Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümü qeyd olunub

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Ali Məclisin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümüdür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur”. Naxçıvanın muxtariyyətinin 2 mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olmuşdur. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlandığı dövrdür. Naxçıvan 1990-1993-cü illərdə ümummilli liderimizin də dediyi kimi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Doğrudan da, əgər 1920-1924-cü illərdə böyük mübarizənin nəticəsində muxtariyyət statusu qazanılmışdısa, 1990-1993-cü illərdə isə Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Ölkə Prezidentinin də dediyi kimi, “Heydər Əliyev öz vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Ali Məclisin Sədri muxtariyyətin yaranmasında və qorunmasında xidməti olanlara ehtiramını bildirmiş, şəhidlərin əziz xatirəsini yad etmiş, muxtar respublikanın qorunmasında, sabitliyin möhkəmlənməsində və inkişafında əməyi olanlara təşəkkürünü bildirmişdir.

Sonra muzeyə baxış olmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır. Muzey muxtariyyət tarixinin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malikdir. Muzeyin fondunda 167 eksponat mövcuddur ki, bunlardan 144-ü ekspozisiya zalında nümayiş etdirilir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul dövriyyəsində işlədilmiş qədim sikkə nümunələri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.

Ali Məclisin Sədri Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətini vurğulamış, ümummilli liderimizin “Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq” fikirlərini diqqətə çatdırmış, muzeyin yeni eksponatlar, xəritələr, muxtar respublikanın tarixi ilə bağlı nəşr olunan kitablarla zənginləşdirilməsi, muxtariyyətlə bağlı araşdırmaların davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti