Naxçıvanda yeni meyvə bağları salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür... Təbiət, ətraf mühit daimi sərvətdir... Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”.

Müasir dövrdə insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. İməciliklər zamanı yeni ağacların əkilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Çünki insan sağlamlığının ən mühüm şərtlərindən biri də yaşıllıqların sahəsinin genişləndirilməsidir. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.

Aprelin 4-də muxtar respublikada iməcilik keçirilmiş, yeni meyvə bağları və yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarında iməcilik keçirərək 2 hektar sahədə yeni meyvə bağı salmışlar. İməcilik iştirakçıları əraziyə mindən artıq meyvə və üzüm tingləri əkmiş, təmizlik işləri görmüşlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.

Bildirilmişdir ki, bu ilin yazında muxtar respublikada 262 hektar sahədə meyvə bağlarının salınması, 109 mindən artıq müxtəlif meyvə tinglərinin əkilməsi nəzərdə tutulmuşdur. Bu günə qədər 65 hektar sahədə əkin aparılmışdır.

Ali Məclisin Sədri yaz əkini mövsümündə meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 17 hektardan artıq yeni meyvə bağı və yaşıllıq zolaqları salınmış, 11 min 500 ting əkilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti