Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlamış, ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulamışdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri bunun tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında tütünçülük, əczaçılıq və iqtisadi-ticarət sahəsində əlaqələrin olduğunu diqqətə çatdırmışdır.

Ali Məclisin Sədri  təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirmiş, səfərin uğurlu keçəcəyinə əminliyini ifadə etmişdir.

Bavitlunq Vanlalvavna Naxçıvan Muxtar Respublikasına səfərə mühüm əhəmiyyət verdiklərini bildirmiş, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə minnətdarlıq etmişdir. Əlaqələrin inkişafından danışan səfir Naxçıvan Muxtar Respublikası ilə təhsil sahəsində əməkdaşlıq üçün hazır olduqlarını qeyd etmiş və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti