Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, enerji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

İyulun 8-də Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək demişdir ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanmışdır. Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılmış, hər birinin gücü 320 vatt olan 9416 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılmışdır. Stansiyada alçaq və yüksəkgərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilmiş, ərazi çəpərlənmiş, ən müasir siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin olunmuşdur. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.

Yeni quraşdırılmış Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılmışdır.

Namiq Paşayev göstərilən qayğıya və yaradılan şəraitə görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik etmiş, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək demişdir: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyev muxtar respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq Naxçıvanda elektrik stansiyalarının qurulması işinə diqqətlə yanaşmış, 1992-ci ildə Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Ondan sonrakı dövrdə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı qardaş Türkiyə Respublikasından çəkilmiş elektrik xətti vasitəsilə ödənilirdi. Ölkə Prezidentinin Sərəncamları ilə muxtar respublikada 87 meqavatlıq Modul Elektrik Stansiyası, yeni su və günəş elektrik stansiyaları tikilmiş və nəticədə, muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunmuşdur.

Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikada qarşıda duran əsas məsələ enerji təminatında bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verməkdir. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranmışdır. Xüsusilə su və günəş elektrik stansiyalarından alınmış enerji ilə təminata üstünlük verilir ki, bu da Dövlət Energetika Xidmətinin gəlirlərini artırır. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. İstifadəyə verilən günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavata bərabərdir. Ötən il Kəngərli rayonu ərazisində 2 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bu gün isə rayonda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlayır. Kəngərli rayonunda istifadəyə verilən günəş elektrik stansiyaları rayon üzrə abonentlərin 32 faizə yaxınını elektrik enerjisi ilə təmin etmək gücündədir.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir. Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur,  dağ çaylarında yeni su elektrik stansiyaları tikilir. Hazırda Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu stansiyalar istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisi tələbatının 90 faizə yaxını bərpa olunan enerji mənbələri hesabına təmin olunacaqdır. Yeni stansiyaların qurulması həm də mütəxəssis hazırlığını zəruri edir. Naxçıvan Dövlət Universitetində energetika sahəsində kadr təminatını ödəmək üçün müvafiq ixtisas açılmış, həmin ixtisas Dövlət Energetika Xidmətinin hamiliyinə verilmişdir. Artıq o ixtisası bitirən məzunlar Dövlət Energetika Xidmətində müxtəlif sahələrdə işlə təmin olunur, yeni qurulan stansiyaları yerli mütəxəssislər idarə edirlər.

“Yeni qurulan elektrik stansiyaları ilə yanaşı, bu sahədə yetişən yerli mütəxəssislərimiz də bizim sərvətimizdir”, – deyən Ali Məclisin Sədri Dövlət Energetika Xidməti tərəfindən mütəxəssis hazırlığına bundan sonra da diqqət yetirilməsi və qurulanlardan səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Tədbirə onlayn qoşulan İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami demişdir: “Şirkətimizə güvəndiyiniz və bizi seçdiyiniz üçün minnətdarlıq edirik. Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderliyini qoruyur. Təbii ki, bu qürurun bir parçası olmaq bizim üçün də şərəfdir. Ümid edirəm ki, ən qısa zamanda özümü sakini hiss etdiyim Naxçıvana yenidən gələcəyəm”.

Ali Məclisin Sədri İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş, gələcəkdə də Naxçıvanda yeni günəş və külək elektrik stansiyalarının tikintisinin davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Daha sonra Dövlət Energetika Xidmətinə yeni avtomobil və texnikalar təqdim olunmuşdur.

Bildirilmişdir ki, xidmət üçün 1 ədəd “Hyundai İoniq” markalı elektriklə işləyən avtomobil, 4 ədəd “Qazel” markalı avtomobil, 1 ədəd “BKM-317A” markalı yerqazan qurğu və 2 ədəd xüsusi təyinatlı “Ford” markalı avtomobil alınmışdır. Yeni texnika və avtomobillər xidmətdə işin səmərəliliyinin artırılmasına imkan verəcəkdir. Elektriklə işləyən “Hyundai İoniq” markalı avtomobil tam dolu batareya ilə 200 kilometr məsafə qətetmə imkanına malikdir.

Ali Məclisin Sədri avtomobil və texnikalara baxmış, müvafiq tapşırıq və tövsiyələr vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti