Kompleks quruculuq işləri iqtisadi gücün göstəricisidir

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Naxçıvanın Şərqə açılan qapısı olan Culfada məskunlaşmanı daha da artırmış, insanların rifahı yaxşılaşmışdır.

 

Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi və 5 dövlət qurumu

müasir binada fəaliyyət göstərəcək

Noyabrın 11-də Culfa şəhərində yeni inzibati bina istifadəyə verilmiş, Gigiyena və Epidemiologiya Şöbəsi və digər dövlət qurum­ları üçün hərtərəfli iş şəraiti yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində bələdiyyə, Dövlət Notariat Kontoru və Culfa Rayon Qeydiyyat Şöbəsi üçün iş otaqları ayrılmışdır. Binanın ikinci mərtəbəsində Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin hər birinə 4 iş otağı və arxiv, binanın birinci və ikinci mərtəbələrində isə Culfa Rayon Statistika İdarəsi üçün iş otaqları nəzərdə tutulmuşdur.

Yenidən qurulmuş binada Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılmış, 20 otaq ayrılmışdır. Burada bakterioloji və parazitoloji laboratoriyalar fəaliyyət göstərir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, radiasiya ölçmək üçün dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, quruducu şkaf, soyuducu və digər köməkçi tibbi ləvazimatlarla təmin edilmişdir. Bu ilin ötən dövründə şöbə tərəfindən rayon üzrə 3048 obyektdə 872 min kvadratmetr sahə dezinfeksiya, 242 obyektdə 67 min kvadratmetr sahə dezinseksiya olunmuş, bakterioloji laboratoriyada 2202 bakterioloji, parazitoloji laboratoriyada isə 1666 parazitoloji müayinələr aparılmışdır.

Bildirilmişdir ki, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün  8 nəfərlik işçi heyətinin, eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil verilmişdir.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva minnətdarlıq edərək demişdir: “Muxtar respublikada sanitar-epidemioloji xidmətin yenidən qurulması islahatları başa çatdırılmışdır. Son bir il ərzində Gigiyena və Epidemiologiya Mərkəzi, onun Ordubad, Şərur, Şahbuz və Culfa Rayon Gigiyena və Epidemiologiya şöbələri yenidən qurularaq müasir tibbi və texniki avadanlıqlarla təchiz edilmişdir. Yaradılan şərait imkan verir ki, həmin şöbələr istənilən fəsildə yüksək səviyyədə fəaliyyət göstərsin”.

Həkim Hüseyn Əzimov kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da yaradılan şəraitə uyğun fəaliyyətlərini quracaqlarını bildirmişdir.

Binanın ətrafında abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Ali Məclisin Sədri gigiyena və epidemiologiya tədbirlərinin əhəmiyyətini vurğulamış, əhalinin maarifləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, Gigiyena və Epidemiologiya şöbələrinin baytarlıq xidməti ilə qarşılıqlı fəaliyyətinin təşkili barədə tapşırıqlar vermişdir.

 

Culfa şəhərində yenidənqurma işləri aparılıb

 

 

 

 

 

 

 

 

 

 

Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınmış, yol üzərində 800 metr beton su kanalı çəkilmiş, 3170 metr səki salınmışdır. Yenidənqurma işləri zamanı 22 işıqlandırma dirəyi quraşdırılmış, 4230 metr hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə, 1000 metr məftil elektrik xətləri izolyasiyalı kabellərlə əvəz edilmiş, 922 metr qaz və 2590 metr rabitə xətti çəkilmişdir.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq etmişdir.

 

Culfa şəhərində yaşayış binası istifadəyə verilib

 

 

 

 

 

 

 

 

 

 

Noyabrın 11-də Culfa şəhərində yaşayış binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, 3 mərtəbəli binada 18 mənzil vardır. Mənzillərdən 12-si üç, 6-sı isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 62 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal şərait yaradılmışdır.

Binanın ətrafında abadlıq işləri aparılmış, işıqlandırma dirəkləri quraşdırılmış, yaşıllıqlar salınmış, uşaq əyləncə yeri yaradılmışdır.

Ali Məclisin Sədri yaradılanların qorunması barədə tapşırıq vermişdir.

* * *

Həmin gün Ali Məclisin Sədri Culfa Rayon İcra Hakimiyyəti binasının yenidən qurulması və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün tikiləcək yeni binanın layihələrinə baxmış, müvafiq tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti