Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Mayın 26-da Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev energetiklər adından minnətdarlıq edərək demişdir ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri yüksəkgərginlikli sınaq cihazlarına və stansiya üçün alınmış “Mitsubishi L200” markalı avtomobilə baxmışdır. Məlumat verilmişdir ki, Ukrayna istehsalı olan cihazlar  sınaqların aparılmasında yüksək iş əmsalına malik, eyni zamanda təhlükəsizlik baxımından əlverişlidir. Bu cihazlar kabellərin və bərk dielektriklərin sınaqlarını və transformatorların gərginliyini ölçmək, yeraltı metal kommunikasiyaların yerinin təyini və bütün növ elektrik kabellərinin zədələnməsinin axtarışı, kabellərin zədələnmə sahələrinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami demişdir: “Dünyada hökm sürən pandemiya dövründə Naxçıvanda böyük layihələrin həyata keçirilməsi muxtar respublikanın bu çətin dövrü uğurla arxada qoymasının göstəricisidir. Mən çox ölkələrdə işləmişəm. Lakin Naxçıvanda işləmək çox güvənli və asandır. Şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik. Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderliyini qoruyur. Çünki yaşıl elektrik enerjisi istehsalına buranın təbii resursları imkan verir. Bu da Naxçıvanın yaşıl bazarda layiqli paya sahib olmasını şərtləndirir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 5 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi və qarşıdan gələn 28 May – Respublika Günü münasibətilə kollektivi təbrik etmiş, Günəş Elektrik Stansiyasının istifadəyə verilməsini Şərur rayonunun həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir.

Ali Məclisin Sədri demişdir: Naxçıvanın muxtariyyət tarixi iki dövrə bölünür: müstəqillik illərinə qədərki və müstəqillik illərindən sonrakı dövr. Hər iki dövrdə muxtar respublikada sənayenin inkişaf etdirilməsi üçün  elektrik enerjisinə böyük ehtiyac olub. Sovet İttifaqı ilə İran dövləti arasında bağlanmış müqaviləyə əsasən gücü 22 meqavat olan Araz Su Elektrik Stansiyası qurulub istifadəyə verilmişdir. 1990-cı illərin hadisələri muxtar respublikaya ağır zərbələr vurdu, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvana gələn bütün kommunikasiyalar kəsildi. Naxçıvan elektriksiz qaldı. Ötən illərdə muxtar respublikada elektrik enerjisi ilə təminat sahəsində bir sıra işlər görülmüşdür. Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulmuşdur ki, bunun da 5-i su, 3-ü isə günəş elektrik stansiyasıdır. Onların sırasına bu gün 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da daxil olur. Bu da muxtar respublikada Günəş Elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdıracaqdır.

“Muxtar respublikada il ərzində istifadə olunan 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin 50 faizi bərpa olunan enerji mənbələrinin payına düşür”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bərpa olunan enerjidən istifadə hər bir ölkənin inkişaf göstəricisidir. Muxtar respublikanın təbii imkanlarından – dağ çaylarının gücündən, bol günəşdən istifadə etməklə elektrik stansiyalarının qurulmasına xüsusi diqqət yetirilir. Bütün bu işlər qısa müddətdə ona görə görülmüşdür ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir, sabitlik və inkişaf vardır. Ölkə Prezidentinin səylərinin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır. Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə inkişaf müşahidə olunur. Günəş Elektrik Stansiyası Şərur rayonunun elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malik olacaqdır. Rayonun elektrik enerjisinə illik tələbatı 75 milyon kilovat-saata yaxındır. Bunun 10 faizini illik istehsal gücü 7,5 milyon kilovat-saat olan yeni stansiya ödəyəcəkdir.

Ali Məclisin Sədri demişdir: Yeni Günəş Elektrik Stansiyası yeni iş yerlərinin yaradılması, yeni mütəxəssislərin formalaşması və ucuz qiymətə başa gələn enerji istehsalı deməkdir. Gələcəkdə də muxtar respublikanın çay sularından istifadə olunmaqla su,  əkinəyararsız ərazilərdə isə günəş və külək elektrik stansiyalarının qurulması davam etdiriləcəkdir. Məqsəd istifadə olunan elektrik enerjisini 100 faiz bərpa olunan enerji hesabına ödəməkdir. Muxtar respublika elektrik enerjisi ilə nəinki özünü təmin edə bilir, eyni zamanda İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi də həyata keçirilir. Elektroenergetikanın inkişaf etdirilməsi digər sahələrin də inkişafına səbəb olacaqdır. Ən əsası isə sənaye inkişaf edəcək ki, bu da muxtar respublikanın ümumi inkişafına öz töhfəsini verəcəkdir.

Sonra stansiyaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 16 avqust 2020-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanmışdır. Kənd təsərrüfatına yararsız 7,9 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılmış, 15 min 180 müasir “şüşə-şüşə” tipli günəş panelləri, hər birinin gücü 50 kilovat olan 100 invertor, 5 ədəd 35/0,4 kilovoltluq transformator, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılmışdır. Stansiyada alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilmiş, ərazi çəpərlənmiş, müasir siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin olunmuşdur. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.

Ali Məclisin Sədri növbəti Günəş Elektrik Stansiyasının tikilməsi üçün yerin müəyyənləşdirilməsi, Naxçıvan Dövlət Universitetində Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrin xarici ölkələrə kurslara göndərilməsi barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti