Naxçıvanda soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib

1918-ci ilin martında təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı və deportasiya həyata keçirilmiş, Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda və digər bölgələrdə minlərlə insan qətlə yetirilmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə hüquqi-siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik”. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı mübarizliyini və yenilməzliyini bir daha nümayiş etdirdi, tarixi ədalət bərpa olundu, Zəfər qazanıldı.

Torpağa məhəbbət və bağlılıq isə onu qorumaqla yanaşı, həm də əkmək, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.

Aprelin 2-də Naxçıvan Muxtar Respublikasında 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilmiş, meyvə bağları və yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin kollektivləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı 3 hektar ərazidə keçirilən ağacəkmədə iştirak etmişlər. Burada 2 hektar sahədə meyvə bağı salınmış, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak etmiş, meyvə tingləri əkmişdir.

Bildirilmişdir ki, cari ilin yazında muxtar respublikada 170 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaq, yeni meyvə bağları salınacaq, toxumla əkin aparılacaqdır.

Həmin gün muxtar respublikada soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmədə 20 minə yaxın sakin iştirak etmiş, 13 mindən artıq meyvə və meşə tingləri əkilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti