Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ­Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış, onu səfir təyin olunması münasibətilə təbrik etmişdir.

Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə ­çatdırmışdır. Qeyd olunmuşdur ki, muxtar respublika özünü əsas ərzaq və sənaye məhsulları ilə təmin edir və ixrac imkanlarına malikdir.

Səfir Serjan Abdıkarimov səmimi görüşə görə minnətdarlıq etmişdir. Azərbaycanda diplomatik fəaliyyətə başlaması və Naxçıvana səfərindən məmnunluğunu bildirən qonaq Qazaxıstan və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışmışdır. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacağını qeyd etmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti