Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində

Rayonda geniş quruculuq işləri aparılır

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...”.

Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda kompleks inkişaf təmin edilmişdir. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəltmiş, məskunlaşma artmışdır. Aparılan genişmiqyaslı quruculuq işləri, sosial obyektlərin, inzibati binaların və yol infrastrukturunun tikilib istifadəyə verilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmiş, Şərur şəhəri və kəndlər abad yaşayış məntəqələrinə çevrilmişlər. Bu il də rayon mərkəzində və kəndlərində quruculuq işləri davam etdirilir.

 

Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilmişdir

Şərur rayonunda xalqımızın qədim adət-ənənələrinin, milli və mənəvi dəyərlərinin qorunub yaşadılmasına, zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Aprelin 12-də Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət Mərasim evinin birinci mərtəbəsində dini icma sədrinin və müavininin otağı, kəbin otağı, 44 yerlik iclas zalı, kitabxana, təsərrüfat işçiləri üçün otaq və qazanxana vardır. İkinci mərtəbədə qadınlar üçün 168 yerlik mərasim zalı və mətbəx, üçüncü mərtəbədə isə kişilər üçün 168 yerlik mərasim zalı və mətbəx yerləşir.

Şərur rayon Dini İcmasının sədri Nəsib Novruzov minnətdarlıq edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir, dini-tarixi abidələr bərpa olunur, yeni məscid və mərasim evləri tikilir. Şərur şəhərində yeni mərasim evinin istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Bilirik ki, bütün bu tədbirlər rayon sakinlərinin rahatlığı üçündür. Söz veririk ki, qurulub yaradılanları qoruyacaq, gələcək nəsillərə ötürəcəyik. Nəsib Novruzov rayon sakinləri və dindarlar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada mərasim evlərinin tikintisi geniş vüsət almışdır. Bu gün də Şərur şəhərində yeni mərasim evi istifadəyə verilir. Binada yas mərasimlərinin keçirilməsi ilə yanaşı, həm də rayon dini icması üçün lazımi şərait yaradılmışdır. Mərasim evlərinin tikintisi üçün iş adamları və sakinlər tərəfindən göstərilən təşəbbüs dövlət tərəfindən dəstəklənir, şərait yaradılır, köməklik göstərilir. Bütün bunlar da ölkəmizdəki inkişafın, sabitliyin və dövlət-xalq birliyinin nəticəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dini dəyərlərimiz qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri mərasim evinin tikilməsinə təşəbbüs göstərən şəxslərə və bu işdə əməyi olanlara təşəkkür etmişdir.

Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, müasir işıqlandırma və suvarma sistemi çəkilmişdir.

 

 

 

 

 

 

 

Şərur şəhərində yeni avtovağzal inşa olunacaq

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə tədbirlər muxtar respublikanın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxmışdır.

Məlumat verilmişdir ki, avtovağzal müasir layihə əsasında inşa olunacaq və tələbatı tam ödəyəcəkdir. İkimərtəbəli binada sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılacaq, gözləmə zalı, iş və xidməti otaqlar, kassa, eyni zamanda mağaza, əczaxana və xidmət sahələri də istifadəyə veriləcəkdir. Ərazidə dayanacaqlar yaradılacaq, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar vermişdir.

 

“Çomaxtur” elektrik yarımstansiyası istifadəyə verilmişdir

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzində saxlanılır, yeni elektrik yarımstansiyaları tikilir.

Aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün dayanıqlı elektrik enejisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də  muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir. Hazırda muxtar respublikada istehsal olunan elektrik enerjisi yarımstansiyalar vasitəsilə istehlakçılara çatdırılır. “Çomaxtur” yarımstansiyası da 15 kəndi və Şərur şəhərinin bir hissəsini əhatə etməklə rayonda enerji tələbatının 18 faizini ödəyir. Muxtar respublika energetikləri tərəfindən yarımstansiyanın yenidən qurulması istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcəkdir. Eyni zamanda idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaqdır.

Ali Məclisin Sədri muxtar respublika energetiklərinə təşəkkür etmiş, yarımstansiyanın istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, bu gün muxtar respublikada daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilir, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Muxtar respublikada energetika sisteminin inkişafına göstərilən qayğının davamı kimi Şərur rayonunda “Çomaxtur” yarımstansiyası istifadəyə verilir. Namiq Paşayev yaradılan şəraitə görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Sonra yarımstansiyaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, yarımstansiya binasında idarəetmə mərkəzi, eləcə də 35 və 10 kilovoltluq paylayıcı qurğu otaqları yerləşir. Avadanlıqların normal iş prosesinə ölçü qurğuları vasitəsilə məsafədən nəzarət olunur.

Yarımstansiyada hər biri 6,3 meqavolt-amper gücündə 2 ədəd 35/10 kilovoltluq transformator, 4 ədəd 36 kilovoltluq, 10 ədəd 12 kilovoltluq eleqaz açarlı giriş-çıxış hücrələri, 1 sabit cərəyan mənbəyi, 2000 kilovat gücündə 10 kilovoltluq statik kondensator batareyası quraşdırılmışdır. Yenidənqurma işləri aparılarkən 500 metr uzunluğunda 35 kilovoltluq, 1,5 kilometr uzunluğunda isə 10 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmişdir. Yarımstansiyada quraşdırma və sınaq-sazlama işləri yerli mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Yarımstansiyanın əhatə etdiyi yaşayış məntəqələri üzrə elektrik enerjisinə olan tələbat qış aylarında 2,1, yay aylarında isə 3,5 meqavat təşkil edir.

Ətrafda abadlıq işləri aparılmış, müasir işıqlandırma  və suvarma sistemləri çəkilmişdir. Şərur Rayon Elektrik Şəbəkəsinə üzərində kran quraşdırılmış “Kamaz” markalı avtomobil alınmışdır.

 

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

 

 

 

 

 

 

 

 

 

 

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə etmişdir. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola asfalt-beton örtük salınacaqdır. İki hərəkət zolağından ibarət olacaq yolun eni 11 metrə qədər genişləndiriləcəkdir. Yolun üzərində 5 körpü tikiləcək, 44 su keçidi qoyulacaq, 10  kilometrə yaxın suaparıcı kanallar çəkiləcəkdir.

Ali Məclisin Sədri mühəndis-texniki tələblərə əməl olunması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti