“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

 

 

 

 

 

 

 

 

 

 

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksi tikilmişdir.

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Əməliyyat Taborunda olmuş, görülən işlərlə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov Ali Məclisin Sədrinə raport vermişdir.

Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nəticəsidir. “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”, – deyən ulu öndər ­ölkəmizə hər iki rəhbərliyi dövründə dövlət müstəqilliyinin təminatçısı kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Ulu öndərimizin ordu quruculuğu sahəsində başladığı işi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçmişdir. 1995-ci il aprelin 10-da Daxili ­Qoşunların Naxçıvan Taboru yaradılmış, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.

Ali Məclisin Sədri ulu öndərimiz Heydər Əliyevin “Dövlət quruculuğu prosesində daxili qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” fikir­lərini xatırladaraq demişdir: Bu gün muxtar respublikada ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsas vəzifələridir. Ona görə də briqadada idarəçilik xidmət qaydalarına uyğun qurulmalı, əsgər və zabitlər verilən əmr və göstərişlərin icrasına hər an hazır olmalıdırlar. Hər bir ­ölkənin inkişafının təmin olunmasında, müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində milli birlik, sabitlik və əmin-amanlıq vacib şərtdir. Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti də muxtar respublikamızda sabitliyi qorumalı, eyni zamanda Naxçıvan Qarnizonu üzrə keçirilən təlimlərdə iştirak etməli, döyüş hazırlığını artırmalıdır. Hərbi qulluqçular vəzifə borclarını dərindən öyrənməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməli, muxtar respublikanın müdafiəsinə hazır olmalıdırlar. Hərbi xidmətin əsasında intizam dayanır. Şəxsi heyət daxili nizam qaydalarına ciddi əməl etməli, qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurla yerinə yetirilməlidir.Qeyd olunmuşdur ki, ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanmış, hərbi qulluqçuların döyüş hazırlığı artırılmışdır. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilmişdir. Şərur Rayon Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri demişdir: Bu gün blokada şəraitində və işğalçı ölkə ilə sərhəddə yerləşməsinə baxmayaraq, muxtar respublikadakı birlik, vətənpərvərlik torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Vətənpərvərlik isə ­mücərrəd anlayış deyil. Ulu öndərimiz deyirdi ki, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Əsl vətənpərvərlik odur ki, hər an Vətənin müdafiəsinə və onu qorumağa hazır olasan. Muxtar respublikadakı xalq-ordu birliyi, insanların vətənpərvərliyi bizi qürurlandırır.

Ali Məclisin Sədri ölkə üzrə elan olunmuş qismən səfərbərlikdə muxtar respublikadan iştirak edən və çağırışı böyük ruh yüksəkliyi ilə qarşılayan hər bir şəxsə, eləcə də təsərrüfatlarında yetişdirdikləri və istehsal etdikləri məhsullardan hərbi hissələrə sovqat aparan, əsgərlərimizlə görüşən və həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə ­təşəkkürünü bildirmişdir.

Həmçinin Ali Məclisin Sədri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə isə səbir diləmiş, yaralananların tezliklə sağal­masını arzulamış, çıxışını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham      Əliyevin fikirləri ilə tamamlamışdır: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək demişdir ki, muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən idarəetmənin  məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf yolu keçir. Muxtar respublikanın təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də sarsılmaz xalq-ordu birliyi çərçivəsində möhkəmlənən milli vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatmış, bütün sahələrdə dinamik inkişaf sakinlərin rahat və firavan şəraitdə yaşamasına səbəb olmuşdur. Muxtar respublikada hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılmış, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilərək müasirtipli silah-sursat və nəqliyyat vasitələri ilə təchiz olunmuşdur. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında briqadanın fəaliyyətinin təşkili və idarə olunması istiqamətində məqsədyönlü tədbirlər görülərək, təşkilati-ştat strukturu mövcud əməliyyat şəraitinə uyğun yenidən komplektləşdirilmiş, hərbi hissələrin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılaraq müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılmışdır. Fazil Ələkbərov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından Ali Məclisin   Sədrinə minnətdarlıq edərək demişdir ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası ərazi bütövlüyümüzün qorunması uğrunda Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hər an hazırdır.

Baş leytenant Elçin Qurbanov demişdir: “Ali Məclisin Sədri tərəfindən daxili qoşunların şəxsi heyətinə göstərilən diqqət və qayğı, yaradılan şərait, muxtar respublikamız üçün görülən işlər  göz önündədir. Döyüş hazırlığı nümayiş etdirərək hər an əldə silah Vətənin müdafiəsinə hazırıq. Ali Məclis Sədrinin dediyi kimi, “Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Çünki dövlətçiliyin möhkəmlənməsi ölkənin davamlı inkişafı və sabitliyi deməkdir”. Muxtar respublikanın inkişafı üçün yürüdülən ardıcıl siyasət bizi daha da ruhlandırır.Yaradılan şəraitə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlığımızı bildirir və əmin edirik ki, Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə hər an hazırıq. Bizim bir amalımız var: Dövlət və dövlətçiliyə sədaqət, Vətən uğrunda canımızı əsirgəməmək. Xalqımıza qələbə əzmini yaşatmaq üçün əmr gözləyirik”.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirmişdir.

Sonra əsgəri-məişət kompleksinə baxış olmuşdur.

Məlumat verilmişdir ki, 5 hektar sahəni əhatə edən əsgəri-məişət kompleksinin tikintisinə 2014-cü ildə başlanıb. Kompleksdə yerləşən inzibati bina 5 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində qərargah və tibb məntəqəsi, digər dörd mərtəbədə 448 yerlik əsgər yataqxanası, zirzəmidə isə xüsusi əşya və vasitələr anbarı, eləcə də idman zalı vardır. 2 mərtəbəli yeməkxana binasında anbarlar və qazanxana, 252 yerlik yemək zalı və xidməti otaqlar yerləşir.

Ərazidə 10-u bağlı olmaqla, 52 yerlik avtomobil və zirehli texnika saxlancı, avtomobilyuma, təmir, yanacaqdoldurma və texniki nəzarət məntəqələri, eləcə də sürücülərin hazırlığı üçün sinif otağı vardır. Həmçinin kompleksdə qarovul binası, silah-sursat anbarları, hamam-camaşırxana, helikopter meydançası, 2 nəzarət-buraxılış məntəqəsi, idman və qarovul şəhərcikləri, maneələr zolağı, 3 istirahət guşəsi və uşaq-əyləncə meydançası tikilmiş, ərazi çəpərlənmişdir.

Ali Məclisin Sədri xüsusi təyinatlıların istifadəsində olan silah və texnikalara baxmış, zabit-gizir ailələri ilə görüşmüşdür.

Ali Məclisin Sədri demişdir: “Əsgəri-məişət kompleksində həm ailələrin yaşayışı, həm də şəxsi heyətin öz xidmətlərini düzgün təşkil etmələri üçün lazımi şərait yaradılıb. Xidmət o zaman uğurlu olur ki, hərbçi ailələrinin rahat yaşayışı təmin edilsin. Ərazidəki yaşayış binası, məktəb və xidmət sahələri buna imkan verəcəkdir. Yaşayış binasındakı mənzillərin hər biri lazımi avadanlıqlarla təmin olunub. Burada bir ailə kimi yaşamalı, təmizliyə, hərbi nizam-intizama riayət ­etməlisiniz”.

Hərbi qulluqçuların ailələri adından çıxış edən Günel Mirzəyeva demişdir: “Yaradılan şərait imkan verir ki, hərbi xidmətdə olan ailə başçılarımız öz xidmətlərini rahat yerinə yetirsinlər. Müharibə şəraitində yaşadığımız bu dövrdə Vətənimizin hər qarış torpağı uğrunda əzmlə mübarizə aparsınlar. Mən hərbçi ailəsində doğulmuşam. Atam hərbçi olub. Qardaşım da atamın yolunu davam etdirir. Biz inanırıq ki, torpaqlarımız azad olunacaq. Biz hərbçi ailələri olaraq Ali Baş Komandanımızın və Sizin ətrafınızda sıx birləşmişik. Qələbə bizimlədir”.

Hərbçi övladı, tələbə Nərmin Aydınlı minnətdarlıq edərək demişdir: “Muxtar respublikada istər təhsil, istər səhiyyə, istərsə də ordu quruculuğu sahəsində böyük işlər görülür. Xüsusilə də dünyanı bürüyən pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər təqdirəlayiqdir. Bu gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirir. Tezliklə qələbə bizim olacaq. Zəfər bayrağımız Qarabağda dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Hərbçi övladı Zeynəb Mirzəzadə Ali Məclisin Sədrinə yazdığı şeiri söyləmişdir.

Sonra uşaqlara hədiyyələr təqdim olunmuş, hərbçi ailələri ilə xatirə şəkli çəkdirilmişdir.

Baxış zamanı bildirilmişdir ki, zabit-gizir ailələri üçün tikilmiş 5 mərtəbəli xidməti yaşayış binasında 6-sı birotaqlı, 20-si ikiotaqlı, 4-ü üçotaqlı olmaqla, 30 mənzil vardır. Binada subay hərbi qulluqçular üçün 20 yerlik yataqxana və məişət otaqları da yerləşir.

Gizir Oktay Əliyev minnətdarlıq edərək demişdir: “Muxtar respublikanın inkişafı göz önündədir. Yaradılan şərait Qurucu Rəhbərimizin əməyi sayəsində mümkün ­olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz gündən-günə güclənir və inkişaf edir. Aprel döyüşləri, Günnüt kəndinin və hazırda işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi bunun bariz nümunəsidir. Verilən əmr və tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq”.

Hərbçi ailəsinin üzvü Sahilə Zeynalova demişdir: “Muxtar respublikanın rayon və şəhərləri gündən-günə çiçəklənir, abadlaşır. Görülən işlərdən hərbi hissələrə də pay düşür.  Yaradılan şərait imkan verir ki, hərbi xidmətdə olan ailə başçılarımız öz xidməti vəzifələrini  əzmlə yerinə yetirsinlər. Biz də hərbçi ailələri olaraq onlarla çiyin-çiyinə torpaqlarımızın müdafiəsinə hazırıq”.

Selcan Əlizadə yeni mənzillərinin sevincini vətənpərvərlik ruhunda söylədiyi şeirlə ifadə etmişdir.

Ali Məclisin Sədri yeməkxanada olmuş, şəxsi heyətin qidalanması ilə maraqlanmışdır.

Aşpaz Sevinc Müslümova demişdir: “Hərbi hissədə şəxsi heyətin qidalanması və sağlamlıqlarının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi qayğıya öz işimizlə cavab verək. Hərbçilərimizlə fəxr edir və onlara övladımız kimi qayğı göstəririk”.

Ali Məclisin Sədri şəxsi heyətlə nahar etmişdir.

Zabit-gizir ailələrinə xalça hədiyyə edilmiş, Ali Məclisin kollektivi adından gətirilmiş sovqat anbara təhvil  verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti