Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Ulu öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunmuşdur. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin irsi Azərbaycan xalqının milli sərvətidir. “Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm”, – deyən dahi rəhbərin həyatının mənası da məhz Azərbaycan idi.

Ümummilli liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirmişdir. Onun ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə almış, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdi. Azərbaycanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikilmiş, müxtəlif təyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatı yaxşılaşdırılmışdı.

Ulu öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılmış, milli oyanışın əsası qoyulmuşdur. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaratmışdır.

1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin əsaslarını hazırlayan, üçrəngli bayrağımızı  qaldıran, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, ilk milli ordumuzu yaradan ümummilli liderin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə parlaq səhifələr yazmışdır.

Aydın məsələdir ki, sabitlik olmadan heç bir ölkədə siyasi və iqtisadi islahatları aparmaq mümkün deyil. Ona görə də qısa zamanda ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunmuş, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanmışdı. Həmin illərdə ümummilli liderimizin işləyib hazırladığı quruculuq xətti qısa zamanda ölkəmizdə ictimai-siyasi sabitliyin təminatına çevrilmiş, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası da inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi bərqərar etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullara layiq görülmüşdür. Onun öz sağlığında layiq gördüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır”.

Ulu öndər Heydər Əliyevin həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunmuşdur. Vaxtilə torpaqlarımız işğal altında olarkən Novruz bayramı tədbirlərindən birində “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə, o biri il Ağdamda, o biri il Füzulidə, o biri il Cəbrayılda, Zəngilanda, Qubadlıda  qeyd edəcəyik. Əminəm ki, belə də olacaqdır”, – deyən ulu öndər Heydər Əliyevin arzularını onun siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev gerçəkləşdirdi. Ölkə başçısının son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi, vətənpərvərliyi sayəsində 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında qazanılan zəfərlər Böyük Qələbəni daha da yaxınlaşdırdı. 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində ordumuz torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Artıq azad olunan əzəli torpaqlarımızda tikinti-quruculuq, abadlıq tədbirlərinə başlanılıb.

Azərbaycan var olduqca, ümummilli lider Heydər Əliyev də yaşayacaq, Onun ideyaları xalqımızı daha böyük inkişafa qovuşduracaqdır. Ulu öndərin də dediyi kimi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Mayın 9-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti