Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.

Sonra sessiya öz işinə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə və “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamına uyğun olaraq 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.2-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələri haqqında protokollar, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının  2020-ci il 14 fevral tarixli Qərarı Ali Məhkəməyə təqdim edilmişdir. Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, seçici ­siyahılarına daxil edilmiş 271 min 771 nəfərdən 190 min 669-u, yəni 70,2 faizi seçkidə iştirak etmişdir. Seçki qutularında aşkar edilən bülletenlərdən 187 min 807-si, yəni 98,5 faizi etibarlı hesab edilmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmiş, müxtəlif xarici və yerli, o cümlədən siyasi partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.

Bildirilmişdir ki, təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyən edilmişdir. Ona görə də  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Konstitusiya icraatı qaydasında işə baxaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrinə uyğun olaraq keçirilmiş seçkilərin nəticələrini 2020-ci il 22 fevral tarixli Qərarı ilə bütövlükdə təsdiq etmişdir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.4-cü maddəsinə uyğun olaraq bu Qərar qətidir. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il 9 fevralda keçirilmiş seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Əli Qədimov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısını oxumuşdur.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 23 saylı Cəhri Seçki Dairəsindən seçilmiş deputat Hacıfəxrəddin Səfərli sədrlik etmişdir.

9 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilmişdir.

18 saylı Nehrəm Seçki Dairəsindən seçilmiş deputat Hüseyn Niftəliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürərək demişdir: 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərin nəticəsi bir daha təsdiq etdi ki, ümummilli liderimiz Heydər Əliyevin yoluna alternativ yoxdur. 1995-ci ildən ötən dövrdə bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurların qazanılmasına səbəb olmuş, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilmiş, ordu quruculuğu sahəsində tədbirlər görülmüşdür. Həmçinin yerli istehsalın həcmi artmış, yeni istehsal müəssisələri yaradılmış, iş yerləri açılmış, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılmış, ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Əvvəllər daxili tələbatı idxal hesabına ödənən Naxçıvan Muxtar Respublikasının bu gün böyük ixrac potensialı vardır. Genişmiqyaslı tikinti-quruculuq işləri şəhər və kəndləri abadlaşdırmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar idman kompleksləri istifadəyə verilmişdir. Vaxt vardı muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün isə Naxçıvan etibarlı qorunur, müdafiə edilir. İnsanlar rahat və təhlükəsiz yaşayırlar. Məskunlaşma ilbəil artır. Bütün bunlar qədim diyarın turizm potensialının artmasına səbəb olmuş, Naxçıvan şəhəri dünyanın 50 ən təhlükəsiz və səyahət edilən şəhərləri sırasına daxil edilmişdir. Bu gün biz ulu öndərin arzuladığı Naxçıvanda yaşayırıq. Muxtar respublikanın inkişaf və tərəqqi tarixinin şahidləriyik.

Hüseyn Niftəliyev demişdir: “Mən həm seçicilərin və deputat həmkarlarımın, həm də bütün muxtar respublika əhalisinin yekdil fikrini ifadə edərək 7 saylı Aralıq Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə namizədliyini irəli sürürəm!”

Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etmişlər. Səsvermənin nəticələrini hesablamaq üçün 3 nəfərdən ibarət hesablayıcı komissiya seçilmişdir.

Sonra səsvermə keçirilmişdir.

Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq Seçki Dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs vermişdir. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.

(Ali Məclis Sədrinin çıxışı qəzetin bugünkü nömrəsində dərc olunur).

Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirmişdir.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi

3. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Sessiyanın iş qaydası təsdiq olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilmişdir.

10 saylı Şərur Şəhər Seçki Dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini seçilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov minnətdarlıq edərək göstərilən etimadı doğruldacağını bildirmişdir.

Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilmişdir.

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi qəbul olunmuşdur.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti