Tarixi yaşadanları tarix də yaşadacaqdır

Yusif Küseyir oğlu türbəsi bərpa olunub

Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllər və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunmuşdur.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov türbədə aparılan bərpa işləri ilə maraqlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, Naxçıvan memarlıq abidələri ilə çox zəngindir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılmış, 70-dən artıq abidə bərpa olunmuşdur. Bu abidələr içərisində Yusif Küseyir oğlu türbəsi öz orijinal quruluşuna görə xüsusi ilə diqqəti cəlb edir. Abidə qülləvarı türbələr sırasına aiddir. Muxtar respublikada tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsi kimi Yusif Küseyir oğlu türbəsi də bərpa olunmuşdur. İsmayıl Hacıyev tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika ziyalıları adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən diyardır”, – fikrini xatır­ladaraq demişdir: Tariximizi yaşadan abidələrdən biri də 850 il bundan əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş, el arasında isə “Atababa günbəzi” kimi tanınan Yusif Küseyir oğlu türbəsidir.

Ali Məclisin Sədri türbənin bərpaçılarına təşəkkürünü bildirərək demişdir: Tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Yusif Küseyir oğlu türbəsi tikildiyi dövrdən bu günə qədər qorunub saxlanılmışdır. Bərpadan sonra isə abidəyə ikinci həyat verilmişdir. Abidələrin pasportlaşdırılması, onların qorunması və bərpası vacib məsələdir. Çünki abidələr xalqımızın daş pasportudur. Tarixi abidələr xalqın neçə yüz il bundan əvvəl hansı mədəniyyətə malik olduğunu təsdiq edir. Ona görə də abidələr qorunmalı, ilkin görkəmi saxlanılmaqla bərpa olunmalı və gələcək nəsillərə çatdırılmalıdır.

“O şəxslər xoşbəxtdirlər ki, onlar əməllərinə və xidmətlərinə görə tarixdə yaşayırlar. Memar Əcəmi Naxçıvani yaratdığı abidə, Yusif Küseyir oğlu isə xalqımıza göstərdiyi xidmətlərlə tarixdə yaşayırlar”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, abidələrin  bərpası və qorunub saxlanılması xalqın tarixinin yaşadılması deməkdir. Bu gün muxtar respublikada qədim, orta əsrlər və son dövrlərə aid abidələrimiz bərpa olunur.  Lakin təəssüflə deməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri tarixi abidələrimizə təsirsiz qalmamışdır. Həmin dövrdə anbar kimi istifadə olunan Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşuna ciddi ziyan vurulmuşdu. Sonrakı dövrdə abidədə bəzi bərpa işləri aparıldı. Bu gün isə abidə əsaslı şəkildə bərpa olunaraq ikinci həyat verilmişdir. Muxtar respublika ərazisindəki digər abidələrimiz kimi, bu abidə də tədqiq olunmalı, abidə ilə bağlı materiallar toplanılaraq kitab halında nəşr edilməlidir. Çünki abidələrin bərpası ilə yanaşı, həm də onların öyrənilməsi qarşıda duran əsas vəzifədir. Tariximiz həm abidələrdə, həm də yazılı mənbələrdə – kitablarda yaşadılmalıdır.

Sonra abidəyə baxış olmuşdur. Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov məlumat vermişdir ki, türbənin bərpasına 2019-cu ilin iyun ayında başlanılmış, ətrafı dəmir-beton istinad divarları ilə bərkidilmiş və kərpiclə üzlənmişdir. Türbənin xarici və daxili, həmçinin sərdabə divarlarının aşınmış hissələri, həndəsi və nəbati naxışlar ilkin forması saxlanılmaqla bərpa edilmişdir. Abidədə haşiyə, eləcə də qapı üzərindəki kitabə yazıları da bərpa olunmuş, açıq və qızılı rənglərlə boyanmışdır. Türbənin daxilindəki nəmliyin götürülməsi üçün günbəz hissədə və üst piramida örtüyündə nəfəsliklər açılmışdır.

Bildirilmişdir ki, Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida­şəkilli günbəzlə örtülmüşdür. Türbə ölkəmizin qülləvarı türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir. Giriş qapısının baş tərəfindəki kitabədə türbənin hicri təqvimi ilə 557-ci il, yəni 1162-ci ildə Yusif Küseyir oğlunun xatirəsinə inşa edildiyi göstərilmişdir. Abidənin qurşağında “Qurani-Kərim”in “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.

Abidənin ətrafı abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

 

 

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunacaq

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxmışdır.

Məlumat verilmişdir ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaqdır.

Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti