ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan şəhərində “Dədə Qorqud

meydanı”nın salınması haqqında

Azərbaycan Respubliasının Prezidenti Möhtərəm Heydər Əliyev yazılı dastan abidəmiz olan “Kitabi – Dədə Qorqud”un 1300 illik yubileyini keçirmək haqqında 20 aprel 1997-ci ildə fərman vermiş və 21 fevral 1999-cu il tarixində isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə yaradılmış Dövlət Komissiyasının iclasını keçirmiş və tədbirlər planını təsdiq etmişdir. Tədbirlər planına əsasən Bakı, Gəncə, Naxçıvan, Əlibayramlı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında “Dədə Qorqud meydanı”nın salınması və onun tematik baxımdan işlənməsi nəzərdə tutulmuşdur.

Bu tarixi sənədlər oğuz ən qədim həyatı və mədəniyyətinin mükəmməl ədəbi salnaməsi sayılan “Dədə Qorqud” yenidən və daha dərindən araşdırılıb öyrənilməsinə, dünya miqyasında elmi şəkildə layiqincə tədqiq edilməsinə geniş meydan açmışdır.

Azərbaycanın tarixində dərin iz qoyacaq bu hadisə Möhtərəm Prezidentimizin milli mədəniyyətimizin inkişafına qayğısının daha bir nümunəsidir.

Tarix və araşdırmalar sübut edir ki, Naxçıvan “Dədə Qorqud” qəhrəmanlarının əsas yaşayış məskənlərindəndir. Qədim Oğuz ellərinin mərkəzi hissəsində yerləşən Naxçıvan diyarında “Kitabi-Dədə Qorqud”la əlaqədar olan 50-dən artıq toponim mövcuddur. “Kitabi-Dədə Qorqud”la bu toponimlər Naxçıvan Muxtar Respublikasının əsasən üç zonasında:

Arazboyu düzənlik və alçaq dağlıq sahədə - Sədərək, Qaraçoban, Şərur, Böyükdüz düzləri, Qaraçuq kəndi, Dərəşam qədim yaşayış məntəqəsi, Dərəşam suyu, Qara dərədə;

Orta dağlıq sahədə- Əlincə qalası, Ağa qaya, Qazançı kəndi, Qazançı qalası, Qaraquç Dərbəndi, Məkkəz Dərbəndi, Sirab Dərbəndi, Günortac (Günorta daşı) Qaradaşda;

Yüksək dağlıq sahədə- Ağ qaya, Salxan qayası, Qaraquç (Qaraquş) dağı, Qazan yaylağı, Altuntaxt, Buğaçeşmə, Köksü gözəl, Göy dağ (Göycə dağ), Göy Göl, Qazan göl aşırımı, Qazangöl dağı, Qazanköç yaylağı, Qazan yurdu və bununla bilavasitə əlaqədar olan Nəbi yurdu, Gəmi qaya və s. yerləşir.

Tarixi materiallar, coğrafi adlar, xalq arasında yaşayan əfsanələr sübut edir ki, qədim Naxçıvan diyarı Azərbaycan torpağıdır, “Kitabi Dədə Qorqud” qəhrəmanlarının yurdudur, vətənidir.

Yuxarıda qeyd olunanları əsas tutaraq q ə r a r a   a l ı r a m:

1.Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində Təbriz küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi sahədəki meydan “Dədə Qorqud” meydanı adlandırılsın.

2.“Dədə Qorqud” meydanının milli arxitekturaya uyğun tematik planı hazırlansın.

3.Meydanda “Dədə Qorqud” abidə qoyulsun.

4.Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 09 mart 1999-cu il

№ 28 -01/c