Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb

Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ordubad Rayon Uşaq Xəstəxanasının baş həkimi Dürdanə Quliyeva demişdir ki, xəstəxana müasir tələblər səviyyəsində qurulmuş, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılmışdır. Görülən işlər Ordubad rayonunda uşaqların tam keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcəkdir. Dürdanə Quliyeva kollektiv adından minnətdarlıq etmiş, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq uşaqların sağlamlığının qorunmasında səylərini daha da artıracaqlarına, göstərilən etimadı doğruldacaqlarına söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Bu gün Ordubad rayonunda 51 mindən artıq əhali yaşayır. Əhalinin 18 minə yaxını 1-17 yaş qrupunda olan uşaqlardır. Rayon əhalisinə 1 Mərkəzi Xəstəxana, 1 Gigiyena-Epidemiologiya Mərkəzi, 12 ambulatoriya və 19 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Ali Məclis     Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılmış Ordubad Rayon Uşaq Xəstəxanası da bu gün rayon səhiyyə müəssisələrinin sırasına daxil olur. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada ardıcıl tədbirlər görülür. Dövlət proqramı çərçivəsində, ilk növbədə, Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanası yenidən qurularaq lazımi tibbi avadanlıqlarla təmin edilmişdir. Daha sonra Şərur Rayon Uşaq Xəstəxanası müasir şəkildə qurularaq istifadəyə verilmişdir.

Ali Məclisin Sədri demişdir: Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq sərəncamdan sonra burada lazımi işlər həyata keçirilmiş və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılmışdır. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, dövlət pro­qramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş və kollektivə işlərində uğurlar arzulamışdır.

Xəstəxana ilə tanışlıq zamanı  məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 10 çarpayılıq səhiyyə ocağında stasionar şöbə və poliklinika bölməsi fəaliyyət göstərir, 59 nəfərdən ibarət tibbi heyət çalışır. Zirzəmidə peyvənd-dispanserizasiya, mühasib-statist, yeməkxana, camaşırxana, qazanxana, anbar və digər köməkçi otaqlar yerləşir.

Birinci mərtəbədə qeydiyyat-qəbul, təcili tibbi yardım və manipulyasiya, laboratoriya, fizioterapiya, ultrasəslə müayinə, icbari tibbi sığorta, qəbul üzrə həkim, psixoloq-loqoped, stomatoloq, infeksionist-ftiziatr, izolyator və baş tibb bacısı otaqları vardır. İkinci mərtəbədə isə baş həkim, oftalmoloq, LOR, ordinator, 4 palata, reanimasiya və intensiv terapiya zalı, eləcə də iş otaqları yerləşir. Xəstəxanada mərkəzi oksigen sistemi və Ordubad Rayon Mərkəzi Xəstəxanasına inteqrasiya olunmuş nümunəvi tibbi informasiya sistemi yaradılmış, 12 kompüter və 3 printer quraşdırılmış, 2 stomatoloji qurğu, USM, EKQ, EEQ, pediatrik süni tənəffüs aparatı, hematoloji analizator olmaqla, ümumilikdə, 54 tibbi avadanlıq alınmış, “FİAT” markalı təcili tibbi yardım avtomobili verilmişdir.

Ali Məclisin Sədri təcili tibbi yardım avtomobilinin açarını təqdim etmiş, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, həkimlərin kurslara göndərilməsi, kadr hazırlığının diqqətdə saxlanılması, həkim briqadalarının kəndlərə göndərilməsi barədə tapşırıqlar vermişdir.

Xəstəxana mərkəzi istilik sistemi ilə təmin olunmuşdur.


 

 

 

 

 

Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə müasir tədris şəraiti yaradılıb

Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar vardır. Məktəbdə 43 kompüter və 5 elektron lövhə quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Kitabxana fondunda 4208-i dərslik və 5575-i bədii ədəbiyyat olmaqla, 9783 kitab vardır.

STEAM kabinəsi 2 kompüter, 1 elektron lövhə, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit, arduino setləri və digər qurğularla təchiz olunmuşdur. STEAM kabinəsində şagirdlər hazırladıqları layihələri Ali Məclisin Sədrinə təqdim etmişlər.

Məktəbin müəllimi Natəvan Fərzəliyeva minnətdarlıq edərək demişdir ki, məktəbimizdə STEAM təhsil metodunun tətbiqi üçün kabinə yaradılmış və müxtəlif avadanlıqlarla təchiz olunmuşdur. Şagirdlər bu avadanlıqlarla tanış olaraq 3D modelləşdirmə, mikrobit, arduino ilə işləmə biliklərinə yiyələnirlər.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 32 şagird qəbul olunmuşdur. Ötən tədris ilində məktəbi bitirən 20 məzundan 18-i ali, doqquzillik bazadan 4 şagird orta ixtisas məktəblərinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə qəbul olanların 2-si 500-700 intervalında bal toplamışdır. Müəllimlərdən 2-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2-si isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Ali Məclisin Sədri hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulamış, hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq vermişdir.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otaqlarının istifadəyə verilməsi bu sahəyə marağı artırır.

Elektron lövhəli sinifdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbi arasında keçirilən interaktiv dərs izlənilmişdir.

Gənc müəllim Günay Məmmədova demişdir: “Muxtar respublikada gənclərə yüksək diqqət və qayğı göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhərində yaşamağıma baxmayaraq, müəllimlərin işə qəbulu imtahanında iştirak etmiş və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi fəaliyyətə başlamışam. Şagirdlərə müasir tədrisin metodlarını öyrətməklə gənclərə göstərilən etimadı doğrultmağa çalışacağam”.

Ali Məclis Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə Ağır Atletika İdman Klubu yaradılmışdır. Klubun fəaliyyəti üçün 1 velosiped, 1 xizək, 3 universal güc, 3 ağırlıqqaldırma trenajorları, 3 dəst 30 kiloqramlıq ağırlıqqaldırma aləti, 15 kiloqramlıq 8 rezin qantel alınmışdır.

Ali Məclisin Sədri digər məktəblərdə də idman klublarının yaradılması barədə tapşırıqlar vermiş, məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir: Bu ilin ötən dövründə Şərur rayon Şəhriyar və Ordubad rayon Nüsnüs kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək rayon Sirab, Araz, Ordubad rayon Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-­quruculuq işləri aparılır. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılmışdır. Ötən dövrdə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 4 məktəbdənkənar təhsil müəssisəsində və 11 tam orta məktəbdə STEAM kabinələri yaradılmışdır. Hazırda 38 tam orta məktəbdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Məktəbin müəllimi Turanə Səfərli demişdir: “Tarixin heç bir dövründə Naxçıvan indiki qədər abad olmamış və inkişaf etməmişdir. Muxtar respublikamızın bütün rayon və şəhərləri, o cümlədən Ordubad rayonu da simasını dəyişmiş və müasirləşmişdir. Təhsil quruculuğuna xüsusi diqqət göstərilir. Bunun əyani ifadələrindən biri də Ordubad şəhər 1 nömrəli tam orta məktəbin müasir məktəblər sırasına qoşulmasıdır. Bu məktəb binası bütün müəllim, şagird və valideynlərə sevinc bəxş etdi. Yaradılan şərait şagirdlərin yüksək səviyyədə təhsil almalarına geniş imkan açmaqla yanaşı, biz müəllimləri də daha yaxşı işləməyə ruhlandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi təbrik edərək demişdir: Bu gün Ordubad şəhər 1 nömrəli tam orta məktəb müasir tələblər səviyyəsində qurularaq kollektivin istifadəsinə verilir. Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır. Elektron lövhələr, kompüter sinifləri, laboratoriyalar və kabinələrlə təmin olunmuş Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni texnologiyaların tədrisdə tətbiq edilməsinin göstəricisidir. Belə məktəblərin tikilməsi ölkənin vəsaiti hesabına həyata keçirilir. Məktəb kollektivi yeni texnologiyaları yaxşı mənimsəməlidir ki, uşaqlara da yaxşı öyrədə bilsinlər. Ona görə ki, gənclər ölkənin gələcəyi, qurucu­larıdır. Qəbul olunan dövlət proqramları, həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb.

“Məktəb əvvəllər şəraitsiz vəziyyətdə idi. Bu da tədrisin müasir tələblər səviyyəsində təşkilinə maneçilik yaradırdı. Lakin buna baxmayaraq, müəllimlərin tələbkarlığı, nizam-intizam və şagirdlərin çalışqanlığı son 5 ildə məktəbin qəbul göstəricilərində 81 faiz nailiyyətin əldə olunmasına imkan vermişdir”, – deyən Ali Məclisin Sədri kollektivə fədakar əməyinə görə təşəkkür etmiş, gələcək tədrisdə uğurlar arzulamışdır.

Ali Məclisin Sədri yeni texnologiyaların öyrənilməsi, gənc müəllimlərin işləməsi üçün şəraitin yaradılması, kitab müzakirələrinin keçirilməsi, yaradılanlardan səmərəli istifadə olunması, ərazidə yaşıllıqların və meyvə ağaclarının artırılması ilə bağlı tapşırıqlar vermişdir.

Bina istilik sistemi ilə təchiz edilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmışdır.


 

Ordubad şəhərində yeni futbol stadionu qurulur

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində qurulan futbol stadionunun layihəsinə baxmış, görülən işlərlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, yeni stadionda hazırda qaçış zolaqlarının asfaltlanması, 400 yerlik oturacaqların və avtomobil dayanacağının qurulması işləri görülür. Meydançada soyunma-geyinmə otaqlarının, tribunanın, işıqlandırma sisteminin yaradılması da nəzərdə tutulmuşdur.

Ali Məclisin Sədri stadionun standartlara uyğun qurulması barədə tapşırıq vermişdir.

 

 

 

Yeni innovativ dərnəklər yeni təfəkkürlü gənclər formalaşdırır

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.

Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanmış, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmışdır.

Məlumat verilmişdir ki, Ordubad rayonunda Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, Şahmat və Uşaq-Gənclər İdman məktəbləri olmaqla, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1209 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində yerləşən Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərində, ümumilikdə, 37 dərnək fəaliyyət göstərir ki, onlardan 20-si yeni yaradılan innovativ dərnəkdir. Dərnəklərə 8-i sağlamlıq imkanları məhdud uşaq olmaqla, 614 şagird cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 34 dərnək rəhbəri məşğul olur.

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, gimnastika, rəsm, xalçaçılıq, bujiteriya, ebru sənəti, ingilis dili, bədii tikmə, toxuculuq və bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Texniki Yaradıcılıq Mərkəzində isə robotexnika, kompüter mühəndisliyi və STEAM, mental-aritmetik, memarlıq-dizayn, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə, heykəltəraşlıq, dulusçuluq, qum sənəti dərnəkləri yaradılmışdır. İnnovativ dərnəklər üçün 213 yerlik 16 sinif otağı və 1 xidməti otaq ayrılmış, 6 elektron lövhə və 20 kompüter quraşdırılmış, 3D printer, STEAM qurğuları, 20 dəst geyim, idman alətləri, 15 molbert, 5 hana, çertyoj lövhəsi, elektrikli dəzgahlar, 10 elektrikli yandırma aləti, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, 5 elektrikli qum stolu, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınmışdır.

Mental-aritmetik dərnəyində şagirdlər Azərbaycan və rus dillərində saymaqla və şeir qiraət etməklə hesablama aparmışlar.

Robotexnika, kompüter mühəndisliyi və STEAM dərnəklərində şagirdlər hazırladıqları yük daşıyan robot, ağıllı ev, rütubətölçən cihaz, külək elektrik stansiyasının modeli və digər layihələri təqdim etmiş və onlar haqqında məlumat vermişlər.

Dərnək rəhbərlərindən Aliyə Haşimova və Pərvin Hacıyev kollektiv adından minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, Ali Məclis Sədrinin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onların asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzdə innovativ dərnəklər yaradılmışdır. Bu dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin edir.

Ali Məclisin Sədri demişdir: Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Muxtar respublikada məktəbdənkənar müəssisələrin formalaşmasına bir neçə il bundan əvvəl başlanılıb. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texnologiyaları və milli dəyərləri əhatə edir. Bu dərnəklərin fəaliyyəti üçün bundan sonra da lazımi köməklik göstərilməlidir. Əvvəllər muxtar respublikada keçirilən sərgilərə yalnız evlərdə olan bir neçə çeşiddə qədim əl işləri çıxarılırdısa, son zamanlar belə sərgilərdə hazırlanan əl işlərinin çeşidləri artmışdır. Xüsusilə də sərgilərdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin üstünlük təşkil etməsi yaradılan şəraitin nəticəsidir.  Ona görə də milli dəyərləri əks etdirən dərnəklərin hər il muxtar respublikada sərgi-satışı, texniki dərnəklərin isə gələcəkdə təşkil olunacaq texnologiya festivalında iştirakı təmin edilməlidir. Uşaqlarda bu sahəyə böyük maraq var. Bu səbəbdən də onlar dərnəklərə daha çox cəlb edilməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın bütün məktəblərində STEAM kabinələrinin qurulub başa çatdırılması, müəllimlərin kurslara cəlb olunması, şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb və məktəbdənkənar müəssisələrdə işlərin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti