Sədərək rayonunda Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir

İyulun 2-də Sədərək rayonunun Heydər­abad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə dövlət proqramları qəbul edilərək icra olunur. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaratmışdır. Xüsusilə yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində ­görülən işlər öz nəticəsini vermişdir. Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilmişdir. Mais Əliyev göstərilən qayğıya görə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarına söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda ölkə əhəmiyyətli sahənin – Su Monitorinq Laboratoriyasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Su Monitorinq Laboratoriyasının istifadəyə verilməsi ölkəmiz və muxtar respublikamız üçün əhəmiyyətli və vacibdir. Ona görə ki, muxtar respublika qanunların işləmədiyi işğalçı ölkə ilə sərhəddə yerləşir. İşğalçı ölkədə istismar müddəti başa çatmış Atom Elektrik Stansiyasının fəaliyyət göstərməsi bölgə üçün risk yaradır. Naxçıvan Muxtar Respublikasının sərhədləri daxilində su mühitinə nəzarət olunur, müvafiq təhlükəsizlik tədbirləri görülür. Lakin mənbəyi muxtar respublikada yerləşməyən çayların monitorinqini aparmaq və su mühitini nəzarətdə saxlamaq üçün yeni laboratoriyanın yaradılmasına ehtiyac var idi.

Ali Məclisin Sədri demişdir: Laboratoriyanın yaradılmasında məqsəd muxtar respublikanın su mənbələrinin çirklənməsinin qarşısının alınmasından, eləcə də sularda yaşayan canlıları qorumaqdan ibarətdir. Müasir laboratoriyanın qurulması muxtar respublikanın sərhədləri daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verəcəkdir. Su monitorinqlərindən sonra analizlərin cavabı bu sahə ilə məşğul olan beynəlxalq təşkilatlara göndəriləcəkdir. İşğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə alındıqda isə dərhal beynəlxalq təşkilatlar məlumatlandırılacaqdır. Ölkə əhəmiyyətli Su Monitorinq Laboratoriyası dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilmişdir. Laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda yerləşməsi həm də müşahidə olunacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verəcəkdir. Ona görə də işə məsuliyyətlə yanaşılmalı, analizlər dəqiq aparılmalı, nəticələrə uyğun olaraq müvafiq tədbirlər görülməlidir.

Ali Məclisin Sədri laboratoriyada monitorinqlərin vaxtında və düzgün aparılacağına əminliyini bildirmiş, əməkdaşlara uğurlar arzulamışdır.

Sonra açılışı bildirən lent kəsilmişdir. Bildirilmişdir ki, binada analiz və nümunələrin hazırlanması otaqları istifadəyə verilmişdir. Yeraltı və yerüstü suların müxtəlif təyinatlar üzrə analizlərinin aparılması üçün laboratoriya müasir avadanlıqlarla təchiz edilmişdir. Laboratoriyada suyun radioaktiv çirklənməsini, suda olan ağır metalları, suyun codluğunu, duzluluğunu, elektrik keçiriciliyini, tərkibində turşuların və qələvilərin miqdarını, suda həll olmuş oksigeni təyin etmək mümkündür. Həmçinin laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən “TRİ CARB” cihazı quraşdırılmışdır. Yaradılan şərait muxtar respublikada su mühitinin yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verəcəkdir.

Laboratoriya avtomobillə təchiz olunmuş, binanın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır.

Ali Məclisin Sədri Su Monitorinq Laboratoriyasının imkanlarından səmərəli istifadə olunması, mütəxəssis hazırlığının diqqətdə saxlanılması, Səhiyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərilməsi, ayda bir dəfə monitorinq nəticələri barədə məlumatların hazırlanması və mətbuata verilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti