Naxçıvan teatrında “Teleskop” əsəri tamaşaya qoyulub

Dekabrın 29-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxmışdır.

Xalq yazıçısı Elçin Əfəndiyevin yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunmuş əsərləri Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində sevilərək oxunur, səhnələşdirilir. Onun yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri əsərlərinin əsas süjet xəttinə çevirməsidir. Müəllifin “Teleskop” tragikomediyası da bu baxımdan xüsusi qeyd olunmalıdır. İnsanın ölümü və bundan sonra baş verənlərin səhnə həllini tapdığı tamaşada hadisələr qeyri-real olanla real olanın müstəvisində təqdim olunur. Rejissor tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını tamaşaçıların ixtiyarına buraxır.

Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının “Əməkdar rəssamı” Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Rövşən Hüseynov, Əməkdar artistlər Tofiq Seyidov, Əli Əliyev, aktyorlardan Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Səkinə Məmmədova, Heyran Abdullayeva və başqaları obrazların dili ilə qarşıya qoyulan əsas məqsədə nail olmuş, tamaşaçıya real dünya ilə əbədi dünyanın müqayisəsində həyat gerçəkliklərini çatdırmışlar.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüşdür.

Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək demişdir: Rejissor işi, aktyorların ifası, musiqi tərtibatı və digər bütün cəhətləri ilə “Teleskop” tamaşasını Naxçıvan teatrının səhnəsində oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa “Ölülər”dən sonra Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə əsəridir. Çünki “Ölülər”dən fərqli olaraq “Teleskop” əsərində  real həyat gerçəklikləri müasir dövrə uyğun təqdim olunur.

Ali Məclisin Sədri demişdir: Bugünkü tamaşanın əsas uğurlarından biri də peşəkar heyətlə birlikdə gənclərin də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də aktyorların ifasında bu, bir daha özünü təsdiq etdi. Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir. Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir.

Ali Məclisin Sədri bundan sonra da Naxçıvan teatrında uğurlu tamaşaların səhnəyə qoyulacağına əminliyini bildirmiş, tamaşanın rejissoruna və yaradıcı heyətinə təşəkkür etmiş, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırmışdır.

“Naxçıvan teatrının bütün uğurlarının arxasında Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı dayanır. Yaradıcı kollektiv əldə olunanlara görə Ali Məclisin Sədrinə minnətdardır”, – deyən Xalq artisti Rza Xudiyev Ali Məclisin Sədrini qarşıdan gələn bayramlar münasibətilə Naxçıvan teatrının kollektivi, eləcə də onların timsalında muxtar respublikanın mədəniyyət işçiləri adından təbrik etmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti