Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib

Martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasında yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru Hikmət Əhmədov məlumat verərək demişdir ki, muxtar respublikanın davamlı  inkişafı  teleradio yayımı sahəsini də əhatə edib, rəqəmsal televiziya şəbəkələrinin tətbiqi ilə əlaqədar mühüm layihələr həyata keçirilib. Nəticədə, muxtar respublikada telekommunikasiya sahəsi müasir tələblər səviyyəsində qurulub. Bu gün Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni müasir bina ilə təmin olunması da görülən işlərin davamıdır. Hikmət Əhmədov muxtar respublikada telekommunikasiyanın inkişafına göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə  minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Sədərək rayonunu əhatə edən radio-televiziya ötürücü stansiyası istifadəyə verilir. Bununla da rayon ərazisində teleradio yayımının keyfiyyəti yaxşılaşacaqdır. Teleradio yayımı əhəmiyyətli məsələdir. Ona görə də muxtar respublikada televiziya kanallarının paket formasında yayımı həyata keçirilir. Çünki teleradio yayımının düzgün tənzimlənməsi həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Hazırda bir çox ölkə beynəlxalq qanunlara əhəmiyyət vermədən televiziya verilişlərini öz sərhədlərindən kənara da yayımlayır. Bu da ölkədaxili televiziyaların yayımına, eyni zamanda milli-mənəvi dəyərlərin aşılanmasına təsir edir. Əhalini bu təsirlərdən qorumaq üçün muxtar respublikada müasir ötürücü stansiyalar qurularaq teleradio yayımı həyata keçirilir.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada ötən illərdə bu sahədə xeyli işlər görülmüş, 2014-cü ildən rəqəmsal yayıma keçilmiş, verici stansiyalar yenidən qurulmuş, müasir avadanlıqlarla təmin olunmuşdur. Sədərəkdə avtomat kökləmə sistemi ilə təchiz edilmiş FM verici avadanlıqları quraşdırılmışdır. Bu avadanlıqlar  bütün muxtar respublika ərazisində qurulmalıdır. Naxçıvan dağlıq ərazidə yerləşir. Buna görə də monitorinqlər aparılmalı, hansı ərazidə siqnallar zəifdirsə, paket şəklində təqdim olunan kanallar məhduddursa, həmin ərazilərdə tədbirlər görülməlidir ki, əhali ölkəmizdə yayımlanan televiziya və radio verilişlərinə baxa və dinləyə bilsinlər. Bunun üçün lazımi şərait vardır. Dövlət tərəfindən bu işlərin həyata keçirilməsinə lazımi dəstək göstərilir. Aid təşkilatlar da bu işlərə məsuliyyətlə yanaşmalı, vericilər müasir tələblərə cavab verməli, avtomatik kökləmə sistemləri ilə təmin olunmalı, muxtar respublika ərazisində yayım keyfiyyəti yüksəldilməlidir. Ölkənin təbliğatı və əhalinin məlumatlandırılması media üzərindən aparılır. Eyni zamanda gənc nəslin vətənpərvər və milli dəyərlərə sadiq yetişməsində də televiziya və radiolar mühüm əhəmiyyət kəsb edir. Son 2 ildə Naxçıvan Dövlət Televiziyasına ümumi dəyəri 500 min manata yaxın olan avadanlıqlar alınmışdır. Bütün bunlar keyfiyyətin yüksəldilməsi üçün edilib. Artıq əhali keyfiyyətli verilişlərə baxa bilir.

Ali Məclisin Sədri demişdir: Bu gün Sədərəkdə istifadəyə verilən stansiya müasir avadanlıqlarla təmin olunub. Müasir avadanlıqlar isə yeni mütəxəssislərin yetişməsini və onların işə müasir yanaşmasını təmin edəcəkdir. Yaxşı iş şəraiti burada çalışanlar üçün də rahatlıq deməkdir. Ona görə də qurulub-yaradılanlar qorunmalı, işə məsuliyyətlə yanaşılmalı və ərazidə keyfiyyətli teleradio yayımı həyata keçirilməlidir.

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının mexaniki Elşən Səfərli kollektiv adından minnətdarlıq edərək demişdir: “Bu gün muxtar respublikanın sərhəd rayonu olan Sədərəkdə belə bir stansiyanın istifadəyə verilməsi kollektivimizlə yanaşı, bütün əhalinin sevincinə səbəb olmuşdur. Biz yeni, rahat iş şəraitinə malik bina ilə təmin olunuruqsa, ötürücü stansiyanın istifadəyə verilməsi ilə sədərəklilərin televiziya verilişlərinə keyfiyyətli şəkildə baxmaları təmin edilir”.

Stansiyaya baxış zamanı məlumat verilmişdir ki, muxtar respublikada 6 ötürücü, 44 azgüclü verici stansiya fəaliyyət göstərir. Hazırda muxtar respublikanın bütün ərazisi rəqəmsal yayımla əhatə olunmuşdur. Sədərək Radio-Tele­viziya Ötürücü Stansiyasında radio-tele­viziya vericiləri, efirə nəzarət, mühəndis, server, mətbəx və digər iş otaqları vardır. Efirə nəzarət otağında radio proqramlarının monitorinqi üçün radioqəbuledici, 3 monitor, texniki şkaf quraşdırılmış, muxtar respublikada ilk dəfə olaraq stansiyada 12 kanalın bir monitorda izlənməsinə imkan verən proqram təminatlı “Multiview” sistemi istismara verilmişdir.

Stansiyada 2 enerji tənzimləyicisi, generator, rəqəmsal televiziya vericisi, İtaliyanın “Elenos” şirkətinin istehsalı olan avtomatik kökləmə sistemi ilə təchiz edilmiş 3 yeni FM verici, fiber-optik sonlandırma avadanlıqları, Azercell, Naxtel, Azərconnect mobil operatorlarının baza stansiyaları quraşdırılmışdır. 75 metrlik qüllədə isə mobil operatorların baza stansiyalarının, rəqəmsal televiziya və radio vericilərinin anten-fider sistemləri, radiorele linklərinin verici-qəbuledici avadanlıqları qoyulmuşdur.

Ali Məclisin Sədri muxtar respublikada televiziya və radio yayımlarının keyfiyyətinin artırılması sahəsində işlərin davam etdirilməsi və yeniliklərin tətbiqi barədə tapşırıqlar vermişdir.

Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün

müasir kompleks qurulur

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks tikilir.

Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə görülən işlərlə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişlər.

Məlumat verilmişdir ki, ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir ki, bu da kompleksdə sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək. Rahat və sürətli keçidin təmin olunması üçün giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılmışdır. 3 zolağın avtobus və minik nəqliyyat vasitələrinin, 1-i tranzit olmaqla, 2 zolağın yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolağın isə sürətli keçid üçün istifadəsi nəzərdə tutulur. Hərəkət zolaqları üzrə sərhədkeçmə vaxtının ölçülməsi sistemi, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün 36 kamera quraşdırılıb. Yük nəqliyyat vasitələrinin çəkilməsi üçün müvafiq hərəkət zolaqlarının üzərində 60 tonluq 2 tərəzi, həmçinin bütün hərəkət zolaqlarının üzərində radiasiya səviyyəsinin müəyyənləşdirilməsi üçün qurğular qoyulub.

Kompleksdə gömrük nəzarəti və rəsmiləşməsi “bir pəncərə” prinsipinə uyğun həyata keçiriləcək, “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış  sistemləri tətbiq olunacaqdır. “Qırmızı kanal”a daxil olan minik nəqliyyat vasitələrinin yoxlanılması üçün 3 zolaqda maşınaltıbaxış sistemi qurulub. Sərnişin keçid zalında giriş və çıxış istiqamətlərinin hər birində “Qırmızı kanal”la bəyan edilməli olan yüklərin gömrük nəzarətindən keçirilməsi üçün 2 müasir rentgen-baxış qurğusu, həmçinin şəxslərin üzərinin təkrar yoxlanılması üçün “body-scan” qurğusu vardır. “Yaşıl kanal” buraxılış sistemindən gömrük sərhədindən keçirilən əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli mallar olmayan sərnişinlər istifadə edəcəkdir.  Giriş və çıxış istiqamətlərində pasport nəzarəti  2-si Azərbaycan, 2-si xarici ölkə vətəndaşları üçün olmaqla, 4 məntəqədə həyata keçiriləcəkdir. Sərnişin keçid zalında rüsumsuz ticarət mağazası və kafe fəaliyyət göstərəcəkdir. Bütün rəsmiləşmə və keçid zallarında quraşdırılmış elektron bəyanetmə köşklərində gömrük qanunvericiliyi ilə bağlı məlumat almaq və Dövlət Gömrük Komitəsinin 234 nömrəli informasiya-sorğu xidməti ilə birbaşa əlaqə yaratmaq imkanı vardır.

Anbarlarda yüklərin yoxlanılması üçün 3 rentgen-nəzarət qurğusu, yoxlama-baxış sistemləri bölməsində giriş istiqaməti üzrə yük və minik nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün 2 X-Ray tipli rentgen-nəzarət qurğusu quraşdırılmışdır. Kompleksdəki bütün rentgen-nəzarət və baxış qurğuları Almaniyanın “Smiths Dedection” şirkətinin istehsalıdır. Gömrük nəzarəti zonasında yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə ölkəyə giriş istiqamətində avtonəqliyyat vasitələri üçün müasir dezinfeksiya baryeri, sərnişin zallarında hərarəti məsafədən ölçən termovizorlar quraşdırılmış, tibb məntəqəsi yaradılmışdır. Kompleksin ərazisində yüksək görüntü keyfiyyətinə malik olan 90 kameralıq videonəzarət sistemi qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri kompleksdə işlərin aprel ayına qədər başa çatdırılması və xidmətin müasir tələblər səviyyəsində təşkili ilə bağlı tapşırıqlar vermişdir.

Sədərək rayonunda Bayraq Meydanı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır...” Ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirən ölkə başçısı dövlət rəmzlərini və atributlarını daim uca tutur, ölkəmizin hər yerində bayraq meydanları yaradılır, əzəli Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırılır.

Martın 11-də Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, yaradılan şəraitlə tanış olmuşdur.

“Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır”, – deyən Ali Məclisin Sədri qurğunu işə salmış, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır.

Məlumat verilmişdir ki, Sədərək rayonunda Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılmışdır. Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı siyanit plitələrlə üzlənmişdir. Sahəsi 6 min 312 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuş, dekorativ ağac və gül kolları əkilmişdir.

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov minnətdarlıq edərək demişdir: “Ümummilli liderimiz    Heydər Əliyevin dövlətçilik ideyaları bu gün Naxçıvanda uğurla həyata keçirilir. Dövlətimizin qayğısı nəticəsində 30 il əvvəl müharibə şəraitində yaşayan Sədərək rayonu artıq müasirliyə qovuşub, burada insanların rahatlığı və sabitliyi üçün hərtərəfli şərait yaradılıb. Müstəqilliyimizin rəmzi olan Bayraq Meydanı isə burada böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyətə malikdir. Çox qürurvericidir ki, bu gün burada dalğalanan bayrağımız ötən il işğaldan azad olunmuş rayonlarımızda da dalğalanır”.

Ali Məclisin Sədri demişdir ki, Sədərək rayon kimi formalaşır, əhalinin yaşayışı yaxşılaşır, imkanlar artır. Dəmirçi kəndinin rayona birləşdirilməsi kadr və investisiya potensialını yaxşılaşdıracaq, rayonun gəlirlərini artıracaqdır. Bütün bunlar Sədərək rayonunun inkişafına xidmət edir. Burada qəsəbənin qurulması, su-kanalizasiya sistemlərinin çəkilməsi, əhalinin içməli su ilə təminatı, infrastrukturun yenilənməsi, əkinəyararlı olmayan torpaqların əkin dövriyyəsinə qatılaraq istifadəyə verilməsi muxtar respublika üçün əhəmiyyətli olan bu rayonun inkişafına səbəb olmuşdur.

Ali Məclisin Sədri Bayraq Meydanında abadlığa və təmizliyə nəzarət olunması, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti