Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir yaşayış məntəqəsində  genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin etmiş, Şərur şəhərində və kənd­lərdə genişmiqyaslı quruculuq işləri aparılmış, yeni inzibati binalar və sosial obyektlər tikilmiş, rahat yollar çəkilmiş, əhalinin rifahı yaxşılaşmışdır.

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binası istifadəyə verilmiş, yeni yaradılmış innovativ dərnəklərin təqdimatı olmuşdur.

 

Şərur şəhərində Təqaüdçülər Klubu fəaliyyətə başlayıb

 

 

 

 

 

 

 

 

 

 

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri çıxış edərək demişdir: Bu gün Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası  Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”, - fikrini xatırladaraq demişdir: Ulu öndərin tövsiyələri əsas götürülərək bu gün Şərur şəhərində rayon veteranları və ağsaqqalları üçün yeni bina – Təqaüdçülər Klubu istifadəyə verilir. Şərur Rayon İcra Hakimiyyəti Təqaüdçülər Klubunda gənclərlə veteranların və ağsaqqalların görüşlərini təşkil etməli, milli-mənəvi dəyərlərimiz gənc nəslə aşılanmalıdır. Qızıl fondumuz olan veteranların həyat yolu gənclərə öyrədilməli, müxtəlif tədbirlər keçirilməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmişdir.

Şərur şəhər sakini, ağsaqqal Elburus Ələkbərov təqaüdçülər adından minnətdarlıq edərək demişdir: “Şərur rayonunda həyata keçirilən bütün tədbirlər sakinləri həm sevindirir, həm də qürurlandırır. Çünki görülən bu əsrə bərabər işlər insanların rahat yaşamasına, gözəl şəraitdə işləməsinə və mənalı istirahətinə xidmət edir. Şərur şəhərinin mərkəzində xüsusi gözəlliyi ilə seçilən müasir, möhtəşəm bina təqaüdçülərin istifadəsinə verilir. Təqaüdçülərə, yaşlı nəslə göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımızı bildiririk”.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri Vidadi Süleymanov rayon ictimaiyyəti və veteranları adından  minnətdarlıq edərək demişdir: “Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikada, eləcə də rayonumuzda uğurla həyata keçirilir. İnkişaf, quruculuq tədbirləri Şərur rayonunu da ağuşuna almışdır. Şərur rayonu özünün intibah dövrünü yaşayır. Rayon mərkəzində, eləcə də kəndlərdə geniş quruculuq, abadlıq işləri aparılır. Veteranlara, təqaüdçülərə həmişə diqqət və qayğı ilə yanaşılır”.

Məlumat verilmişdir ki, ikimərtəbəli binada təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunması, kitab mütaliəsinin təmin olunması, gənclərlə görüşlərin təşkili sahəsində lazımi imkanlar vardır. Binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Şərur Şəhər Təqaüdçülər Klubunun kitabxanasında 499 kitab vardır. Klubda 2 nəfər işlə təmin olunmuşdur.

Bina istilik sistemi ilə təchiz edilmiş, həyətdə abadlıq işləri aparılmış, musiqili fəvvarə quraşdırılmışdır.

Ali Məclisin Sədri musiqili fəvvarəni işə salmışdır.


“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək demişdir ki, muxtar respublika iqtisadiyyatı və onun tərkib hissəsi olan bank sektoru günü-gündən inkişaf edir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni inzibati binasının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Şərur filialının kredit portfeli 10 milyon 430 min manatdır. Kreditlərin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı üzrə 4 milyon 54 min manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 1 milyon 598 min manat, ipoteka kreditləri 235 min manat və digər sahələr üzrə verilmiş kreditlərdir. Azər Məmmədov göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmiş, bundan sonra da əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bank hər bir bölgənin inkişaf göstəricisidir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən, Şərur rayon filialı isə 2014-cü ildən fəaliyyət göstərir. Filial hüquqi və fiziki şəxslər, eləcə də fərdi sahibkarlar daxil olmaqla 6 mindən artıq aktiv bank hesabına malikdir. Eyni zamanda filial 5 bankomat, 8 ödəniş terminalı və 80-ə yaxın post-terminal vasitəsilə əhaliyə xidmət göstərir. Ötən dövrdə verilən kredit portfelinin həcmi və mövcud infrastruktur “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini göstərir.

Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkür edərək demişdir: Əhalinin etibarını qazanmaq hər bir bankın əsas fəaliyyət istiqaməti olmalıdır. Bu gün dünyada və ölkəmizdə baş verən proseslər bir daha təsdiq edir ki, hansı ölkədə bank sistemi şəffaf qurulubsa, onlar da fəaliyyətlərini davam etdirə bilirlər. Şəffaflığı təmin etməyən, yüksək faiz dərəcələri tətbiq edən bankların fəaliyyəti isə dayandırılmışdır. Ötən dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda şəffaf fəaliyyəti ilə seçilmiş, əhali məmnunluğunun qazanılması sahəsində daim ön sıralarda olmuşdur. Əhaliyə ehtiyacı olan sahələrdə aşağı faiz dərəcələri ilə kreditlərin verilməsi, güzəştlərin tətbiqi bankın hörmət və nüfuzunu artırmışdır. Bankın kollektivi gələcəkdə də fəaliyyətini bu istiqamətdə qurmalı, yaradılan şəraitə uyğun olaraq əhaliyə keyfiyyətli xidmət göstərilməli, rayonda təsərrüfatların inkişafına və əhali rifahının yaxşılaşdırılmasına dəstək verilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kollektivə fəaliyyətində uğurlar arzulamışdır.

Sonra binaya baxış olmuşdur. Bildirilmişdir ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.

Bina istiliklə təchiz olunmuş, həyət abadlaşdırılmış, işıqlandırma və suvarma sistemləri çəkilmişdir.

 

 

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.

İyulun 2-də Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, hazırda Şərur rayonunda 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ali Məclis Sədrinin tapşırığına əsasən Şərur rayonunun Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzləri üçün Şərur Texniki Peşə və Sürücülük Məktəbində zəruri şərait yaradılmış, 210 yerlik 15 sinif otağı, mərkəzlərin işçiləri üçün isə 2 otaq ayrılmışdır. Hazırda mərkəzlərdə 48 dərnək fəaliyyət göstərir.

Bu il Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, xalçaçılıq, bijuteriya, ebru sənəti, toxuculuq, ingilis dili, Texniki Yaradıcılıq Mərkəzində robotexnika, mental-aritmetik, ağac üzərində oyma, ağac üzərində yandırma, bədii tikmə, qum sənəti, metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq və dulusçuluq olmaqla, ümumilikdə 16 innovativ dərnək yaradılmışdır. Dərnəklər üçün 4 elektron lövhə, 14 kompüter quraşdırılmış, 10 robot dəsti, 5 hana və toxuma alətləri, ebru vannaları, boya və xüsusi kağızlar, mis lövhələr, 10 elektriklə yandırma aləti, elektrikli dəzgah, 7 elektrikli qum stolu, 20 dəst rəqs geyimi, 15 molbert, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınmışdır.

Robotexnika dərnəyində şagirdlərin dəqiqlik, analitik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək bacarıqları formalaşacaq, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı qazanacaqlar. Mental-aritmetik dərnəyi isə şagirdlərdə riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdıracaqdır.

Yeni dərnəklər yaradılarkən uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması da nəzərə alınmışdır. Rəsm, qum və ebru sənəti, dulusçuluq, heykəltəraşlıq, bədii tikmə, metal üzərində döymə, bijuteriya, ağac üzərində yandırma, ağac üzərində oyma, toxuculuq və xalçaçılıq dərnəkləri xalq yaradıcılığımızın və dekorativ tətbiqi sənət nümunələrimizin sirlərini gənc nəslə öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Yeni innovativ dərnəklərin yaradılması müasir dövrün tələbidir. Muxtar respublikada bu işə Naxçıvan şəhərində başlanılmış, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni innovativ dərnəklər yaradılmış və yaxşı nəticələr qazanılmışdır. Belə ki, həmin dərnəklərə cəlb olunmuş uşaqların əl işlərindən ibarət “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunmuşdur. Şərur rayonundakı məktəbdənkənar təhsil müəssisələrində 48 dərnək fəaliyyət göstərir ki, bunların da 16-sı yeni yaradılan innovativ dərnəklərdir. Hazırda Culfa rayonunun məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti və orada yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər görülür. Ordubad rayonunda da bu sahədə tədbirlər başa çatmaq üzrədir.

Ali Məclisin Sədri demişdir: Bu gün Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində 1350-ə yaxın dərnək üzvü vardır. Yeni innovativ dərnəklərin fəaliyyətə başlaması dərnək üzvlərinin sayını daha da artıracaqdır. Şagird və gənclərin dərnəklərə cəlb olunması həm onların asudə vaxtlarının səmərəli təşkilinə, həm də istedadlarının üzə çıxarılması və milli dəyərlərimizi öyrənmələrinə xidmət edəcəkdir. Bütün bunlar isə sağlam gəncliyin inkişafında əsas məsələdir. Şagirdlər məktəbdə təhsil almaqla peşə öyrənirlərsə, dərnəklərdə də öz qabiliyyətlərini inkişaf etdirərək ikinci bir sənətə sahib olurlar.

Ali Məclisin Sədri muxtar respublikada innovativ dərnəklərin yaradılmasının və fəaliyyətin təmin olunmasının əhəmiyyətini vurğulamış, bu işdə əməyi olanlara təşəkkür etmişdir.

Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Vaqif Cabbarov demişdir ki, muxtar respublikada şagirdlərin təhsili yüksək səviyyədə təşkil olunmaqla bərabər, asudə vaxtlarının səmərəli keçirilməsi üçün də bütün şərait yaradılmışdır. Bu gün rayonumuzda ilk dəfə yaradılan innovativ dərnəklərin təqdimatı olur. Göstərilən qayğıya görə minnətdarlığımızı bildiririk.

Sonra Ali Məclisin Sədri Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılan dərnəklərin fəaliyyəti ilə maraqlanmışdır.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə robotexnika və mental-aritmetik dərnəyi yaradılmış, 3 otaq ayrılmışdır. Robotexnika dərnəyi üçün 1 kompüter dəsti, 10 notbuk, 1 printer, 10 robot dəsti alınmış, tədris və emalatxana üçün mebel dəsti və 1 elektron lövhə quraşdırılmışdır. Mental-aritmetik dərnəyi üçün isə 1 elektron lövhə və mebel avadanlığı quraşdırılmış, hesablama alətləri alınmışdır.

Məktəbdənkənar təhsil müəssisələrində və Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər üçün ayrılmış sinif otaqlarında təmir işləri aparılmış, kompüter və elektron lövhələr internetə qoşulmuşdur. Bildirilmişdir ki, innovativ dərnəklər sağlamlıq imkanları məhdud uşaq və gənclərin də asudə vaxtlarının səmərəli təşkilinə geniş imkanlar açır.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi Murad Heydərov demişdir: “Müəllimlər Ali Məclis Sədrinin diqqət və qayğısını daim üzərlərində hiss edirlər. Mən özüm də “Tərəqqi” medalı ilə təltif olunmuşam. Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması və tədrisin yüksək səviyyədə təşkili bunun əyani nümunəsidir. Liseyimiz son 3 ildə yüz faizlik nəticə ilə qəbul vermişdir. Pandemiya dövrünə baxmayaraq Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikanın bütün təhsil müəssisələri onlayn şəkildə dərslərə qoşulur. Fizika-Riyaziyyat Təmayüllü Lisey də bunun öhdəsindən lazımınca gəlmişdir. Bu gün göstərilən qayğının nəticəsidir ki, liseydə innovativ dərnəklər yaradılmışdır. Bu dərnəklər şagirdlərin intellekt səviyyəsinin yüksəldilməsinə, onların bilik və bacarıqlarının, həmçinin yaradıcılıq qabiliyyətlərinin artırılmasına öz töhfəsini verəcəkdir. Yaradılan şəraitə görə liseyin kollektivi adından minnətdarlıq edirik”.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti