Naxçıvanda Qars müqaviləsinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Qars müqaviləsinin imzalanmasından 100 il ötür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”. Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol keçmiş, gərgin siyasi mübarizələr meydanı olmuş, lakin bütün bunlara baxmayaraq, xalqımızın zəngin tarixi-mədəni irsini və dövlətçilik ənənələrini qoruyub yaşatmış, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına mühüm töhfələr vermişdir. Qars müqaviləsinin imzalanması və Naxçıvana muxtariyyət statusunun verilməsi də dövlətçilik tariximizdə vacib mərhələdir. Qars müqaviləsi böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin məntiqi nəticəsidir. Ona görə də bu müqavilədən danışarkən, ilk növbədə, onun hansı zərurətdən imzalanmasına və tarixi-siyasi əhəmiyyətinə diqqət yetirmək lazımdır.

Ali Məclisin Sədri demişdir: Birinci Dünya müharibəsi başa çatdıqdan və Çar Rusiyasının süqutundan sonra bölgədəki mövcud ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər Naxçıvana qarşı əsassız ərazi iddialarına başlamış, ardınca bolşevik-daşnak sövdələşməsinin nəticəsi olaraq Zəngəzur mahalı Ermənistana verilmiş və Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlərin məsələyə ədalətsiz yanaşması isə mövcud vəziyyətdən istifadə edən erməniləri daha da fəallaşdırmış, onlar Naxçıvanda dinc əhaliyə qarşı kütləvi soyqırımlara başlamışlar. Həmin dövrdə Naxçıvan əhalisinin isə yalnız bir qanuni tələbi vardı: o da öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik”.

Hadisələrin bu cür inkişafının nəticəsi olaraq milli vətənpərvər qüvvələr tərəfindən 1918-ci ildə yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın erməni daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və müstəqillik mübarizəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Lakin bu bir reallıqdır ki, Naxçıvanın Azərbaycanın tərkibində qalmasında və sonradan muxtariyyət statusu qazanmasında yerli əhalinin və ziyalıların, xüsusilə ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinskinin böyük xidmətləri olmuşdur. Görkəmli diplomat 1920-ci il dekabrın 1-də Bakı Soveti tərəfindən Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi barədə elan olunmuş bəyanatı kəskin hiddətlə qarşılamış və bu qərarın əleyhinə çıxaraq Naxçıvanda mitinqlər yolu ilə xalqı ayağa qaldırmışdı. Onun təşəbbüsü ilə 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda əhali Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdi. Behbud ağa Şahtaxtinskinin Vladimir Leninə yazdığı məktub və teleqramlarda bolşevik hakimiyyətinin Şərq siyasətində yol verdiyi səhvlər və Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması məsələləri cəsarətlə diqqətə çatdırılmışdır. O qeyd edirdi ki, “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”.

Ali Məclisin Sədri demişdir: O zaman Azərbaycan Xalq Komissarları Sovetinin sədri işləyən görkəmli dövlət xadimi Nəriman Nərimanov da Naxçıvan məsələsinə diqqət yetirmiş, xüsusilə onun adından Behbud ağa Şahtaxtinskinin Moskvada atdığı addımlar, Moskva və Qars danışıqları ərəfəsində Türkiyə nümayəndəliyi ilə aparılan müzakirələr Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi saxlanmasını təmin etmişdir. Moskva və Qars müqavilələrini məhz Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin ideya və əməl birliyinin mühüm tarixi nəticəsi kimi də dəyərləndirmək lazımdır. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Mos­kva və Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm”. Həmin dövrdə qardaş Türkiyənin tutduğu ədalətli mövqe də qeyd olunmalıdır. Türkiyə xalqının böyük öndəri Mustafa Kamal Atatürkün “Naxçıvan türk qapısıdır. Bunu xüsusən nəzərə alaraq əlinizdən gələni edin”, – tələbi türk nümayəndə heyəti tərəfindən Moskva və Qars müqavilələri ilə bağlı aparılan müzakirələrdə diqqətdə saxlanılmış, Azərbaycanın mövqeyi birmənalı şəkildə dəstəklənmişdir.

“1921-ci ilin 16 martında imzalanan Mos­kva müqaviləsi ilə Türkiyənin Rusiya ilə mübahisəli məsələləri həll olunsa da, Cənubi Qafqaz respublikaları arasındakı ərazi-sərhəd məsələləri həll olunmamışdı. Ona görə də bu məsələlərin də həlli üçün yeni bir konfransın keçirilməsi və müqavilənin imzalanması zəruri idi”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 1921-ci il oktyabrın 13-də Rusiyanın iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist respublikaları ilə Türkiyə arasında müddətsiz imzalanmış Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir. Bununla da Qars müqaviləsi Naxçıvanın ərazisini və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddədə yazılır: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Qardaş Türkiyə də Qars müqaviləsini imzalamaqla xarici siyasətində növbəti qələbə əldə etmiş, Sevr müqaviləsinin şərtləri qüvvədən düşmüşdür. Mustafa Kamal Atatürk bunu belə dəyərləndirmişdir: “Azərbaycan, Gürcüstan, Ermənistan Sovet respublikaları ilə Moskva müqaviləsinin əsasları çərçivəsində Qarsda 13 oktyabr tarixli müqavilə imzaladıq. Bu müqavilə ilə Şərqdə hüquqi bir şəkil alan indiki vəziyyətimiz Sevr müqaviləsinin tətbiqinin qeyri-mümkün olduğunu göstərən reallıqlardan biridir”. Beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə hökumətinin məsələyə ədalətli yanaşması nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır.

Qeyd olunmuşdur ki, tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. Qars müqaviləsindən və muxtariyyət statusundan sonra da Ermənistan müəyyən bəhanələrlə Naxçıvana qarşı ərazi iddialarını davam etdirmişdir. Sovetlər Birliyi dövründə Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş bir sıra kəndləri Ermənistan tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Sovetlər Birliyi dağıdıldıqdan sonra isə Ermənistan Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını müharibə yolu ilə gerçəkləşdirməyə başlamış, əsrin əvvəllərində Qars müqaviləsi ilə üzərinə götürdüyü hüquqi və siyasi öhdəliyə məhəl qoymamışdır. Lakin 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən qorumuş, Naxçıvanın adından “Sovet, Sosialist” sözləri çıxarılmış, üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılmışdır. Bir sözlə, dahi rəhbərin həmin illərdə milli müstəqillik yolunda atdığı addımlar Naxçıvanı qorumaqla yanaşı, həm də, bütövlükdə, Azərbaycan xalqının qurtuluş tarixinin əsasını qoymuşdur.

Ulu öndər 1992-ci ildə Türkiyəyə səfəri zamanı Qars müqaviləsini yenidən gündəmə gətirmiş,  iştirakçı dövlətləri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktına münasibət bildirməyə çağırmışdır. Ölkəmizə rəhbərliyi dövründə də ümummilli lider bu məsələni daim diqqətdə saxlamış, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında muxtariyyətin əsaslarının beynəlxalq Moskva və Qars müqavilələri ilə təsbit edildiyi öz əksini tapmışdır. Həmçinin dahi şəxsiyyətin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” 4 fevral 1999-cu il tarixli Fərmanında da Qars müqaviləsinin və Naxçıvanın muxtariyyət statusunun əhəmiyyəti bir daha vurğulanmışdır. Fərmanda da qeyd olunduğu kimi, Naxçıvanın statusunun beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir.

Ali Məclisin Sədri demişdir: Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında Qars müqaviləsi və Naxçıvanın muxtariyyət tarixi ilə bağlı geniş elmi tədqiqatlar aparılmış, Gümrü, Moskva və Qars müqavilələri Azərbaycan, türk, rus və fransız dillərində nəşr olunmuşdur. 2011-ci ildə Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və  beynəlxalq Qars müqaviləsinin 90-cı ildönümü münasibətilə elmi konfrans keçirilmiş, onlarla kitab və məqalə işıq üzü görmüş, Naxçıvan Muxtar Respublikasının Moskva və Qars müqavilələri ilə təsbit olunmuş xəritələri hazırlanmışdır.

“Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla, Cənubi Qafqazda münasibətlərin yeni istiqamətdə inkişafının əsasını qoymuşdur. Bu gün istisnasız olaraq qeyd etməliyik ki, həm Qars müqaviləsi, həm də Şuşa Bəyannaməsi regionda sülhə, sabitliyə və əməkdaşlığa təminat verən mühüm tarixi-hüquqi sənədlərdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Ali Məclisin Sədri Qars müqaviləsinin imzalanmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərin və Naxçıvanın müdafiəsində fədakarlıq göstərən vətənpərvər insanların xatirəsini ehtiramla yad etmiş, müqavilənin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını və bütün muxtar respublika əhalisini təbrik etmişdir.

Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək demişdir ki, tarixdə sülh və sabitlik gətirən bütün müqavilələr uzunsürən hərbi və siyasi mübarizələr nəticəsində imzalanmış və həyata keçirilmişdir. Qars müqaviləsinin imzalanması da 1918-1921-ci illərdə Türkiyə və Azərbaycanın birlikdə hərəkət etməsi və on minlərlə qəhrəman oğulların mübarizəsi ilə mümkün olmuşdur. 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsindən sonra Qars, Ankara və Batumi vilayətləri Rusiyaya verilmişdir. Birinci Dünya müharibəsinin ən qanlı döyüşlərindən biri də Sarıqamışda olmuş, yüz minlərlə türk və müsəlman əsgəri şəhid olmuş və ya əsir düşmüş, müharibədən sonra Şərqi Anadolu rus işğalına və erməni qətliamlarına məruz qalmışdır. 1917-ci ildə Rusiyada baş verən inqilab nəticəsində türk ordusu işğal altındakı şəhərləri azad etməyə başlamışdır. 1920-ci il sentyabrın 28-də Kazım Qarabəkir Paşanın tabeliyində olan türk birlikləri düşmənə qarşı hücuma keçmiş, Naxçıvanda təşkil edilən könüllü dəstələr də hücuma qoşulmuşlar. 1920-ci il oktyabrın 30-da Qars şəhəri işğaldan azad edilmiş, türk ordusu həmin ilin 7 noyabrında Gümrüyə daxil olmuşdur. Nəhayət, ermənilər noyabrın 18-də atəşkəsə razı olmuş, Naxçıvanı tərk etmişlər. Türk ordusunun zəfəri 1920-ci il dekabrın 2-də Gümrüdə imzalanan sülh müqaviləsi ilə nəticələnmişdir. Bu müqavilənin önəmli cəhətlərindən biri Ermənistanın rəsmi olaraq Türkiyə və Naxçıvan üzərindəki iddialarından əl çəkməsi olmuşdur.

Baş konsul demişdir ki, 1921-ci il 16 martda Moskva, 13 oktyabrda isə Qars müqaviləsi imzalanmışdır. Beləliklə, Ermənistanın bolşevik hökuməti mövcud Türkiyə-Ermənistan sərhədini və Naxçıvanın bugünkü statusunu rəsmən qəbul etmişdir. 1918-1921-ci illərdə Türkiyə və Azərbaycan arasındakı əlaqələr sayəsində hərbi və diplomatik uğurlar qazanılmış, 100 il sonra isə sülhün və sabitliyin təminatı olan daha bir sənəd – Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə və Azərbaycan ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrini rəhbər tutaraq əlaqələrini bütün sahələrdə inkişaf etdirməyə qərarlıdır. İmzalanan Şuşa Bəyannaməsi də bu qərarlılığın əyani göstəricisidir. İki dövlət arasındakı yaxın əlaqələr dünən olduğu kimi, bu gün də bölgədə əbədi sülhün və sabitliyin təminatıdır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın dediyi kimi:“Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir, tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq”.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Qars müqaviləsinin 100 illik yubileyinin qeyd olunmasına görə ziyalılar adından minnətdarlıq edərək demişdir: Sovet Rusiyası ilə Türkiyə hökumətinin yaxınlaşması 1921-ci ilin fevral-mart aylarında Moskva konfransı, son nəticədə, Moskva müqaviləsi ilə yekunlaşdı. Müqavilədə bir sıra məsələlərlə yanaşı, Naxçıvanın Azərbaycanın himayəsində muxtariyyət statusu əldə etməsi və bu himayəçiliyi üçüncü dövlətə güzəştə getməyəcəyi məsələsi öz əksini tapdı. Lakin Türkiyənin Cənubi Qafqaz respublikaları arasındakı ərazi-sərhəd məsələləri həll olunmamış qalırdı. İştirakçı dövlətlərin razılığı ilə 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək Qars şəhərində beynəlxalq konfrans keçirildi. Konfrans zamanı Azərbaycana aid ən mühüm məsələlərdən biri Naxçıvanla bağlı idi. 1921-ci il oktyabrın 13-də Sovet Rusiyasının nümayəndəsinin iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Türkiyə diplomatları ilə Qars müqaviləsini imzaladılar. Tərəflər Türkiyənin 1920-ci il yanvarın 28-də Türk Milli Aktına daxil edilən ərazilərini qəbul edirdilər. Qars müqaviləsinin beşinci maddəsi və üçüncü əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Bununla da Ermənistan müqaviləni imzalamaqla öz üzərinə siyasi-hüquqi öhdəlik götürərək bölgədəki ölkələrə qarşı ərazi iddialarından əl çəkirdi. Müqaviləyə əsasən Naxçıvan ərazisi Urmiya kəndindən başlayır, oradan düz xətlə Arazdəyən stansiyasına, Qərbi və Şərqi Daşburun dağı, Cəhənnəmdərəsi çayı, Bağırsaq dağı, keçmiş İrəvan, Şərur-Dərələyəz qəzalarının sərhədi, Kömürlü dağı, Sayatdağ, Qurdqulaq kəndi, Həməsür dağı, Kükü dağı və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədində qurtarırdı. Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin 657 kvadratkilometrlik hissəsi qanunsuz olaraq Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmişdir. Qars müqaviləsi bütün XX əsr boyu öz müsbət rolunu oynamış və XXI əsrdə də bu davam edir. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsi qalibiyyətlə başa çatandan sonra 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi.

İsmayıl Hacıyev Qars müqaviləsinin imzalanması, həmin dövrdə regionda baş verən proseslər barədə geniş məlumat vermiş, çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fikirləri ilə tamamlamışdır: “Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”.

Tədbirdə Qars müqaviləsinin 100 illiyi münasibətilə hazırlanmış sənədli filmə baxış olmuşdur.

Sonra Ali Məclisin Sədri, Türkiyənin Naxçıvandakı Baş konsulu və tədbir iştirakçıları Qars müqaviləsinin 100 illiyi münasibətilə hazırlanmış sərgiyə baxmışlar.

Sərgidə “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamın və “Tədbirlər Planı”nın mətni, Azərbaycan, rus, türk və fransız dillərində nəşr olunmuş “Qars müqaviləsi”, “Şuşa Bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Gümrü, Mos­kva, Qars müqavilələri və Naxçıvanın taleyi”, “Gümrü, Moskva və Qars müqavilələri”, “Behbud ağa Şahtaxtinski”, “Araz-Türk Cümhuriyyəti”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Moskva və Qars beynəlxalq müqavilələri”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi”, “Rusiya və Türkiyənin Cənubi Qafqaz siyasətində Naxçıvan (XX əsrin əvvəlləri)” və digər kitablar, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının Qars müqaviləsinə həsr olunmuş nömrələri, Naxçıvan Muxtar Respublikasının Moskva və Qars müqavilələri ilə təsbit olunmuş xəritələri, poçt markaları, qəzetlər və sənədli filmlər nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti