ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Heydər Əliyev muzeyinin yaradılması

haqqında

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar zamanı hələ miladdan əvvəlki dövrlərə aid Naxçıvan diyarında aşkar edilən materiallar ayrıca regionun deyil, geniş mənada Azərbaycan tarixinin ayrı-ayrı problemlərinin şərhində mühüm rol oynamışdır.

Dünya Azərbaycanlılarının milli lideri Möhtərəm Heydər Əliyev haqlı olaraq göstərir ki, “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus mühüm rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və zəngin tarixi vardır. Hər daşı, qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində əvəzsiz rolu danılmazdır”.

Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası XX yüzillikdə də mürəkkəb və çətin bir inkişaf yolu keçmişdir. Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən kənarda qalmayan bu region 1918-1924-cü illərin bütün çətinliklərinə mərdliklə sinə gərmiş, daxili və xarici düşmənlərin niyyətlərini dəf edərək, yerləşdiyi tarixi-coğrafi mövqeyinə, geopolitik vəziyyətinə və o dövrdə imzalanmış Moskva və Qars beynəlxalq müqavilələrinə əsasən özünün muxtariyyat statusunu qoruyub saxlamışdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası 75 illik tarixinin son otuz illik dövrü əsasən Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Möhtərəm Heydər Əliyev yeni, müstəqil Azərbaycanın qurucusudur. O, bu quruculuğa əsrimizin 60-cı illərinin sonundan başlamışdır.

1969-cu ildən Möhtərəm Heydər Əliyev hakimiyyətə gəlməklə xalqımız tarixi taleyinin əsl sahibi oluşdur. 1970-1980-cı illərdə imperiyanın ucqarlarda yetirdiyi siyasəti böyük uzaqgörənliklə milli mənafeyə tabe etdirən bu böyük şəxsiyyət Azərbaycanın dirçəlişinə və intibaha daim üstünlük vermiş, iqtisadiyyatın, kənd təsərrüfatının, sənayenin və mədəniyyətin dinamik inkişafına nail omuş, zamanı qabaqlayaraq Azərbaycanın gələcək siyasi müstəqilliyi üçün iqtisadi dayaqların yaradılması sahəsində gərgin iş aparmışdır. Bu dövrdə yaradılan infrastruktur hazırda respublikanın iqtisadiyyatı üçün əlverişli neft kontraktlarının imzalanması, iri kapital qoyuluşu layihələrinin reallaşdırılması sahəsində mühüm rol oynayır.

Hörmətli Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə hayata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.

XX yüzilliyin 70-80-ci illərində məhz Möhtərəm Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Naxçıvan Muxtar Respublikası da çox böyük quruculuq və yüksəliş yolu keçmiş, öz tarixinin ən yaxşı dövrlərindən birini yaşamışdır və bu gündə yaşamaqdadır.

1970-ci ildə Araz çayı üzərində qonşu İran dövləti ilə birgə tikilmiş su elektrik stansiyası və həmin çayın üzərində quraşdırılmış üzən nasos stansiyası Babək və Şərur rayonları ərazilərində 5 min hektar sahənin suvarılmasına imkan vermiş, 150 milyon kubmetr tutumu olan Arpaçay dəryaçasının, Bənəniyar və Sirab su anbarlarının istifadəyə verilməsi nəticəsində Şərur və Sədərək rayonlarının ərazilərində 20 min hektara yaxın, Culfa və Babək rayonlarında min hektarlarla əkin sahələrinin suvarılmasına şərait yaranmışdı.

Naxçıvan çayı üzərində hazırda tikintisi davam etdirilən Vayxır hidroqovşağı da bu sahədəki ənənənin davamı olacaq və Babək rayonu ərazisində 10 min hektara yaxın sahənin suvarılması vəziyyətini yaxşılaşdıracaqdır.

Bu dövrdə Naxçıvan şəhərində illik gücü 55 mln. ədəd butulka olan şüşə qablar zavodunun tikilib istifadəyə verilməsi muxtar respublikanın əvəzsiz sərvəti olan mineral sulardan daha səmərəli istifadə olunmasına və başqa yerlərə ixrac edilməsinə şərait yaratmışdır. Naxçıvan alt trikotaj fabrikinin tikilib istifadəyə verilməsi ilə minlərlə naxçıvanlı işlə təmin edildi. Naxçıvan tütün fermentasiya, aliminium qablar, elektrotexnika, “Araz” təcrübə zavodları, taxıl məhsulları və ət-süd kombinatları, Ordubad və Şərur konserv zavodları, Şərur radio, Şahbuz avtotəmir, Ordubad “elektron” zavodları məhz bu illərdə tikilib istifadəyə verilmişdir.

Muxtar Respublikada aparılan böyük tikinti proqramı sürətlə həyata keçirilməsi məqsədilə Naxçıvan şəhərində Dəmir-beton Məmülatları zavodo, Evtikmə kombinatı, Üzlük plitələr zavodu, qum çınqıl karxanası, Babək və Şərur tikinti materiallar zavodları, Naxçıvan asfalt zavodu tikilib istifadəyə verilmişdir. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində 20 min nəfərə yaxın əhalinin məskunlaşdığı birinci, ikinci və üçüncü mikrorayonlar, 22 min nəfərə yaxın əhalisi olan yeni Naxçıvan yaşayış sahəsi, təxminən on min nəfər əhali yaşayan 141-ci məhəllədə yeni-yeni yaşayış binaları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində orta hesabla 35 min kv metr mənzil sahəsi istifadəyə verilmişdir ki, bu da əhalinin mənzilə olan tələbatını xeyli yaxşılaşdırmışdır.

Muxtar Respublikada sosial obyektlərin tikintisinə də ciddi diqqət yetirilmiş Naxçıvan şəhərində 400 çarpayılıq respublika xəstəxanası, doğum evi kompleksi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm və onkoloji dispanserləri şəhər poliklinikasının yeni binası, rayon mərkəzlərində və kəndlərdə çoxlu xəstəxana binaları, feldşer-mama məntəqələri tikib istifadəyə verilmişdir.

Xalqın mədəniyyətinə, təhsilinə, sağlamlığına qayğının təzahürü olaraq həmin illər ərzində milli memarlıq üslubunda olan Respublika Mədəniyyət Sarayı, Naxçıvan uşaq gənclər mədəniyyət sarayı, İdman kompleksi, Şahmat məktəbi, rayonlarda neçə-neçə klublar mədəniyyət evləri tikilib muxtar respublika əhalisinin istifadəsinə verilmişdir.

Hər il muxtar respublikada orta hesabla 1200 şagird yeri olan yeni məktəb binaları və uşaq bağçaları tikilib istifadəyə verilmişdir. Naxçıvan avtomobil məktəb kompleksi, sovxoztexnikumu üçün yeni tədris binası da həmin dövrün yadigarlarıdır. Tikintisi o dövrdə başlanılmış Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə hazırda göstərilən diqqət və qayğının nəticəsidir ki, yaxın vaxtlarda istifadəyə veriləcək bu obyekt Naxçıvan şəhərində ən gözəl və əzəmətli binalardan biri olacaqdır.

Muxtar Respublikada kommunal sahə də diqqət və qayğıdan kənarda qalmamış, Naxçıvan şəhərində “Təbriz” mehmanxanası, Şərur, Culfa, Şahbuz, Ordubad rayonlarında yeni mehmanxana binaları tikilib istifadəyə verilmişdir.

Möhtərəm Heydər Əliyev şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan Naxçıvana çəkilən Şuşa-Laçın-Biçənək-Naxçıvan qaz kəməri o dövrün inanılmaz möcüzəsi idi.

Naxçıvan şəhərində əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədi ilə Şərurdan Naxçıvana 58 km uzunluğunda qrup su kəməri çəkilmiş, Naxçıvan çayından çəkilən ikinci qrup su kəməri də tikilib istifadəyə verilmişdir. Muxtar Respublikanın ayrı-ayrı rayon mərkəzlərinə və kəndlərinə də içməli su xətləri çəkilmişdir.

Naxçıvan şəhərində 18 km. uzunluğunda trolleybus xəttinin çəkilməsi və trolleybus parkının tikilməsi əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsini xeyli yaxşılaşdırmışdır.

Həmin illərdə Naxçıvan şəhərinin və rayon mərkəzlərinin görkəmini dəyişən yeni inzibati binaların tikintisi də diqqət mərkəzində olmuşdur. Naxçıvan şəhərində Həmkarlar Təşkilatı Şurasının, Ali Məhkəmənin, Respublika Prokurorluğunun binalrı, siyasi maarif evi tikilmişdir.

Möhtərəm Heydər Əliyevin bu gündə rəhbərliyi, qayğı və diqqəti nəticəsində Muxtar Respublikada 16 yeni məktəb binası və uzunluğu 240 paqonometr olan 29 körpü tikilərək istifadəyə verilmiş, 49 min kv metrə yaxın yaşayış sahəsi tikilmişdir ki, bununda 72 faizini vətəndaşların tikdiyi mənzillər təşkil edir. Hazırda muxtar respublikada 23 mindən artıq şəxsi minik maşını vardır ki, bu da regionumuzda hər 4 ailədən birinin şəxsi maşını olması deməkdir. Hazırda Koreyanın DEU firması tərəfindən muxtar respublikanın telekommunikasiya sistemində aparılan yenidənqurma işlərinin nəticəsində yaxın vaxtlarda 55 mində yuxarı elektron tipli xətt və nömrələr istifadəyə veriləcəkdir ki, bu da çox böyük hadisələrdən biridir.

Azərbaycanda, ona bağlı Naxçıvanda 70-ci illərdəki tərəqqi kənd təsərrüfatında, bir sözlə aqrar sahədə özünün yüksəliş mərhələsini keçirmiş, bu sahənin maddi texniki bazası xeyli qüvvətləndirilmiş, kimyalaşdırma, iri miqyaslı meliorasiya-irriqasiya tədbirləri həyata keçirilmiş, bütün bunlar nəticəsində xeyli məhsul bolluğu yaranmışdır. Bu illərdə Muxtar Respublikada çox böyük sürətlə heyvandarlıq və südçülük kompleksləri, quşçuluq broyler fabrikləri kimi iri miqyaslı obyektlər inşa edilmişdir ki, bunun nəticəsində kəndlərimizin siması əsaslı şəkildə dəyişilmiş, əhalinin maddi rifah halı xeyli yaxşılaşmışdır.

Bu illərdə kənd təsərrüfatı məhsullarının emal edilməsi məqsidilə taxıl və ət süd kombinatları, konserv zavodları ilə yanaşı üzüm emalı zavodları da tikilib istifadəyə verilirdi.

Möhtərəm Heydər Əliyevin qayğı və diqqəti sayəsində bu tarixi mərhələdə Naxçıvanda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin və başqa sosial-mədəni sahələrin inkişafında da mühüm yeniliklər və yaddaqalan hadisələr olmuşdur. Azərbaycan Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzinin, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun, politexnik, kənd təsərrüfatı, musiqi və tibb texnikumlarının, Batabat Astrofizika Rəsədxanasının, Ordubad Təcrübə Konstruktor Bürosunun yaradılması və fəaliyyətə başlaması məhz bu dövrün uğurlarıdır.

Bu illərdə Naxçıvan Muxtar Respublikası Tarix-Diyarşünaslıq Muzeyinin, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin, Hüseyn Cavidin, Cəmşid Naxçıvanskinin Naxçıvandakı, Məmməd Səid Ordubadi və Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeylərinin, rayonlardakı diyarşünaslıq mərkəzlərinin fəaliyyəti bütövlükdə diyarın mədəni inkişafını təmin etmişdir. Müstəqillik dövründə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Heydər Əliyevin böyük qayğısı sayəsində Naxçıvanda görkəmli romantik şair Hüseyn Cavidin əzəmətli məqbərəsi ucaldılmış, Xalça və Şəhidlər muzeyləri, qüdrətli yazıçı Cəlil Məmmədquluzadənin ev muzeyi yaradılmışdır.

70-ci illərdən başlayaraq başqa səhələrdə və bölgələrdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elm, mədəniyyət, təhsil və səhiyyə sayəsində irəliyə doğru çox böyük dəyişikliklər baş vermişdir.

Son 30 illik Azərbaycan tarixinin obyektiv təhlili, xüsusilə Möhtərəm Heydər Əliyevin qayğısı nəticəsində sosial, iqtisadi və mədəni inkişaf proseslərinin araşdırılması bir mühüm məsələnin də açıqlanmasına zərurət yaradır. Belə ki, Möhtərəm Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəridir. Əgər o zaman bu müdrik siyasətçi hakimiyyət sükanının arxasında əyləşsəydi bunca münasibətlərə düçar olardıqmı?

Bu suala Möhtərəm Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana hakimiyyətə ikinci qayıdışının Naxçıvandan başlanan səhifələri daha aydın cavab verir:

XX əsrin 90-cı illərində SSRİ adlı imperiyanın dağılması və bununla bağlı milli aclıqların siyasi iddiaları dalğasında formalaşan şəraitdən və beynəlxalq ictimayyətin SSRİ məkanında baş verən proseslərdən kifayət qədər məlumatlı olmamasından istifadə edərək ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını bu dəfə açıq müharibə yolu ilə reallaşdırmağa başladılar.

Məhz belə bir şəraitdə tale Möhtərəm Heydər Əliyevi Naxçıvana yetirməklə, bu qədim torpağı işğal edilmək bəlasından hifz etdi. Bu görkəmli dövlət xadiminin peyğəmbərcəsinə siyasəti sayəsində Naxçıvan erməni daşnak hiyləsindən xilas oldu, muxtariyyət statusu qorundu.

Naxçıvanda bu istiqamətdə görülən tədbirlər: milli dövlətçilik ənənələrimizin dirçəldilməsi-muxtar respublikanını adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayarağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 19-20 yanvar 1990-cı il faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 dekabr gününün Dünya Azərbaycanlılarının həmrəylik günü elan olunması, ilk demokratik islahatlar, atəşkəs rejimi, xarici dövlətlərlə tarazlaşdırılmış siyasət, nəhayət böyük Vətəndən-Azərbaycandan ayrı düşmüş Naxaçıvanda, amansız hərbi iqtisadi blokada şəraitində, Vətən torpağının düşməndən qorunub saxlanması və Muxtariyyatının hifz olunması-bax, bunlardır böyük şəxsiyyət-Möhtərəm Heydər Əliyevin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün göstərdiyi fəaliyyətinin qısa yekunu!

Bu gün də blokadanın çətinliklərini mərdliklə dəf edən Naxçıvanlılar iftixarla xatırlayırlar ki, o ağır şəraitdə məhz Möhtərəm Heydər Əliyevin rəhbərliyi ilə Araz çayı üzərində on bir aşırımlı “Ümid”körpüsü tikildi, 114 km-lik Türkiyə-Naxçıvan, İran-Naxçıvan yüksək gərginlikli elektrik xəttləri çəkildi. Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyəti olan Sədərək, Culfa, Şahtaxtı keçid məntəqələri fəaliyyətə başladı.

Bütün bunlar Möhtərəm Heydər Əliyevin millət və xalq qarşısında tarixi xidmətlərinin cüzi bir hissəsi olmaqla, müstəqil dövlətçiliyin daha da möhkəmlənməsinə yönəldilmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Təsadüfi deyildir ki, həmin dövrdə də, bu gün də Azərbaycan xalqı öz xilasını Möhtərəm Heydər Əliyevdə görür, varlığını onunla bağlayır.

Xaıqımızın böyük oğlu Möhtərəm Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ümumiazərbaycan evimiz sabitliyini və gələcəyə mökəm inamını tapdı.

Sabitləşmə tədbirləri nəticəsində 1995-ci ilin 12 noyabrında Azərbaycan və Naxçıvan parlamentlərinə ilk demokratik seçkilər keçirildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi və bu tarixi sənəddə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində Muxtar Dövlət statusu verildi.

Bu gün iftixarla fəxr edirik ki, qədim tarixə mailk Naxçıvan özünün yetişdirdiyi böyük mütəfəkkir və şəxsiyyətləri ilə tanınır. Məhz belə şəxsiyyətlərdən biri dünya siyasətçiləri arasında öz dəsti-xətti, yeri, hörməti və sözü olan Azərbaycan xalqının lideri Möhtərəm Heydər Əliyevdir.

Yuxarıda qeyd olunanları əsas tutaraq q ə r a r a   a l ı r a m :

1.Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində Heydər Əliyev muzeyi yaradılsın.

2.Naxşıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 16 fevral 1999-cu il

№ 21-01/c