Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm tarixi qərarlar qəbul olunmuşdur. Həmin gün üçrəngli dövlət bayrağımız Naxçıvanda qaldırılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1990-1993-cü illərdə muxtar respublika işğaldan qorunmaqla yanaşı, həm də ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, müzəffər Azərbaycan Ordusunun əsası qoyulmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də ulu öndərin yolunu davam etdirərək ordu quruculuğuna xüsusi diqqət yetirir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində Naxçıvandan olan hərbi qulluqçular da böyük şücaət göstərmiş, şəhidlik zirvəsinə ucalmışlar.

Noyabrın 17-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı Baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak etmişlər.

Şəhid olan hərbi qulluqçularımız Vəliyev İsmayıl Mehman oğlunun, Novruzlu Pərviz Qorxmaz oğlunun, Əliyev Ramil Qurban oğlunun, Nəcəfov Yaqub Məhəmməd oğlunun və Alməmmədov İman Tarverdi oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi.

Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salındı.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.

30 il əvvəl Naxçıvan Muxtar Respublikasında qaldırılan Azərbaycanın üçrəngli dövlət bayrağı bu gün vətənpərvər oğulların rəşadəti sayəsində işğaldan azad olunmuş torpaqlarda dalğalanır. Bayraq hər bir ölkənin varlığının göstəricisi, xalqın and yeridir. Vətən yolunda canlarını qurban verən şəhidlərin üzərinə bayrağın örtülməsi də onun müqəddəsliyinin təzahürüdür. Çünki şəhidlərimiz üçrəngli bayrağımızın daim dalğalanması üçün ölümün gözünə dik baxanlardır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti