Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşmüşdür.

Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhsil sistemi, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdırmışdır. Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Ordubad rayonundakı Azadkənddə içməli su təminatının yaxşılaşdırılması layihəsini əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.

Ali Məclisin Sədri ali təhsil müəssisələri arasında əlaqələrin qurulması üçün geniş imkanların olduğunu vurğulamış, Tokio Yay Olimpiya Oyunlarında muxtar respublika idmançısının iştirak edəcəyini xatırlatmışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Vada Cüniçi Azərbaycan-Yaponiya əlaqələrindən və Naxçıvan səfərinin əhəmiyyətindən danışmışdır. Muxtar respublikanın inkişafına və  şəhərin gözəlliyinə heyran qaldığını qeyd edən səfir ölkəsində Naxçıvanın turizm potensialından və burada gördüklərindən bəhs edəcəyini bildirmiş, əlaqələrin inkişafında səylərin artırılacağını diqqətə çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti