Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşmüşdür.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs etmiş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığını bildirmişdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Argentina arasında əlaqələrin, xüsusilə də universitetlərarası əməkdaşlığın inkişafı üçün potensialın olduğunu vurğulamışdır.

Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edən Serxio Osvaldo Perez Qunella Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayan diplomat əcnəbilər üçün Naxçıvanın olduqca cəlbedici olduğunu və muxtar respublikanın inkişafının bir çox sahədə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir.

Görüşdə qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, xatirə şəkli çəkdirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti