Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşmuş, insanların rahat yaşayışı təmin edilmişdir.

Dekabrın 28-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Kəngərli rayonunun Böyükdüz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Böyükdüzdə yeni məktəbin açılışı oldu

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dekabrın 28-də Böyükdüz kənd tam orta məktəbi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmiş, yaradılan ­şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı müasirtipli məktəb 342 şagird yerlikdir. İki mərtəbəli yeni təhsil ocağında 21 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, ­kitabxana və idman zalı vardır. Məktəbdə internetə çıxışı olan 22 kompüter və 3 elektron lövhə quraşdırılmışdır.

Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlərin mütaliə imkanlarını genişləndirir, dünyagörüşlərini artırır. Məktəbin kitabxana fondunda 3040-ı dərslik və 2660-ı bədii ədəbiyyat olmaqla, 5700 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılmış, məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri qoyulmuşdur.

Məktəbin müəllimlərindən Nərminə Məmmədova və Sədaqət Muradova gənc nəslin təhsili üçün yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Ali Məclisin Sədri laboratoriyalarda, şahmat sinfində, idman zalında və hərbi kabinədə dərslərin tədrisi ilə maraqlanmış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin, fiziki hazırlığının və dəqiq elmlərə marağının artırılmasının vacibliyini qeyd etmişdir.

Elektron lövhəli sinifdə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənmişdir.

Sonra Ali Məclisin Sədri müəllimlər ­otağında məktəbin pedaqoji kollektivi ilə ­görüşmüşdür.

Böyükdüz kənd tam orta məktəbinin direktoru Solmaz Quliyeva çıxış edərək ­demişdir ki, həyata keçirilən quruculuq tədbirləri nəticəsində muxtar respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində ən müasir infrastruktur yaradılmışdır. Təhsil sahəsində də mühüm işlər görülmüş, müasir məktəb binaları tikilərək istifadəyə verilmişdir. Çox şadıq ki, bu  diqqət və qayğıdan Böyükdüz kəndinə də pay düşmüş və kollektiv müasir məktəb binası ilə təmin olunmuşdur. Solmaz Quliyeva məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Məktəbin müəllimi Aygül Məmmədova Ali Məclis Sədrinin “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir” fikrini xatırladaraq demişdir: “Bu bir həqiqətdir ki, muxtar respublikada təhsil quruculuğu geniş vüsət alıb. Ali Məclis  Sədrinin qayğısı ilə ən müasir tədris imkanları olan 200-dən artıq məktəb binası istifadəyə verilib. Muxtar respublikanın hansı kəndinə getsək, orada ən hündür bina məktəb binasıdır. Bu gün müəllimlər, o cümlədən şagirdlər və kənd əhalisi böyük sevinc içindədirlər. Çünki Böyükdüz müasir kəndlər sırasına qoşulub. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Müəllim və şagirdlər üçün yüksək tədris şəraiti yaradılıb. Bu qayğı biz müəllimləri daha yaxşı işləməyə ruhlandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyükdüz kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək ­demişdir: Bu gün Böyükdüz kəndinin həyatında əlamətdar gündür. Kənddə geniş quruculuq işləri aparılmış, məktəb, xidmət mərkəzi, həkim ambulatoriyası və yol istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dövlət haradan olursa olsun, nədən olursa olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində təhsil sahəsində böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan savadlılıq səviyyəsi 100 faiz olan ölkələr sırasına daxil olmuşdur. Bu gün gənclərimiz ölkəmizlə yanaşı, həm də xarici dövlətlərin universitetlərində ali təhsil alır, Azərbaycanı uğurla təmsil edirlər. Həmin gəncləri yetişdirən isə məktəblər və müəllimlərdir. Böyükdüz kənd tam orta məktəbinin də son 5 ildəki nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkür edərək demişdir: Bu gün Böyükdüz kəndində müasir tədrisin tələblərinə tam cavab verən məktəb istifadəyə verilir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dərslər qavrama yolu ilə öyrədilməli, müasir tədris metodları tətbiq edilməlidir. Yaradılan şərait tədrisin yaxşı əhval-ruhiyyədə və müasir tələblər səviyyəsində təşkilinə imkan verəcəkdir. Bütün bunlar əsası ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin, inkişafın və dövlət-xalq birliyinin bəhrəsidir. Bu gün ulu ­öndərin yolunun uğurla davam etdirilməsi sabitlik və inkişafı daha da möhkəmləndirir. Gənc­lərimiz Vətənə məhəbbət ruhunda tərbiyə olunmalı, müstəqilliyimiz və dövlətçiliyimiz, ulu Heydər Əliyev yolunun Azərbaycana bəxş etdiyi uğurlar onlara öyrədilməlidir.

Ali Məclisin Sədri demişdir: Məktəb kollektivinin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, bir müəllim “İlin ən yaxşı müəllimi” seçilmişdir. Yaradılan şəraitin müqabilində məktəb nailiyyətlərini daha da artıracaq, fərqlənən müəllimlərin əməyi qiymətləndiriləcək, Böyükdüz kənd tam orta məktəbi muxtar respublikamızın qabaqcıl təhsil ocaqları sırasında öz layiqli yerini tutacaqdır.

Ali Məclisin Sədri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi təbrik etmiş, tədrisdə uğurlar arzulamışdır.

Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları  quraşdırılmış, yaşıllıq salınmışdır.

 

Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək

 

 

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikada müasir səhiyyə müəssisələrinin qurulması və icbari tibbi sığortaya keçid bu sahədə xidmətin səviyyəsini yüksəltmişdir.

Dekabrın 28-də Böyükdüz kəndində həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə maraqlanmışdır.

Bildirilmişdir ki, lazımi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 9 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, manipulyasiya, peyvənd, fizioterapiya kabinəsi, qeydiyyat və aptek vardır. Qeydiyyat otağında icbari tibbi sığortanın tətbiqi üçün şərait yaradılmışdır.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilmişdir.

Tibb işçisi Gözəl Babayeva əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərə görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri həkim ambulatoriyasında səhiyyə işinin düzgün təşkili və icbari tibbi sığortanın tətbiqi ilə bağlı tapşırıqlar vermişdir.

 

Böyükdüz kənd avtomobil yolu yenidən qurulmuşdur

 

 

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikada kənd yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Çünki müasir və abad yol inkişaf və rahat həyat deməkdir.

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyükdüz kənd avtomobil yolunun açılışını etmişdir.

Məlumat verilmişdir ki, ümumi uzunluğu 2600 metr olan kənd avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. 600 metr uzunluğundakı kənddaxili yollar təmir olunmuş, qum-çınqıl qatı verilmişdir. Yolun üzərində 54 su keçidi qoyulmuş, 730 metr beton su kanalı çəkilmişdir.

 

Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Böyükdüz kəndində xidmət mərkəzinin də açılışını etmişdir.

Məlumat verilmişdir ki, mərkəzdə gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Xidmət sahələrinin fəaliyyəti üçün mərkəzdə nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur. Mağazada kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışı ayrıca bölmədə təşkil edilmişdir.

Xidmət mərkəzində işlə təmin olunan Nərminə Rəsulova və dərzi İlqar Camalov göstərilən diqqətə görə minnətdarlıq etmişlər.

Ali Məclisin Sədri Böyükdüz kənd sakinləri ilə görüşmüş, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək demişdir: Aparılan quruculuq işləri Böyükdüz kəndinə yeni bir həyat və rahat yaşayış gətirib. Müasir məktəbin, yolun, xidmət mərkəzinin və həkim ambulatoriyasının istifadəyə verilməsi, görülən abadlıq işləri sakinlərin rahatlığına hesablanmışdır. Vaxtilə kənddə istixana kompleksi və sənaye şəhərciyi istifadəyə verilmiş, toxumçuluq təsərrüfatı yaradılmışdır. Hazırda toxumçuluq təsərrüfatında qapalı suvarma şəbəkəsi qurulur. Kənddə 1000 hektara yaxın pay, 5400 hektara yaxın bələdiyyə torpağının olması əkinçilik üçün geniş imkanlar açır. Böyükdüz kənd ­sakinləri torpağa bağlı insanlardır. Kəndin zəhmətkeş insanları torpaqlardan səmərəli istifadə edərək həm öz yaşayışlarını təmin edir, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verirlər. Eyni zamanda kənddə 350-yə yaxın sakin dövlətdən əməkhaqqı, təqaüd və pensiya formasında vəsait alır.

“Azərbaycandakı mövcud sabitlik və inkişafın, dövlət-xalq birliyinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsi Böyükdüz kəndinin timsalında aydın görünür”, – deyən Ali Məclisin Sədri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sakinləri təbrik etmişdir.

Kənd sakini Vaqif Babayev çıxış edərək demişdir: Böyükdüz Kəngərli rayonunun sürətlə inkişaf edən kəndlərindəndir. Kəndimiz geniş torpaqlara malik olsa da uzun illər bu ərazilərdən istifadə olunmayıb. Bunun da səbəbi həmin torpaqların suvarma suyu ilə təmin olunmaması idi. Məhz Ali Məclis      Sədrinin diqqət və qayğısı ilə son illərdə bu ərazilər suvarma suyu ilə təmin olunmuş, yüzlərlə hektar sahə əkin dövriyyəsinə qatılmış, böyük yaşıllaşdırma işləri aparılmışdır. Ərazidə istixana, toxumçuluq təsərrüfatı, eyni zamanda Naxçıvan Sənaye Kompleksi fəaliyyət göstərir ki, kənd sakinlərinin də çoxu bu müəssisələrdə çalışır. Bu gün istifadəyə verilən obyektlər kənd sakinlərinin böyük sevincinə səbəb olub. Məktəb binasının yenidən qurulması şagirdlərin burada yaxşı təhsil almasına, həkim ambulatoriyasında yaradılan şərait sakinlərə nümunəvi səhiyyə xidməti göstərməyə imkan verəcəkdir. Bir sözlə, Böyükdüz kəndi qəsəbə görkəmindədir. Bütün bunları dövlətin kənd sakinlərinə göstərdiyi diqqət və qayğı kimi dəyərləndiririk. Bu gün Naxçıvan Muxtar Respublikası öz inkişaf dövrünü yaşayır. Bu tarixə şahidlik etmək hər bir sakin üçün xoşbəxtlikdir. Vaqif Babayev kənd sakinləri adından minnətdarlıq etmiş, yaradılanlardan səmərəli istifadə edəcəklərinə söz vermişdir.

* * *

Böyükdüz kəndində sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 500 metr yeraltı, 400 metr fiber-optik və 1330 metr hava rabitə xətləri çəkilmişdir. Bundan başqa, 1 transformator quraşdırılmış, 2 transformator əsaslı təmir olunmuş, 3020 metr uzunluğunda izolyasiyalı elektrik və 50 metr polietilen borularla qaz xətti çəkilmiş, 7688 metr qaz xəttində təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti