Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.

Dövlət qurumlarının nümayəndələri də abidə önünə gül qoymuşlar.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırımı törədilmişdir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının ovaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilmişdir.

29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərə ağır hərbi texnika yeridilərək, dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla öldürülmüşdür. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilmişdir ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Eyni zamanda 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilmişdir. Dahi şəxsiyyətin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqırımı yüz il də bundan sonra bizim gələcək nəsillərimizin xatirəsindən çıxmamalıdır. Hər bir gələcək nəsil gərək bilsin ki, bizim millətimizə qarşı belə vəhşilik edilibdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynamışdır. Artıq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilən müvafiq sənədlərdə Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilmişdir. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmiş, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır.

Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutmuşdur. Ölkəmizə qarşı təcavüzün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edilmiş, tarixi qələbə qazanılmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq və fundamental hüquqlarını bərpa etmək imkanı yaradılmışdır.

XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Xocalı  faciəsi erməni millətçilərinin yüzilliklərboyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir... Məqsədimiz Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir”.

Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti