ÇapE-poçt

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

S Ə R Ə N C A M I

Naxçıvanda ilk məktəbin yaranmasının 160

illik yubileyinin qeyd edilməsi haqqında

Naxçıvanda maarifçilik hərəkatının inkişafında 1837-ci ilin martında ilk qəza məktəbi kimi açılmış, sonralar ibtidai məktəbə çevrilərək daha geniş miqyasda fəaliyyət göstərmiş Naxçıvan şəhər məktəbinin özünəməxsus rolu və xidmətləri vardır. Bu məktəb 1837-ci ilin martında Ehsan xanın oğlanları İsmayıl və Kəlbəli xanın təşəbbüsü və himayəsi ilə, onların şəxsi evində \ indiki Cəmşid Naxçıvanskinin ev muzeyi \ açılmış və Naxçıvanda dünyəvi təhsilin ilk mərkəzlərindən biri kimi milli ziyalıların yetişməsinə ciddi təsir göstərmişdir. O dövrdə İsmayıl və Kəlbəli xan bu məktəbin saxlanmasına hər il 200 manat gümüş pul sərf etmişlər.

Bu ilk təhsil ocağı sonralar Cəlil Məmmədquluzadə adına küçədə tikilmiş 11 saylı yaşayış binasının yerində, ondan sonra isə indiki 4 saylı orta məktəbin, Elmi Mərkəzin və 1967-ci ildən isə hazırki yeni 1 saylı məktəb binasında yerləşmiş və fəaliyyətini davam etdirir.

Naxçıvandakı bu ilk məktəbin yetirmələri XIX əsrdə, istərsədə XX əsrin əvvəllərində-inqilaba qədərki dovrdə təkcə Azərbaycanın deyil, bütünlüklə Zaqafqaziya mühütində öz fəallıqları ilə seçilmişlər. Görkəmli yazıçılarımız Cəlil Məmmədquluzadə, Eynalı bəy Sultanov, Naxçıvanda ilk milli teatr yaradıcılarından biri Mirzə Sadıq Qulubəyov, Qori seminariyasının məzunları Mirzə Ələkbər Süleymanov, Əbülqasım Sultanov, Heydər Muradhasilov, Əliməmməd Xəlilov, Məmmədhüseyn Xəlilov, Rəhim Kazımbəyov, Novorossiyski İmperator Universitetinin məzunu Paşa ağa Sultanov, Moskva Universitetinin məzunu Fərəculla Şeyxov, Sank-Peterburq Dağ Mədən İnstitutunun məzunu Əli Səfərov və başqaları məhz həmin bu ilk məktəbi bitirmişlər.

XX yüzillikdə həmin məktəbin ənənələri davam etmiş, Naxçıvan şəhərindəki 1 saylı orta məktəb ilk qəza məktəbinin varisi kimi 1920-ci ilin avqustundan fəaliyyət göstərərək maarifçilik ideyalarının təşəkkülü və yayılmasında fərqlənərək görkəmli elm xadimləri, maarifçiləri, musiqiçiləri, milli qəhrəmanları və şəhidləri ilə tanınmışdır.

İndiki mərhələdə Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafında ilk qəza məktəbindən başlayan və 160 il davam edən ənənələrin mühüm əhəmiyyəti vardır.

Yuxarıda göstərilənləri əsas tutaraq Naxçıvanda ilk məktəbin yaranmasının 160 illik yubileyini qeyd etmək məqsədi ilə q ə r a r a a l ı r a m:

1.Naxçıvanda ilk məktəbin yaranmasının 160 illik yubileyi 1998-ci ilin mart ayında geniş qeyd edilsin

2.Yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi ilə əlaqədar komissiya yaradılsın

3.Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində Muxtar Respublikada ilk məktəb yaranmasının 160 illiyi ilə əlaqədar elmi konfrans keçirilsin.

4. Naxçıvanda məktəb tarixinin inkişaf mərhələlərini özündə əks etdirən müvafiq sərgilər təşkil edilsin.

5. Muxtar Respublikanın bütün təhsil ocaqlarında bu yubileylə əlaqədar tədbirlər hazırlanıb həyata keçirilsin.

6. Muxtar Respublikanın kütləvi informasiya vasitələrində bu yubileylə əlaqədar tədbirlərin geniş şəkildə işıqlandırılması təmin edilsin.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamın icrası ilə bağlı məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 28 fevral 1998-ci il.

№ 19-01/c