Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatı xeyli möhkəmləndirilmişdir. Aparılan quruculuq işləri zamanı şəxsi heyətin sağlamlığı da diqqətdə saxlanılır, müasir xəstəxanalar və tibb məntəqələri istifadəyə verilir.

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanmışdır.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Bildirilmişdir ki, hospital 20 min 450  kvadratmetr ərazini əhatə edir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən,  250 otaqdan ibarət olacaq 280 çarpayılıq hospitalda əsas tikinti işləri başa çatdırılmış, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi aparılmış, havalandırma sistemi və 4 lift quraşdırılmışdır. Hazırda binada son tamamlama işləri aparılır.

Hospitalda radiologiya, tibbi ekspertiza, fizioterapiya, travmatologiya, anesteziologiya, reanimasiya, poliklinika, intensiv terapiya, qəbul, əməliyyat, kardiologiya, cərrahiyyə, urologiya, psixonevrologiya, lor və üz-çənə cərrahiyyəsi, laboratoriya və digər bölmələr fəaliyyət göstərəcəkdir. Hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün hospital ən müasir tibbi avadanlıqlarla təchiz ediləcəkdir.

Hospitalda  müalicə alacaq xəstələr üçün həyətdə istirahət guşəsi istifadəyə veriləcəkdir. Tikintisi aparılan yardımçı binada tibbi tullantıların yandırılması, oksigen, generator otaqları, qaraj və bufet yerləşəcəkdir.

Ali Məclisin Sədri hospitalda ilin sonuna qədər işlərin başa çatdırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti