Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

Sosial qayğıya ehtiyacı olanlara mənzil və avtomobillər təqdim edilib

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluşun bəhrələridir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini daha da möhkəmləndirir. İnsan amilinə verilən yüksək dəyər, ölkə vətəndaşlarının rahat yaşayışının təminatı ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olanların mənzil və avtomobillərlə təmin olunması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir.

İyunun 15-də – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobilləri təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 189 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilmiş, 111 şəxsə müalicə müəssisələrinə göndəriş verilmiş, 126 nəfər texniki reabilitasiya vasitələri, 139 nəfər protez-ortopedik məmulatlarla təmin edilmişdir. Sosial qayğıya ehtiyacı olan 324 nəfərə evlərində, 7 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 17 nəfərə minik avtomobilləri təqdim edilmişdir. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş Günü, eləcə də mənzil və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik edərək demişdir: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin həyatında dönüş tarixidir. Əgər Qurtuluş Günü olmasaydı, nə Azərbaycan olacaqdı, nə də ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çata biləcəkdi. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən Azərbaycana qaytarıldı. Nəticədə, sabitlik, inkişaf və tərəqqi təmin edildi, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında layiqli yerini tutdu.

Ali Məclisin Sədri demişdir: Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, onlara mənzil və avtomobillər təqdim edilir. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin və ölkəmizin iqtisadi qüdrətinin nəticəsidir. Eyni zamanda dövlət və Vətən qarşısında xidməti olanlara göstərilən bu qayğı gənclərimiz üçün də nümunədir.

Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirmiş, mənzilin orderini və avtomobillərin açarlarını təqdim etmişdir.

Avtomobillə təmin olunan Namiq Kərimov demişdir ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosial rifahı, məişət şəraiti günbəgün yaxşılaşır. Biz bunu həyatın bütün sahələrində görür, hərtərəfli diqqət və qayğını daim üzərimizdə hiss edirik. Bütün bu işlər ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu nəticələridir. Namiq Kərimov Milli Qurtuluş Günündə avtomobillə təmin olunduğu üçün qürur və sevinc hissləri keçirdiyini bildirmiş, ailə üzvləri adından minnətdarlıq etmişdir.

Avtomobillə təmin olunan Musa Hətəmov demişdir: “Muxtar respublikamızda vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən qayğı insan amilinə verilən dəyərin təzahürü, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin davamıdır. Biz şahidiyik ki, ulu öndər Heydər Əliyev ən çətin məqamda Naxçıvana sahib çıxdı, onu düşmənin hücumlarından qorudu və inkişaf yoluna yönəltdi. Bu gün bu yol Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada uğurla davam etdirilir və Naxçıvan günbəgün inkişaf edir. İnsanların güzəranı hər gün daha da yaxşılaşır. Göstərilən diqqət və qayğının növbəti nümunəsi olan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışının 27-ci ildönümündə keçirilən bu tədbir də bizim üçün ikiqat sevinc, ikiqat bayramdır”. Musa Hətəmov ailə üzvləri və tədbir iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan şəhərində yerləşən 3 otaqlı mənzil tam təmir olunmuş, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Mənzillə təmin olunan ailəyə xalça hədiyyə olunmuşdur.

 

Heydər Əliyev Muzeyindəki rəsm əsərlərindən və xalçalardan ibarət sərgi açılıb

Milli Qurtuluşdan ötən dövrdə Azərbaycan yüksək inkişaf yolu keçmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, – deyən ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət digər sahələr kimi, mədəniyyətimizin, rəssamlıq sənətinin də inkişafına səbəb olmuşdur. Bu gün yaradıcı insanlar, rəssamlar da ulu öndər Heydər Əliyevə sevgi və ehtiramlarını öz əsərlərində yaşadırlar.

İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanan rəsm əsərlərinin və xalçaların sərgisi açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxmışdır.

Bildirilmişdir ki, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin siyasi irsini, həyatını və ömür yolunu əks etdirən dəyərli eksponatlar saxlanılır. Muzeyin fondunda ümummilli liderlə bağlı tarixi sənədlərlə yanaşı, həm də Ona həsr olunmuş rəsm əsərləri, portret və xalçalar da mühafizə edilir.

Sərgidə Heydər Əliyev Muzeyinin fondunda mühafizə olunan 20 portret və 3 xalça nümayiş etdirilir. Ulu öndərə həsr olunmuş portretlər yağlı boya ilə kətan, sulu boya ilə kağız, parça üzərində quaş və qarışıq texnika ilə işlənmişdir. Sərgidə rəssamlardan Səyyad Bayramovun, Əli Səfərovun, Cavid İsmayılovun, İlham Mirzəyevin, Firudin Quliyevin, Şamil Mustafayevin ulu öndərə həsr edilən “Heydər Əliyev”, “Ömür yollarında”, “Mənalı ömür”, “Prezident Heydər Əliyev”, “Şərqin günəşi”, “Ümummilli lider Heydər Əliyev” rəsm əsərləri, ulu öndərin rəngli qaşlarla və muncuqla işlənmiş portretləri, həmçinin “Nəvə”, “Qayıdışın mübarək”, “Nurlu gələcək” adlı xalçalar yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir.

Sərgi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri demişdir: Ölkəmizdə ümummilli liderimizə həsr olunmuş minlərlə rəsm əsəri, portret vardır. Bu da Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət edən dahi şəxsiyyətə olan xalq sevgisinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyevin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Çünki ulu öndər Azərbaycan dövlətinin qurucusudur. Bu gün də Azərbaycan ulu öndərin yolu ilə gedərək inkişaf edir. Ölkəmizin gələcək inkişafı da dahi şəxsiyyətin ideyalarının davamındadır. Ümummilli liderin özünün də dediyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”.

“15 İyun – Milli Qurtuluş Günü, sadəcə, rəhbərin hakimiyyətə gəldiyi gün deyil. 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin həyatında dönüş və qurtuluş tarixinin əsası qoyulub. Milli Qurtuluşa Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin və vətənpərvər insanların zəhməti hesabına nail olunub. Milli Qurtuluş Günü Azərbaycan dövlətini parçalanmaq və məhv olmaqdan xilas etdi”, – deyən  Ali Məclisin Sədri Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırmış, sərgilərin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti