Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.

1. 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin etmişdir. Bu ilin ötən dövründə 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin, 3200 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. Muxtar respublikada süni mayalanma işi diqqətdə saxlanılmış, 7 min 100 baş ana mal və camış mayalandırılmış, 6 min 200 baş cins bala alınmışdır. Arıçılığın inkişafı ilə bağlı işlər də görülmüş, arı ailələrinin sayı 99 min 935-ə çatdırılmışdır. Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 6 min 400 meyvə, 12 min 700 həmişəyaşıl ting, 8 min 400 bəzək və gül kolları yetişdirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin birinci yarısında 261 texnika və texnoloji avadanlıq alınmış, 243 texnika və 142 texnoloji avadanlıq lizinq yolu ilə mülkiyyətçilərə verilərək dövlət tərəfindən 840 min manat güzəşt tətbiq olunmuşdur. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 32 min 721 hektar sahədə taxıl əkini aparılmışdır. Hazırda muxtar respublikada 24 min 406 hektar sahənin taxılı biçilərək 76 min 109 ton məhsul toplanmışdır. Hər hektarın orta məhsuldarlığı 31,2 sen­tnerdir. Bu il buğdanın hər kiloqramının 45, arpa və qarğıdalının isə hər kiloqramının 40 qəpikdən qəbulu həyata keçirilir. 2021-ci ildə muxtar respublikada 26 min 379 hektar sahədə isə yazlıq əkin keçirilmiş, kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 7 milyon 265 min 900 manat kredit verilmiş, məhsul istehsalçıları 7 min 542 ton mineral gübrə ilə təmin olunmuşdur. Bu ilin ötən dövründə şənbə, bazar, Novruz bayramı günlərində kənd təsərrüfatı və 22-23 may tarixlərində keçirilmiş Göycə məhsullarının satışı yarmarkalarında 3 milyon 200 min manatlıq   3 min ton kənd təsərrüfatı məhsulu satılmışdır. 2021-ci ilin ötən dövründə muxtar respublikada diri çəkidə 13 min 81 ton ət, 51 min 138 ton süd, 871 ton yun, 62 milyon 972 min yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 1,8 faiz, yun istehsalı 1,4 faiz, yumurta istehsalı 13,9 faiz artmışdır. 2021-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 145 milyon 684 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafı cari ilin ötən dövründə də davam etdirilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşmış, yеni iş yеrləri аçılmış, əhаlinin mаddi-rifаh hаlı yüksəlmişdir. Cari ilin 6 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 110 min manat, kənd təsərrüfatının inkişafı yönümlü 56 layihənin maliyyələşdirilməsinə isə 1 milyon 404 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir. Həmçinin “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın yaradılması başa çatdırılmışdır. Muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatı məqsədilə 34 ailə təsərrüfatına 519 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 60 layihənin maliyyələşdirilməsinə 1 milyon 542 min manat həcmində dövlət maliyyə dəstəyi ayrılmışdır. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi məqsədilə xüsusi fəaliyyət növləri üzrə 730 lisenziya verilmişdir. İnvestisiya qoyuluşu və ixracın stimullaşdırılması məqsədilə 3 milyon 108 min 212 manat dəyərində bir investisiya layihəsi üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilmişdir. Keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 273 səyyari və 1015 halda mal nümunəsi laboratoriya analizindən keçirilmişdir. Süni qiymət artımının qarşısının alınması məqsədilə 13 min 242 çeşiddə məhsul və onların qiymətlərinə nəzarət olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2020-ci ildə 113 milyon 200 min manat plana qarşı 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra edilmiş, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait mədaxil edilmişdir.  Gəlirlərin 76 faizi və ya 88 milyon 685 min 886 manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 21,4 faizi və ya 24 milyon 956 min 167 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılmış, 2,3 faizi və ya 2 milyon 740 min 408 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,3 faizi və ya 335 min 597 manatı isə digər mənbələr hesabına daxil olmuşdur. 2020-ci il dövlət büdcəsinin xərcləri 485 milyon 345 min 483 manat olmuş, xərclərin 91,2 faizi və ya 442 milyon 478 min 104 manatı cari xərclərə, 8,8 faizi və ya 42 milyon 867 min 379 manatı isə əsaslı xərclərə yönəldilmişdir. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada qurucu­luq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənd daxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2020-ci il ərzində respublika büdcəsindən investisiya layihələrinin həyata keçirilməsi üçün muxtar respublikaya, ümumilikdə, 43 milyon 700 min manat vəsait ayrılmışdır. Dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan tikinti-quraşdırma işləri aparan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına nəzarət edilmiş, müvafiq araşdırmalar aparılaraq layihələr yenidən qiymətləndirilmiş, bu əsasda 2020-ci il ərzində 3 milyon 816 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınmışdır.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunmuşdur.

Ali Məclisin Sədri 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublika sakinlərinə uğurlar arzulamışdır.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti



Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin edilmiş, quruculuq işləri aparılmış, əhalinin rifahı daha da yaxşılaşdırılmışdır. Bu dövrün ən mühüm hadisəsi mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur.

Səfər zamanı dövlət başçısının iştirakı ilə “Naxçıvan” Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodrom Kompleksi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, eləcə də Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışı olmuşdur. Həmçinin ölkə Prezidenti Naxçıvan şəhərində ulu öndərin abidəsini və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, “ASAN” Xidmət Mərkəzinin və “Ordubad” Su Elektrik Stansiyasının tikintisi, eləcə də Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olmuşdur.

Muxtar respublikanın inkişafını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

2021-ci ilin birinci yarısında muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər sosial-iqtisadi tərəqqiyə öz töhfəsini vermiş, dayanıqlı və tarazlı inkişaf təmin olunmuşdur. Cari ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 1 milyard 328 milyon manat olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür.

Ötən dövrdə muxtar respublikada sahibkar­lıq fəaliyyətinin təşviqi məqsədilə 18 milyon manata yaxın kredit verilmiş, 55 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Hazırda muxtar respublikada 384 növdə məhsulun istehsal olunması dayanıqlı inkişafın nəticəsi kimi mühüm əhəmiyyətə malikdir.

Ötən 6 ayda muxtar respublikada 116 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 168 obyektin tikintisi və yenidən qurulması isə davam etdirilmişdir. Xüsusilə Duzdağda yeni şaxtanın istifadəyə verilməsi mühüm iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də təbii sərvətimiz olan duzun müasir metodlarla çıxarılması, emalı və ixracına geniş imkanlar açmışdır.

2021-ci ilin birinci yarısında muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində də sistemli tədbirlər görülmüş, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda isə 1,1 meqavat gücündə Günəş-Külək Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikanın enerji tələbatının ödənilməsində alternativ və bərpa olunan enerji mənbələrinin payını artırmışdır.

İlin birinci yarısında əldə edilmiş sosial-iqtisadi inkişaf bundan sonra da davam etdirilməlidir.

Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına nəzarət tədbirlərini gücləndirməli, büdcə vəsaitlərindən təyinatdan kənar və qanunsuz istifadənin qarşısı alınmalı, əlavə xərclərə yol verilməməlidir.

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması və idxalın tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icrasını nəzarətdə saxlamalıdırlar.

Araşdırmalar zamanı məlum olmuşdur ki, bəzi hallarda sahibkarlıq subyektləri vergiödəyicisi kimi qeydiyyata alınmazdan əvvəl müvafiq lisenziya, icazə və digər zəruri sənədlərlə təmin olunması yoxlanılmır. Dövlət Vergi Xidməti məsələni diqqətdə saxlamalı və nöqsanlar təkrar olunmamalıdır.

Ailə təsərrüfatlarının və sahibkarlığın inkişafı qarşıda duran əsas vəzifələrdir. Hər il muxtar respublikada bu məqsədlə tədbirlər görülür, kreditlər verilir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və İqtisadiyyat Nazirliyi muxtar respublikada kredit təşkilatları tərəfindən ailə təsərrüfatlarının, sahibkarlıq subyektlərinin kreditləşdirilməsinə və kreditlərin təyinatı üzrə düzgün istifadəsinə nəzarəti artırmalı, Dövlət Vergi Xidməti ilə birlikdə nağdsız ödəniş dövriyyəsinin artırılması məqsədilə tədbirlər görülməlidir.

Bir çox hallarda sahibkarlıq müəssisələri yaradılarkən daxili tələbat və ixrac imkanları düzgün təhlil edilmir ki, bu da rentabellik göstəricilərini aşağı salır. İqtisadiyyat Nazirliyi yeni istehsal sahələri yaradılarkən daxili bazarın tələbatını və ixrac imkanlarını, həmçinin ixrac bazarlarında baş verən tendensiyaları və biznes planları düzgün təhlil etməli, yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasına üstünlük verilməlidir.

Muxtar respublikada sahibkarlıq müəssisələrinin fəaliyyətinə müdaxilə hallarının qarşısı alınıb. Lakin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə əsassız müdaxilələri müşahidə olunmuşdur. Yol verilən bu nöqsan bir daha təkrarlanmamalıdır.

Muxtar respublikada aqrar islahatların əhatə dairəsi xeyli genişləndirilmişdir. Xüsusilə mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, subsidiyaların verilməsi kənd təsərrüfatına marağı artırmışdır. Lakin hələ də mütərəqqi əkin metodlarını tətbiq etməyən, ayrılan subsidiya və gübrələrdən təyinatı üzrə istifadə etməyən təsərrüfat sahibləri vardır. Kənd Təsərrüfatı Nazirliyi və icra hakimiyyətləri qeyd olunan məsələ ilə bağlı ciddi ölçü götürməli, subsidiyalardan təyinata uyğun istifadə edilməli, intensiv metodlara üstünlük verilməli, əkin atlaslarından istifadə diqqət mərkəzində saxlanılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə yarmarkaların təşkilini, soyuducu anbarlara məhsul qəbulunun tələbata uyğun davam etdirilməsini və ehtiyatların yaradılmasını diqqətdə saxlamalıdır.

Babək, Şərur, Ordubad və Şahbuz rayonlarında kənd təsərrüfatına yararlı torpaqlardan qanunsuz istifadə və zəbt halları daha çox müşahidə olunur. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və aid icra hakimiyyətləri birlikdə kənd təsərrüfatına yararlı torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı və həmin torpaqlar əkin dövriyyəsinə qatılmalıdır.

Hər il muxtar respublikada geniş meliorasiya və irriqasiya tədbirləri həyata keçirilir, yeni hidrotexniki qurğular istifadəyə verilir. Buna baxmayaraq, yerlərdə suvarma suyu təminatından, xüsusilə Babək rayonundan Ali Məclisə müraciətlərin daxil olması işin düzgün təşkil olunmadığını göstərir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti icra hakimiyyətləri ilə birlikdə suvarma suyundan düzgün istifadə və mövsüm ərzində suvarma tədbirlərinin səmərəli təşkilini diqqətdə saxlamalı, əkin sahələrinin su təminatı qaydalar daxilində həyata keçirilməlidir.

Muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirlərinin miqyasının ildən-ilə genişlənməsinə baxmayaraq, bəzi hallarda mühəndis-texniki tələblərə əməl olunmadığını görürük. Bu da qeyd olunan istiqamətdə nəzarətin daha da gücləndirilməsini zəruri edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işlərinin keyfiyyətinə nəzarəti artırmalıdır.

Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisində keyfiyyət amilini diqqətdə saxlamalı, Dövlət Nəqliyyat Xidməti ictimai nəqliyyatda xidmətin səviyyəsini yüksəltməli, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır.

Bir vaxtlar elektrik enerjisini idxal hesabına təmin edən muxtar respublikada bu gün enerji təhlükəsizliyi tam təmin edilib, ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri qazlaşdırılıb. Dövlət Energetika Xidməti və Qaz İstismar Xidməti yerlərdə itkinin minimum həddə saxlanılması üçün tədbirlər görməlidir.

Muxtar respublikanın ərazisi sürətli və dayanıqlı internetlə təmin olunub, iqtisadiyyatın bütün sahələrində yeni texnologiyalar tətbiq olunur. Rabitə və Yeni Texnologiyalar Nazirliyi rabitə və internet xidmətlərinin keyfiyyətini daha da yüksəltməli, internet verilişində qırılmaların qarşısı alınmalı, ixtisaslı kadrların hazırlanması davam etdirilməlidir.

Təhsil Nazirliyi təhsil müəssisələrində maddi-texniki bazadan və yaradılan tədris imkanlarından düzgün istifadə etməli, müəllimlərin ixtisas və peşə biliklərinin artırılması davam etdirilməli, STEAM təhsil metodunun tətbiqi bu ilin sonunadək başa çatdırılmalıdır.

Muxtar respublikanın mədəniyyət müəssisələrində nöqsanlar aşkar olunmuşdur. Xüsusilə musiqi təhsili müəssisələrinin fəaliyyəti düzgün qurulmamış, kadr hazırlığı sahəsində nöqsanlara yol verilmişdir. Mədəniyyət Nazir­liyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların peşə hazırlığının artırılmasına və düzgün yerləşdirilməsinə nəzarəti gücləndirməli, fəaliyyət günün tələbləri səviyyəsində qurulmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyi muxtar respublikada əhalinin səmərəli məşğulluğuna yönəldilən tədbirləri davam etdirməli, əmək yarmarkaları keçirilməli, özünüməşğulluq proqramı üzrə görülən işlərin nəticəli olmasına çalışılmalıdır.

Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə pensiya təyinatını qanunvericiliyin tələblərinə uyğun aparmalı, bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Həmçinin Səhiyyə Nazirliyi tibbi xidmətin keyfiyyətini yüksəltməli, həkim hazırlığı işinə diqqəti artırmalı, yoluxucu xəstəliklərə qarşı tədbirlər davam etdirilməli, sanitariya-gigiyena normalarına riayət olunması müntəzəm nəzarətdə saxlanılmalıdır.

Qarşıda duran əsas vəzifələrdən biri də rayonların iqtisadi potensialından səmərəli istifadə etmək, özəl bölməyə qayğı göstərmək və ailə təsərrüfatlarının yaradılmasına dəstək verməkdir. Etiraf etmək lazımdır ki, icra hakimiyyətlərinin bu sahədəki təşəbbüskarlığı zəifdir. Hər bir rayonun potensialı düzgün təhlil edilməli, icra hakimiyyətləri yeni sahibkarlıq müəssisələrinin yaradılması və ailə təsərrüfatlarının inkişafı ilə bağlı təkliflər verməlidir.

Dövlət Sığorta Xidməti muxtar respublikada sığorta işini təkmilləşdirməli, könüllü sığortanın və səyyar xidmətin əhatə dairəsini genişləndirməlidir.

Sosial-iqtisadi inkişafın təmin olunması işin bir tərəfidir. Əsas məsələ isə düzgün statistik təhlil və proqnozların hazırlanmasıdır. Dövlət Statistika Komitəsi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə işi düzgün təşkil etməli, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanan hesabatların təhlilli, obyektiv və müqayisəli işlənməsinə nail olmalı, qanunvericiliyə uyğun olaraq sosial-iqtisadi inkişaf göstəricilərinin ictimailəşdirilməsi təmin edilməlidir.

Hər il muxtar respublikada yüzlərlə hektar yaşıllıq salınır, ekoloji tədbirlər görülür. Lakin bəzi hallarda laqeydlik nəticəsində yaşıllıq zolaqlarının quruduğunun şahidi oluruq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra orqanları ilə birlikdə mövcud yaşıllıq zolaqlarının qorunmasına diqqəti artırmalı, muxtar respublikanın su mühitinin və onun tərkibinin yoxlanılmasını diqqətdə saxlamalı, payız əkini dövründə yeni bağlar salınmalı və bərpa əkinləri aparılmalıdır.

Bu gün baytarlıq təbabətinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti bundan sonra da epizootik vəziyyəti nəzarətdə saxlamalı, süni mayalanma işinə və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, bu sahədə mütəxəssis hazırlığına diqqəti artırmalıdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tələbata uyğun müasir texnika və texnoloji avadanlıqların, suvarma sistemlərinin və arıçılıq ləvazimatlarının, eləcə də gübrələrin alınıb gətirilməsini və lizinq yolu ilə satışını davam etdirməli, yeni alınmış texnikalar, əsasən, bu sahədə təcrübəsi olan şəxslərə verilməli və onlardan səmərəli istifadəyə nəzarət olunmalıdır.

Gənclik böyük potensialdır. Ondan düzgün istifadə isə sağlam gələcəyin təminatıdır. Gənclər və İdman Nazirliyi gənclərlə işə diqqəti artırmalı, idman federasiyaları ilə birgə yarışlar keçirilməli, Dövlət proqramının icrası təmin edilməlidir.

Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, müasir inkişafı və digər xüsusiyyətləri turizmin inkişafı üçün geniş imkanlar açır. Lakin bu sahədə internet resurslarının və sosial medianın imkanlarından səmərəli istifadə olunmur, turizm-informasiya siyasəti günün reallıqlarını əks etdirmir. Turizm Departamenti post pandemiya dövrünə hazır olmalı, muxtar respublikanın turizm potensialı ilə bağlı düzgün təbliğat mexanizmi müəyyənləşdirməli, yerli və xarici turizm şirkətləri ilə əlaqələr qurmalıdır.

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna dair qanunvericiliyin tətbiqini nəzarətdə saxlamalı, dövlət qurumlarında attestasiya, sertifikasiya və işə qəbul imtahanlarının mərhələli keçirilməsinə nail olunmalı, test bazası mütəmadi zənginləşdirilməlidir.

Dövlət Arxiv İdarəsi “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Pro­qramı”nın icrasını davam etdirməli, arxiv işi təkmilləşdirilməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyi səhiyyə müəssisələri ilə qarşılıqlı əməkdaş­lıq şəraitində fəaliyyətini qurmalı, icbari tibbi sığorta haqlarının düzgün istifadə olunmasına nəzarəti artırmalıdır.

Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının təyinatına və məcburi dövlət sosial sığorta hesabına ödənişlərin verilməsinə nəzarət etməli, növbəti ildən dövlət icbari şəxsi sığortasını həyata keçirmək üçün tədbirlər görməlidir.

Muxtar respublikada yaradılan şərait elmin inkişafına və istehsalatda tətbiqinə geniş imkanlar açır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, gənc tədqiqatçıların hazırlanması və elmin istehsalatda tətbiqi ilə bağlı konkret təkliflər verməlidir.

Muxtar respublikada digər təhsil pillələri ilə yanaşı, ali təhsil üçün də hərtərəfli şərait yaradılıb. Ali təhsil müəssisələri mövcud imkanlardan səmərəli istifadə etməli, xarici tələbələrin sayı artırılmalı, tədris və elmi-metodik iş günün tələbləri səviyyəsində qurulmalı, startap hərəkatı və innovativ metodların təhsildə tətbiqi əsas istiqamət kimi götürülməlidir.

Gənclər Fondu gənclərin bilik və bacarıqlarının, vətənpərvərlik hisslərinin artırılması sahəsində tədbirlər görməli, onların könüllü­lüyə cəlbinə nail olmalı, Yaradıcılıq birlikləri fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalıdır.

Hüquq-mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, ictimai asayişin və sabitliyin qorunması daim diqqətdə saxlanılmalıdır. Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daha da yüksəltməli, ehtiyatları qoruyub saxlamalı və artırmalı, payız-qış mövsümünə hazırlıq görülməlidir.

Ədliyyə Nazirliyi sahibkarlıq müəssisələrində əsassız yoxlamaların qarşısının alınması üçün zəruri tədbirlər görməli, məhkəmə qərarlarının vaxtında icra olunmasına və bələdiyyələr tərəfindən torpaqlardan qanunauyğun istifadəyə nəzarəti gücləndirməlidir.

Daxili İşlər Nazirliyi yol polisinin fəaliyyətinin qanunvericiliyə uyğun qurulmasını nəzarətdə saxlamalı, bu sahədə xidmət edən əməkdaşların hüquqi bilikləri artırılmalıdır.

Fövqəladə Hallar Nazirliyi taxılın və digər sahələrin yanğından mühafizəsinə diqqəti artırmalıdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunların icra və tətbiq olunmasına nəzarəti daha təsirli formada həyata keçirməlidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi həkim komissiyalarının fəaliyyətinə nəzarəti artırmalı, uçot-qeydiyyat sənədlərinin düzgün yazılmasını diqqətdə saxlamalıdır.

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində hərbi nizamnamənin tələblərinə əməl olunmasına nəzarət etməli, hərbi nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməlidir.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində fəaliyyət üçün geniş imkanlar yaradılıb. Lakin maddi-texniki bazadan və yaradıcılıq imkanlarından səmərəli istifadə sahəsində nöqsanlara yol verilir. Xüsusilə aparılan islahatlardan sonra Naxçıvan teleradiosunda fəaliyyət yeni tələblər əsasında qurulmalı, “Şərq qapısı”, şəhər və rayon qəzetləri informasiya-məlumatlandırma işinin keyfiyyətini artırmalıdır.

Hörmətli sessiya iştirakçıları!

Məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirməkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Sağ olun!