Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ordunun gücünü təşkil edən əsas amillərdən biri də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu gün Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi kimi müasir əsgər və zabit yataqxanaları, hərbiçi ailələri üçün yeni yaşayış binaları tikilərək istifadəyə verilir.

Dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Naxçıvan şəhərindəki hərbi şəhərcikdə zabit yataqxanası yenidənqurma işlərindən sonra istifadəyə ­verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan bina yenidən qurulmuş, qapı və pəncərələr dəyişdirilmişdir. 220 yerlik binada bütün yataq otaqlarının mebelləri yenilənmiş, mərkəzləşmiş antena sistemi qurulmuş, telefon çəkilmiş, 2 VİP otaq, eləcə də növbətçi və komendant otaqları istifadəyə verilmişdir.

Zirzəmidə bərbər, hamam, camaşırxana, qazanxana yerləşir. Binanın həyətində də abadlıq işləri aparılmış, istirahət köşkü ­qoyulmuşdur.

Sonra Ali Məclisin Sədri hərbi şəhərcikdə görülən abadlıq işləri ilə maraqlanmışdır. Bildirilmişdir ki, şəhərcikdəki bütün yaşayış binaları təmir olunmuş, pəncərələri dəyişdirilmiş, havalandırma sistemləri qurulmuş, elektrik, qaz, su və kanalizasiya xətləri yenilənmişdir. Hərbi şəhərciyin ərazisi tamamilə asfaltlanmış, hərbçi ailələrinin istirahəti üçün lazımi işlər görülmüş, futbol, basketbol və voleybol meydançaları yaradılmış, uşaq əyləncə qurğuları qoyulmuş, yollar genişləndirilmiş, yaşıllıqlar salınmışdır. Həmçinin Qarnizon tam orta məktəbində və uşaq bağçasında da təmir işləri aparılmışdır.

Ali Məclisin Sədri hərbçilərin ailə üzvləri ilə görüşmüş, onların bayramını təbrik edərək demişdir: Zabit ailələrinin normal yaşayışının təmin olunması bu gün qarşıda duran əsas məsələlərdəndir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu il Kəngərli rayonunun Qıvraq qəsəbəsində zabit ailələri üçün 44 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin Naxçıvan şəhərində yerləşən hərbi şəhərcikdə də zabit ailələrinin yaşayışı üçün lazımi şərait yaradılmışdır. Ərazidə müasir məktəb və uşaq bağçası, xidmət sahələri və tibb məntəqəsi fəaliyyət göstərir. Bu gün isə subay zabitlər üçün yataqxananın açılışı olmuşdur. Bütün bunlar da imkan verir ki, zabitlərimiz öz xidmətlərini rahat həyata keçirə bilsinlər.

Hərbiçi ailələri adından minnətdarlıq edən Arzu Quliyeva, Kübra Məmmədova, Cəmilə Əhmədova və Şəfa Əliyeva bayram günündə hərbiçilərin ailə üzvləri ilə görüşlərin keçirilməsini yüksək qiymətləndirmişlər.

Hərbiçi övladı Ömər Heydərov vətənpərvərlik mövzusunda şeir söyləmişdir.

Vəfa Gülməmmədova Ali Məclisin Sədrinə bayram təbriklərini çatdıraraq demişdir: “Yoldaşım zabitdir. 20 ildən artıqdır ki, Naxçıvanda xidmət edir və ailəmiz burada yaşayır. Ötən dövrdə muxtar respublikanın böyük inkişaf yolu keçdiyinə şahidlik etmişəm. Əvvəllər hərbiçi ailələrinin yaşayışı üçün normal şərait yox idi. Lakin bu gün ən müasir şəhərcikdə, hərtərəfli təminatı olan mənzillərdə yaşayırıq. Övladlarımızın təhsili, asudə vaxtının səmərəli təşkili üçün bütün tədbirlər görülüb. Bu da bizi sevindirir, qürurlandırır.  Dövlətimizlə, ordumuzla fəxr edirik”.

Qarnizon tam orta məktəbinin şagirdi Solmaz Gülməmmədova demişdir ki, hərbiçi uşaqlarının təhsili üçün məktəbimizdə lazımi şərait yaradılıb, ən müasir tədris avadanlıqları quraşdırılıb. Qardaşım 2017-ci ildə yüksək balla ali məktəbə qəbul olmuş, Ali Məclis Sədri ilə görüşmüşdür. Mən də qarşıma məqsəd qoymuşam ki, yaradılan şəraitdən istifadə edərək hərtərəfli təhsil alım.

Ali Məclisin Sədri bütün hərbiçi ailələrini bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik etmiş, hərbi şəhərcikdə gələcəkdə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti