət evləri və kitabxanalar istifadəyə verilir, xalq yaradıcılığı günləri keçirilir. Şahbuz rayonunda fəaliyyət göstərən dərnəklər, folklor və yallı qrupları üçün lazımi şəraitin yaradılması imkan verəcək ki, mədəniyyət kollektivləri öz repertuarlarını zənginləşdirsinlər, konsertlər hazırlayaraq rayon ictimaiyyətinə təqdim etsinlər. Həmçinin muxtar respublikada fəaliyyət göstərən mədəniyyət kollektivləri burada konsertlər və tamaşalar hazırlayacaqlar. Bir sözlə, Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi mədəniyyətimizin qorunub gələcək nəsillərə çatdırılmasına və daha da zənginləşdirilməsinə xidmət edəcəkdir.

Ali Məclisin Sədri demişdir: Bu gün dünyada gedən qloballaşma prosesləri zəruri edir ki, hər bir xalq öz mədəniyyətini qorusun və təbliğ etsin. Çünki xalqın səviyyəsini həm də onun malik olduğu zəngin mədəniyyət təsdiq edir. Mədəniyyət Sarayında yaradılan şərait də imkan verəcəkdir ki, xalqımızın qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu göstərə bilək, onları qoruyub gələcək nəsillərə çatdıraq.

Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə rayonda müxtəlif mədəni tədbirlərin hazırlanıb həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, binada rayon Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Şahbuz Rayon Xalq Teatrı üçün müasir iş şəraiti yaradılmışdır. Binanın birinci mərtəbəsində proyektorla təmin edilmiş 224 yerlik tamaşa zalı, dekorasiya otağı, 4 qrim otağı, paltarsaxlama və texniki işçilər üçün otaqlar yerləşir. İkinci mərtəbədə Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Rayon Xalq teatrı üçün iş, məşq və idarəetmə otaqları vardır. Mədəniyyət Sarayında dram, yallı, bədii qiraət və toxuculuq dərnəkləri, “Batabat” instrumental ansamblı fəaliyyət göstərir. Saraya 2 kompüter və 1 fortepiano verilib.

Tamaşa zalında “Batabat” instrumental ansamblının, muğam üçlüyünün, saz ansamblının və yallı kollektivinin çıxışı olmuşdur.

Ali Məclisin Sədri ifaçılarla görüşmüş, uğurlu çıxışlara görə onları təbrik edərək demişdir: Müasir tələblərə cavab verən Mədəniyyət Sarayı Şahbuz rayonunun mədəni həyatında dönüş yaradacaqdır. Rayondakı mədəniyyət kollektivləri, musiqi məktəbləri, yallı qrupları, dram dərnəkləri Mədəniyyət Sarayının imkanlarından səmərəli istifadə etməli, tədbirlər keçirilməli, qurulanlar qorunmalıdır. Təqdim olunan nömrələr bir daha göstərdi ki, kollektivin davamçıları yetişir. Şahbuz rayonunda doğulmuş, lakin Naxçıvan və Bakı şəhərlərində yaşayan musiqiçilər, ifaçılar da dəvət olunmalı, onların Mədəniyyət Sarayında konsertləri keçirilməlidir.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Sarayda fərdi qazanxana və soyutma sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.


Şahbuz Rayon Dövlət Arxivi üçün hərtərəfli iş şəraiti yaradılıb

Muxtar respublikamızda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Şahbuz Rayon Dövlət Arxivi üçün iş otağı və fond istifadəyə verilmiş, kompüter qoyulmuşdur. Fondda havalandırma sistemi quraşdırılmışdır. Sənədlər ayrı-ayrı rəflərdə cəmləşdirilmiş, onların təsnifatı və arxiv fondu daxilində qruplaşdırılması işləri aparılmışdır.

Ali Məclisin Sədri arxiv sənədlərindən düzgün istifadə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti