Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib











Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun  hərbi qulluqçuları böyük şücaət göstərmiş, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində yüksək dağ şəraitində yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilmişdir.

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya və Soyuq bölgələrində olmuş, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanmışdır.

Ali Məclisin Sədri əsgərləri salamlamış, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək demişdir: Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.

Ali Məclisin Sədri demişdir: 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir.

Ali Məclisin Sədri nümunəvi xidmətlərinə görə şəxsi heyətə təşəkkür edərək demişdir: Yüksəkliklərdə xidmətin yaxşı təşkil olunması qələbələrin təməlidir. Əvvəllər bu ərazidə əsgərlər çətin şəraitdə xidmət aparırdılar. Bu gün xidmətinizi layiqincə yerinə yetirməyiniz üçün hər cür şərait yaradılıb. Həm əvvəllər, həm də indi əsgər və zabitlər bu ərazidə xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. Əminik ki, sizdən sonra xidmət edənlər də bu ənənəni davam etdirərək muxtar respublikamızın, ümumilikdə, ölkəmizin strateji yüksəkliklərini layiqincə qoruyacaqlar.

Əsgər Sənan Babayev demişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının yüksəkliklərində xidmət etməyimizlə fəxr edir, bizə göstərilən müntəzəm diqqət və qayğıya görə öz minnətdar­lığımızı bildiririk. Əmin edirik ki, bundan sonra da əzəli torpaqlarımızın keşiyində mərdliklə dayanacaq, sərhədlərimizi göz bəbəyimiz kimi qoruyacağıq.

Əsgərlərdən Ceyhun Yusifov və Azər Gəncəliyev demişlər: “Bizimlə görüşə gəldiyiniz üçün əsgər yoldaşlarımız adından öz minnətdarlığımızı bildiririk və bu bizdə böyük ruh yüksəkliyinə və sevincə səbəb oldu. Sizi əmin etmək istəyirik ki, yeni zəfərlər qazanmaq üçün hər an əldə silah mübarizəyə qalxmağa, tarixi torpaqlarımızda qələbə bayrağı sancmağa daim hazırıq”.

Əsgər Qurban Məmmədov demişdir: “Yüksəkliklərdə xidmətin təşkili üçün hər cür şərait yaradılmışdır. Söz veririk ki, bundan sonra da əmr və tapşırıqların yerinə yetirilməsinə daim hazır olacağıq. Səbirsizliklə əmr gözləyirik ki, tez zamanda qədim Zəngəzur torpaqlarımızı da işğaldan azad edək. Bunun üçün canımızdan keçməyə hazırıq”.

Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirmişdir.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, digərlərinə təşəkkür elan etmiş, yaradılan şəraitlə maraqlanmış, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə, 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilmiş, mövcud olanlar əsaslı təmir edilmişdir. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılmışdır. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılmışdır. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilmişdir.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə, mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilmiş və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilmişdir.

 

Müdafiənin etibarlı təşkili təsərrüfat sahiblərinə geniş imkanlar açır

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmış, söhbət etmiş, işlərində uğurlar arzulamışdır.

Bildirilmişdir ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılmışdır. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırmışdır. Yüksək dağlıq ərazi olmasına baxmayaraq, təsərrüfatlara mütəmadi olaraq baytarlıq xidməti də təşkil olunur.

Yaradılan şəraitə görə oba sakinləri dövlətimizə minnətdarlıq etmişlər.

Sonra Ali Məclisin Sədri Zəngəzur silsiləsinə baxmış, Ordubad çayını qidalandırmaq üçün Zəvvar arxında aparılan təmizlik - bərpa işləri ilə də maraqlanmışdır.

Məlumat verilmişdir ki, 2016-cı ildə arx bərpa olunmuş, bu gün isə Zəvvar arxında təmizləmə, genişlətmə və bərkitmə işləri görülür.

Arxın əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri demişdir ki, bu arx vasitəsilə nə qədər insan əkin işləri ilə məşğul olur. Həmçinin Əylis kəndindəki kəhrizlərdə sular artmaqla bərabər, taxıl əkilməyən yerlər də artıq əkilir. Ona görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırıq verildi ki, arxda təmizləmə işləri həyata keçirilsin.

Ali Məclisin Sədri görülən işlərə görə işçi heyətə təşəkkür etmişdir.

 

 

 

Soyuq döyüş bölgəsində xidmət nümunəvi təşkil olunub

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olmuşdur.

Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri demişdir: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.

Şəxsi heyətə təşəkkür edən Ali Məclisin Sədri demişdir ki, Soyuq və Təkəqaya döyüş mövqeləri silsilə dağ yüksəkliklərdir. Aşağı nöqtəsi Kilitdə 400 metrdən başlayıb, ən yüksək nöqtəsi 3700 metrlik Təkəqayada bitir. Bütün bu ərazilər ölkəmizin işğalçı ölkə ilə sərhədləri içərisində ən yüksək nöqtələrdəndir. Belə çətin relyefdə xidmətin təşkili və davam etdirilməsi qəhrəmanlıq tələb edir. Azərbaycan əsgərinin cəsarət və şücaəti hesabına bu yüksəkliklərdə hərbi xidmət nümunəvi təşkil olunub. Əminliyimi bildirirəm ki, şəxsi heyət yaradılan bu şəraitdən layiqincə istifadə edərək bundan sonra da torpaqlarımızın qorunmasında mərdlik və şücaət nümayiş etdirəcəkdir.

Ali Məclisin Sədri demişdir: Soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır. Bütün bunlar Azərbaycan əsgərinin nəyə qadir olduğunun göstəricisidir. Həm Soyuq bölgəsində olan, həm də Təkəqaya ərazisində olan yüksəkliklərin əhəmiyyəti nəzərə alınaraq burada daim işlər aparıldı və xidmət lazımi səviyyədə təşkil edildi. Bu ağır şəraitdə hadisəsiz xidmətin təşkili də yüksək qiymətə layiqdir.

Baş leytenant Vüsal Rəhimli demişdir: “Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə görüşü bizdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur. Məqsədimiz yeni qələbələrə imza ataraq bütün tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmaqdır”.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, digərlərinə təşəkkür elan etmiş, yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar, çörək sexi və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunmuşdur. Buraya içməli su xətti çəkilmiş, istilik sistemi quraşdırılmışdır. Tibb məntəqəsində lazımi dərman vasitələri qoyulmuşdur. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir.

İdeoloji otaqda hərbi və bədii ədəbiyyatlar qoyulmuş, müxtəlif məlumat stendləri asılmışdır. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Anbarlara baxış zamanı məlumat verilmişdir ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunmuşdur. Anbarda ərzaq ehtiyatı yaradılmışdır. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları vardır.

Sonra Ali Məclisin Sədri digər bölmələrdə olmuş, tabor mərkəzində və dayaq məntəqələrində hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanmışdır.

Ön xətdə xidmət edən şəxsi heyətlə görüşən Ali Məclisin Sədri demişdir ki, siz Azərbaycan torpaqlarını qoruyursunuz. Xidmətinizin vacibliyinin bir göstəricisi də odur ki, bu ərazilərin qorunması həm də  insanların rahat yaşayışına xidmət edir. Bunlar hamısı sizin xidmətinizin müqabilində mümkün olub. Ona görə də bu illər ərzində lazımi şəraitin yaradılmasına çalışılmış və bu gün deyə bilərik ki, Soyuq bölgəsində xidmətin təşkili ilə bağlı işlər qaydasındadır.

Ali Məclisin Sədri Soyuq bölgəsində qüsursuz və hadisəsiz xidmətin təşkilinə görə əsgər, gizir və zabitlərə təşəkkür edərək demişdir: “Yaradılan şərait işin bir tərəfidirsə, əsas məsələ isə xidməti düzgün aparmaqdır. Bunu isə sizlər həyata keçirirsiniz. Sizin timsalınızda əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu sərhədlərimizi layiqincə qoruyur. Eşq olsun Azərbaycan Ordusuna!”

Əsgərlərdən Cavid Cabbarov və Natiq Babazadə demişlər: “Qədim yurd yerimiz olan Naxçıvan diyarında xidmət etmək bizim üçün fəxrdir. Ona görə ki, bizim burada xidmət aparmağımız üçün hər bir şərait yaradılmışdır. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk. Söz veririk ki, hər zaman ayıq-sayıq xidmət aparacaq, verilən əmr və tapşırıqları layiqincə yerinə yetirməyə daim hazır olacağıq”.

Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirmişdir.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, digərlərinə təşəkkür elan etmiş, yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, binalarda əsgər və zabitlər üçün yataq yerləri, ideoloji, məişət, tibb və xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları mövcuddur.

Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanmışdır.

Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilmişdir. Burada köhnə elektrik aqreqatları yeni 50 kilovoltluq “GENPOWER” markalı elektrik aqreqatları ilə əvəz olunmuş, ərazidə açıq idman qurğuları quraşdırılmışdır.

Ali Məclisin Sədri mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti