Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, –  deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir.

Noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Noyabrın 8-də Şərur rayonunun Yeni Havuş və Xətai kənd tam orta məktəbi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 120 şagird yerlik məktəbdə 14 sinif otağı, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqlarla təchiz edilmiş kimya-biologiya və fizika laboratoriyaları, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə internetə çıxışı təmin edilmiş 11 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Kitabxanada 787 dərslik və 3309 bədii ədəbiyyat olmaqla, 4096 kitab vardır ki, bu şagirdlər üçün geniş mütaliə imkanı yaradır.

Ali Məclisin Sədri şagirdlərin mütaliəyə cəlbi, eləcə də yubileyləri qeyd olunan görkəmli şəxsiyyətlərlə bağlı tədbirlərin keçirilməsi barədə tapşırıqlar vermişdir.

İdman zalında dərslərlə yanaşı, məktəbdaxili yarışların keçirilməsi üçün də lazımi şərait vardır. Hərbi kabinə isə şagirdlərin vətənpərvərlik tərbiyəsinin və hərb sənətinə maraqlarının artırılmasında mühüm rol oynayacaqdır.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otağının istifadəyə verilməsi bu sahəyə marağı artıracaqdır.

2019-2020-ci tədris ilində məktəbin birinci sinfinə 15 şagird qəbul olunmuşdur.

Məktəbin müəllimləri Vaqif Həsənov və Musa Əzizov tədris üçün geniş imkanların yaradıldığını, əlaçı şagirdlərin sayının çox olduğunu və gələcəkdə nailiyyətləri daha da artıracaqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Dövlət Bayrağı Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsdə 9 Noyabr – Dövlət Bayrağı Günü və muzeyin fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verilmişdir.

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür.

Yeni Havuş kənd tam orta məktəbinin direktoru Məmməd Hüseynov çıxış edərək demişdir: Muxtar respublikamızda hər il yeni məktəblər tikilir, ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur. Sevinirik ki, yaradılan şəraitdən Yeni Havuş kəndinə də pay düşmüşdür. Bu gün müəllim və şagirdlərimizin istifadəsinə verilən məktəb də müasir maddi-texniki bazaya malikdir. Məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanması məsuliyyətimizi artırır. Məmməd Hüseynov təhsilə göstərilən hərtərəfli qayğıya və müasir maddi-texniki bazaya malik məktəb binasının istifadəyə verilməsinə görə müəllim və şagird kollektivi, həmçinin valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Məktəbin müəllimi Afət Mahmudova çıxış edərək demişdir: “Muxtar respublikamızda digər sahələr kimi təhsil də inkişaf dövrünü yaşayır. Məktəbimiz şəhər və rayon mərkəzlərində olan məktəblərdən heç də geri qalmır. Bir vaxtlar lövhədə yazmaq üçün təbaşir tapa bilmirdik. Lakin indi məktəbimizdə dərsləri elektron lövhə vasitəsilə tədris edirik. Bu da tədrisin keyfiyyətini artırır, şagirdlərin daha da bilikli və dünyagörüşlü formalaşmasına imkan yaradır. Söz veririk ki, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi  əsirgəməyəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Yeni Havuş kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı təhsili inkişaf edən ölkələr sırasına çıxarmışdır. Artıq Azərbaycanda savadsızlıq səviyyəsi çox aşağıdır. Ölkəmizdə hər bir yaşayış məntəqəsini əhatə edən məktəblər istifadəyə verilmiş, bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmışdır. Çünki təhsil sahəsində həyata keçirilən tədbirlər ölkəmizin inkişafına xidmət edir. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclər ölkəmizin inkişafında yaxından iştirak edirlər.

Ali Məclisin Sədri demişdir: Gələcəyimiz olan gənclər məktəblərdə hazırlanır. Ona görə də müasir tədris şəraiti olan məktəblərin istifadəyə verilməsi qarşıda duran əsas vəzifədir. Yeni Havuş kənd tam orta məktəbində yaradılan şərait də gənclərin hərtərəfli hazırlanmasına hesablanmışdır. Vaxtilə məktəbdə lazımi tədris şəraitinin olmaması həm müəllimlər tərəfindən dərslərin tədrisində, həm də şagirdlərin təhsil almasında çətinliklər yaradırdı. Lakin bu gün məktəbdəki şərait imkan verir ki, müəllimlər dərsləri hərtərəfli tədris etsinlər, şagirdlər bilikləri qavrama yolu ilə öyrənsinlər.

“Məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir”, –  deyən Ali Məclisin Sədri bildirmişdir ki, dövlətimiz tərəfindən təhsilin inkişafına qayğı göstərilir, müəllim əməyinə yüksək qiymət verilir, onların əməkhaqları artırılır. Muxtar respublikada da bu tədbirlər uğurla həyata keçirilir. Gənclər istər ümumtəhsil, istərsə də peşə, orta ixtisas və ali məktəblərdə hərtərəfli təhsil ala bilirlər. Hazırda muxtar respublikanın peşə, orta ixtisas və ali təhsil müəssisələrində 150-yə yaxın ixtisas üzrə kadr hazırlığı aparılır, təhsilli və peşə sahibi olan gənclərimiz ölkəmizin inkişafında yaxından iştirak edirlər.

Ali Məclisin Sədri demişdir: Məktəb hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, təhsilin səviyyəsi yüksəldilməli, məktəbin nailiyyətləri daha da artırılmalıdır.

Binanın həyətində bufet tikilmiş, açıq idman qurğuları və fərdi qazanxana quraşdırılmış, abadlıq işləri aparılmışdır.

 

Yeni kənd mərkəzi istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

 

 

Noyabrın 8-də Yeni Havuş və Xətai kəndlərini əhatə edən yeni kənd mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada 3207 kitab toplanmış, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 116 üzvü vardır. Onlardan 18-i gənc, 41-i qadındır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Günel Vəliyeva minnətdarlıq edərək demişdir ki, kəndin inkişafı sakinləri sevindirir. Çünki dövlətimiz bu tədbirləri kənd əhalisinin rahat yaşayışı üçün görmüşdür. Fəxr edirik ki, bütün bunlar Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilib. İnsanlar dövlətimizin siyasi xəttinə dəstək verir. Üzvlərin sayı ilbəil artır.

 

 

 

 

 

 

 

 

 

 

Rabitə evində 192 yerlik yeni nəsil ATS qurulmuşdur. Kənddə 81 telefon və 30-a yaxın internet istifadəçisi vardır.

Feldşer-mama məntəqəsində əhaliyə nümunəvi səhiyyə xidməti göstəriləcəkdir. Məntəqə üçün 4 iş otağı ayrılmış, ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, soyuducu və tibbi ləvazimatlar qoyulmuşdur.

Tibb bacısı Tükəzban Musayevə demişdir: “25 ildir, feldşer-mama məntəqəsində çalışıram. Bu günə qədər şəraiti olmayan uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. Lakin yaradılan müasir iş şəraiti göstərilən tibbi xidmətin də səviyyəsini yüksəldəcəkdir. Sakinlər və tibb işçiləri adından minnətdarlıq edir, daha səylə çalışacağımıza söz veririk”.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

 

Müasir kənd yolları inkişafın göstəricisidir

 

 

 

 

 

 

 

 

 

 

Noyabrın 8-də Yeni Havuş-Xətai kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, 7 kilometrlik yola asfalt örtük salınmış, 1500 metr uzunluğunda kənddaxili yollar hamarlanaraq qum-çınqıl qatı verilmişdir. Tikinti işləri aparılarkən yolun üzərində 78 su keçidi qoyulmuş, 750 metr beton su kanalı çəkilmiş, 5 selötürücü mənfəz, 2 yeni körpü tikilmişdir.

 

Xidmət mərkəzində lazımi şərait yaradılıb

Həmin gün yeni xidmət mərkəzinin də açılışı olmuşdur.

Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş 60 adda məhsul satışa çıxarılmışdır.

Mağaza sahibi Coşqun Eyvazov minnətdarlıq edərək demişdir: Hər iki kəndin çətin günləri olmuşdur. Lakin muxtar respublikanın inkişafı, aparılan quruculuq işləri nəticəsində hazırda qayğısız yaşayırıq. Kəndimizdə iş sahibinə çevrilmişik. Bu, dövlətin vətəndaşına verdiyi dəyərin ifadəsidir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Aparılan quruculuq işlərindən sonra Yeni Havuş və Xətai müasir Azərbaycan kəndlərinə çevrilmişdir. Kənddə sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılmışdır. Sabah ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaqdır. 1990-cı il noyabrın 17-də Azərbaycanın üçrəngli bayrağı ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılmış və Azərbaycan Respublikasının Ali Sovetinə dövlət bayrağı kimi qəbul olunması tövsiyə olunmuşdur.

Ali Məclisin Sədri əlamətdar gün və aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Ölkəmizin bügunkü inkişafının əsası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən etibarən ümummilli liderin rəhbərliyi ilə Azərbaycanda inkişafa kəndlərdən, sərhəd rayonlarından başlanılmışdır. Qısa müddətdə Azərbaycan keçmiş Sovetlər Birliyi ölkələri içərisində inkişaf etmiş respublikaya çevrilmişdir. O dövrdə ulu öndərin həyata keçirdiyi tədbirlərin davamı olaraq Azərbaycan müstəqillik illərində də hərtərəfli inkişaf etmişdir. Hazırda ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Yeni Havuş və Xətai kəndlərində də inkişafa səbəb olmuşdur. Kəndlərdə təsərrüfatların genişləndirilməsi, maldarlıq, heyvandarlıq, arıçılıq meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar vardır. Torpaqların su təminatının yaxşılaşdırılması, istehsal olunan məhsulların bazarda satışının təşkil edilməsi bu sahəyə marağı artırmışdır. Eyni zamanda kəndlərin yolları, rabitə, qaz, elektrik xətləri yenidən qurulmuş, poçt xidməti yaradılmış, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi təmin edilmiş, müasir tədrisin tələblərinə cavab verən məktəb istifadəyə verilmişdir. Əhalinin tələbatının ödənilməsi üçün xidmət mərkəzi, dövlət qurumlarının səmərəli fəaliyyəti üçün kənd mərkəzi tikilmişdir.

Ali Məclisin Sədri əminliyini bildirmişdir ki, yaradılan şəraitdən səmərəli istifadə olunacaq, qurulanlar qorunub saxlanılacaqdır.

Kənd ağsaqqalı Məmməd Məmmədov minnətdarlıq edərək demişdir: “Muxtar respublikanın hər yerində olduğu kimi, bizim kəndimizdə də böyük quruculuq işləri aparılıb. Bu işlər ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Yeni məktəb binaları gənc nəslin elmli, savadlı və dünyagörüşlü formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzinin, yolun istifadəyə verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Əvvəlcə bizim yollarımız çox pis vəziyyətdə idi.  Rayona gedib-gəlmək çətin idi. Kənd sakinləri çox əziyyət çəkirdi. İndi isə yollarımız abadlaşmış,  asfalt örtük salınmışdır. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi almışdır. Kəndimizin sakinləri maldarlıqla, əkinçiliklə və arıçılıqla məşğul olurlar. Əldə etdikləri məhsulları həm bazara, həm də keçirilən festival və yarmarkalara çıxararaq yaxşı qazanc əldə edirlər. Söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı  əkib-becərib kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcəyik”.

* * *

Yeni Havuş və Xətai kəndlərində abadlıq işləri də aparılmış, 4954 metr fiber-optik, 8050 metr rabitə xətləri, 1200 metr izolyasiyalı hava elektrik xətti çəkilmiş, kəndlərdəki transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. 4747 poqonmetr qaz xəttində isə yerdəyişmə və təmir-bərpa işləri görülmüşdür. Həmçinin Xətai kəndinin içməli su xətti təmir olunmuş, yeni subartezian quyusu qazılmışdır.

 

 

 

 

 

 

Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su şəbəkələri qurularaq istifadəyə verilir.

Noyabrın 8-də Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Məlumat verilmişdir ki, Zeyvə və Düdəngə kəndlərinin içməli su şəbəkəsinin tikintisinə “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2019-cu ilin fevral ayında başlanılmışdır. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə ötürülür. Layihəyə uyğun olaraq ərazidə müxtəlifdiametrli borularla 64 kilometr içməli su xətti çəkilmişdir. Hər iki kənddə 1100 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılmış, su şəbəkəsi üzərində 5 yanğın hidrantı, həmçinin qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlifdiametrli 68 siyirtmə və 4 suboşaldıcı qoyulmuşdur. Bununla da Zeyvə və Düdəngə kəndlərinin sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşlar.

Sonra sakinlərlə görüş olmuşdur.

Ali Məclisin Sədri çıxış edərək demişdir: Bu gün muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su sistemləri qurularaq istifadəyə verilir. Çünki su təmizlikdir, sağlamlıqdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika əhalisinin 50 faizə yaxını tam standartlara uyğun içməli su ilə təmin olunur. Görülən işlərin tərkib hissəsi kimi Şərur rayonunda da içməli su sistemləri yenidən qurulur. Ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev tərəfindən Arpaçay su anbarının tikilməsi bu gün Şərur rayonunun həm suvarma, həm də içməli su təminatının ödənilməsində mühüm rol oynayır.

Ali Məclisin Sədri Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Yaşayış məntəqələrində müasir içməli su sistemlərinin qurulması ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Artıq Şərur şəhəri də daxil olmaqla muxtar respublikanın rayon mərkəzləri, eləcə də Naxçıvan şəhəri içməli su və kanalizasiya sistemləri ilə təmin olunmuşdur. Bununla yanaşı, şəhər və rayon mərkəzlərinə yaxın kəndlərdə də içməli su sistemləri qurulur. Şərur şəhərinə yaxın ərazidə yerləşdikləri üçün Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulmuşdur.

Ali Məclisin Sədri demişdir: Su hər bir evə lazımdır. Çünki dayanıqlı və keyfiyyətli su təminatı insanların rahatlığına xidmət edir. Əvvəllər Zeyvə və Düdəngə kəndlərində içməli su təminatı tam ödənilmirdi. Lakin bu gün hər iki kənddə yaşayan 7300 nəfər əhali evlərində tam standartlara uyğun içməli su ilə təmin olunur. Tarixən insanlar suyun olduğu ərazilərdə məskunlaşıblar. Bu mənada, içməli su təminatının yaxşılaşdırılması kəndlərdə məskunlaşmanın da artmasına səbəb olacaqdır. Gələcəkdə kəndlərdə tikiləcək yeni evlər də içməli su ilə təmin olunacaqdır. Bütün bunlar dövlətin vətəndaşlarına göstərdiyi qayğının və verdiyi dəyərin daha bir ifadəsidir.

Zeyvə kənd ağsaqqalı Məhərrəm Rəhimov Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir: Sizin bu kəndə hər gəlişiniz sakinlər üçün yeni bir bayramdır. Bir neçə il bundan əvvəl Zeyvə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qaz və elektrik xətləri yenilənmiş, geniş asfalt yol salınmışdır. Hər səhər evdən çıxanda bu gözəl mənzərələrlə qarşılaşmaq adama zövq verir. Bu gözəlliyi görməmək günah olar. Bizim kənd sakinlərinin ancaq bir problemi var idi. Bu da içməli suyun olmaması idi. 70 illik Sovetlər Birliyi dövründə bu kəndlərə su çəkilmədi. İnsanlar gündəlik su tələbatlarını ödəmək üçün çox vaxt sərf edirdilər. Lakin Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi xoş halımıza ki, kəndimiz 24 saat ərzində davamlı və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Göstərdiyiniz diqqət və qayğıya, yaratdığınız şəraitə görə ziyalı bir kənd ağsaqqalı kimi sakinlər adından minnətdarlığımızı bildiririk”.

Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salmış, muxtar respublikanın yaşayış məntəqələrində içməli su sistemlərinin qurulması sahəsində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirmiş, Şərur rayonunun Cəlilkəndində də yeni içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti