Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib

Ümummilli lider Heydər Əliyev demişdir: “Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün ordumuz  torpaqlarımızı işğaldan azad edir, tarixi ədalət bərpa olunur. Döyüş meydanında əsl vətənpərvərlik göstərən  igid  oğullarımız Vətən yolunda öz adlarını ən uca zirvəyə – şəhidlik zirvəsinə yazırlar. Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkməklə, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.

Oktyabrın 31-də muxtar respublikada şəhidlərin xatirəsinə meyvə bağları və yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 4 hektar ərazidə keçirilən ağacəkmədə iştirak etmişlər. Burada 3 hektar sahədə meyvə bağı salınmış, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak etmişdir.

Bildirilmişdir ki, cari ilin payızında muxtar respublikada 265 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaqdır ki, bunun da 41,3 hektarını yeni meyvə, 3,3 hektarını isə üzüm bağları təşkil edəcəkdir. Yeni meyvə bağlarının salınmasında cəviz, badam, ərik, şaftalı və digər tinglərdən istifadə olunacaqdır. Əvvəlki illərdə salınmış 78 hektar sahədə bərpa əkini keçiriləcək, 2,5 hektarda toxmacarlıq yaradılacaq, 140 hektar sahədə isə toxumla əkin aparılacaqdır.

Ali Məclisin Sədri tinglər əkmiş, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Muxtar respublikada şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmədə 19 min 542 sakin iştirak etmiş, 14 hektar yeni meyvə bağları salınmış, 41 hektarda bərpa işləri aparılmış, 12 mindən artıq meyvə və meşə tingləri əkilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti